14-06-2009 [06:00]
[b]"Əgər rüşvətxorluq və korrupsiyaya qarşı sərt addımlar atılmasa, bu iyrənc metod hakimiyyətin idarəetmə mexanizmindən çıxarılmasa, xalq üsyana qalxacaq və hakimiyyətin yıxılması reallaşacaq" [/b]
Son dövrlər ölkə baş verən cinayət hadisələrinin sayı artmaqdadır. İctimaiyyət arasında böyük səs-küyə səbəb olan kriminal hadisələrin açılmaması, daha doğrusu, ört-basdır edilməsi adi hala çevrilib. Məsələn, Hərbi Hava Qüvvələrinin komandanı general Rail Rzayevin qətlə yetirilməsindən 4 ay keçməsinə baxmayaraq, bu cinayət hadisəsinin üstü açılmayıb. Hətta hadisə və istintaqın gedişi barədə də hüquq-mühafizə orqanları ictimaiyyətə lazımi malumatı vermirlər. Bu və ya digər məsələlərlə bağlı fikirlərini bizimlə bölüşən tanınmış hüquqşünas Qurban Məmmədov isə ölkədə vəziyyətin kritik həddə olduğunu deyir:
- Təcrübə göstərir ki, istənilən ölkədə iqtisadi krizis olanda cinayətkarlıq artır. Yəni insanlar maddi ehtiyaclarını ödəmək üçün cinayətə əməlinə əl atırlar. Bizdə isə bu, tək iqtisadi krizislə bağlı deyil, eyni zamanda hakimiyyətdə olan boşluq, qanunlara hörmətsizliklə əlaqədardır. Son vaxtlar Azərbaycan çox qorxulu istiqamətə gedir. Hakimiyyət orqanları demək olar ki, hüquq müstəvisindən çıxıb. Bu gün Azərbaycanda paket sistemi var, yəni dövlətin rəsmi əmək haqqından əlavə bəzi seçilmiş vəzifəli şəxslərə paketdə əlavə pul verilir. Bizdə həm də rəsmi qaydada monopoliya var və bunu bütün dünya da bilir. Azərbaycan xalqı isə buna qarşı mübarizə aparmaqda acizdir. Ölkədəki korrupsiya hakimiyyətin bütün orqanlarında baş alıb gedir. Faktiki olaraq, korrupsiyaya qarşı heç bir mübarizə aparılmır. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda baş verən cinayət hadisələri, üstü açılmayan cinayətlər, ümumiyyətlə, cinayətkarlığın inkişafı qeyd etdiyim amillərlə bağlıdır.
[b]- Qurban bəy, neçə ildir ki, bu fikirləri səsləndirirsiniz, sadaladıqlarınız nə vaxta qədər davam edə bilər? [/b]
- Düşünürəm ki, bu tendensiya getdikcə dərinləşəcək. Mən fürsətdən istifadə edib, qəzetiniz vasitəsi ilə müraciət edirəm ki, Azərbaycandakı hüquq-mühafizə, xüsusiylə də məhkəmə sistemindəki indiki vəziyyət prezidentin özünün başçılığı altında müzakirəyə çıxarılsın. Bura hakimlər, məhkəmə sədrləri, prokurorlar, vəkillər də dəvət olunmalıdır. Məhəmələrdə olan vəziyyət açıq şəkildə müzakirə predmetinə çevrilməlidir. Hesab edirəm ki, hakimlərin, prokurorların fəaliyyəti adba-ad müzakirə olunmalı və qərar verilməlidir. Əks təqdirdə bir azdan Azərbaycanda geridönüşü olmayan proseslər başlayacaq.
[b]- Nəyi nəzərdə tutursunuz? [/b]
- Əgər rüşvətxorluq və korrupsiyaya qarşı sərt addımlar atılmasa, bu iyrənc metod hakimiyyətin idarəetmə mexanizmindən çıxarılmasa, xalq üsyana qalxacaq və hakimiyyətin yıxılması reallaşacaq. Ona görə də hakimiyyət rəhbərliyi bu barədə ciddi düşünməlidir.
[b]- Son dövrlərin ən səs-küylü cinayət hadisələrindən biri də general Rail Rzayevin qətlə yetirilməsidir. Artıq bu qətlin üstündən 4 ay keçir. Amma hələ də bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları hansısa ciddi bir iş ortaya çıxarmayıblar... [/b]
- Allah rəhmət eləsin, Rail Rzayevə. Amma əslinə qalsa, mən, Azərbaycanda generalların varlığına inanmıram. Məncə, "general" sözü bir qədər hörmətli sözdür. Vaxtiylə kimsə demişdi ki, torpaqlarımızın işğalı artıqca generallarımızın sayı da çoxalır. Ümumiyyətlə, Azərbaycanda bəzən general rütbəsi yaltaqlığı, yarınmağı mükafatlandırmaq və bu kimi metodlar üçün istifadə olunur. Ona görə də hesab etmirəm ki, bu hadisə generalın öldürülməsi kimi qiymətləndirilməlidir.
[b]- Fakt odur ki, bu adam Hərbi Hava Qüvvələrinin komandanı idi...[/b]
- Bu qətl yuxarı eşelonda, ya hərbi hissədə, prokurorluqda baş vermiş məişət problemlərinin, alverin də nəticəsi ola bilər. Hər halda dövlətin özünün tanıdığı generalın öldürülməsi və həmin cinayətin üstünün açılmaması onu göstərir ki, hakimiyyətdəkilər ona general kimi də baxmırlar. Görünən odur ki, dövlət səviyyəsində bu qətlə loyal münasibət var. Əks təqdirdə bu cinayətin üstü çoxdan açılardı.
[b]- Belə çıxır ki, Rail Rzayevin qətlinin açılmamasında hüquq-mühafizə orqanlarının marağı var? [/b]
- Azərbaycanda Daxili İşlər Nazirliyinin açmağı bacarmadığı cinayət işi yoxdur. Sadəcə, görünən odur ki, burada kiminsə marağı, yaxud kiminsə tapşırığı var ki, iş ört-basdır edilməlidir.
Ziya Bünyadov, Elmar Hüseynov və bu kimi qətllərin üstü hələ də açılmayıb. Bunların hamısı rejimin mahiyyəti ilə bağlı olan məsələlərdir. Təəssüf ki, mən bir vətəndaş kimi İlham Əliyevdən umduğumu görə bilmirəm. Amma hesab edirəm ki, prezident daxili siyasətə də bir qədər önəm verməlidir, bəzi məsələlər açıq şəkildə müzakirəyə çıxarılmalıdır. Bunun üçün kadr islahatları aparılmalı, dixili işlər naziri, baş prokuror, xüsusən də məhkəmə sisteminin rəhbərliyi dəyişməlidir. Yəni ortaya siyasi iradə qoyulmalıdır. Çünki rüşvət və korrupsiya Azərbaycan dövlətini batırmaqdadır. Bu da çox təhlükəli tendensiyadır.
[b]- Deyirsiniz ki, daxili işlər nazirini, baş prokuroru dəyişmək lazımdır, amma Milli Məclisdə baş prokurorun səlahiyyət müddətindəki məhdudiyyəti götürmək istəyirlər... [/b]
- Bu, baramaqurdu hadisəsidir. Tarix sübut edib ki, bütün qapalı sistemlər məhvə məhkumdur. Bütün diktaturalar, avtoritar rejimlər həmişə bu yolla gediblər, nəticədə məhv olublar. İndi bütün sahələrdə həmin tendensiya gedir.
Vəkillər Kollegiyasının rəhbərliyində Azər Tağıyev adlı biri əyləşib, neçə ildir qanunsuz işləyir. Bir adam da ona demir ki, iclas keçir, qanunlara riayət elə. Artıq Azərbaycanda qanunlar işləmir. Mən bir vətəndaş kimi çox narahatam. Sabirabada bir məhəkəmə sədri təyin ediblər. Bu adamın qanundan xəbəri yoxdur, iclas aparır, elə bil kolxoz sədridir, kolxoz iclası keçirir. Prosessul Məcəllə, hüquq, qanun - belə şeylər yoxdur. Acınacaqlısı odur ki, Azərbaycanda hakimlərin 60 faizi bu vəziyyətdədir. Bunların nəinki hakim, heç hüquqşünas işləməyə mənəvi haqları yoxdur. Amma oturub hakimlik edirlər, çünki yuxarıdan gələn istənilən tapşırığı yerinə yetirməyə hazırdırlar.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim var - Şəkər Məmmədova - protokolları saxtalaşdırıb, insanların verdiyi ifadələri protokola tamam tərsinə yazdırıb.
Prokuror var ki, öz şəxsi prinsipinə görə kimisə tutdurub 11 il iş verdirib.
Bu yaxınlarda Ali Məhkəmədə 2 il 7 ay həbsdə yatan adama bəraət veriblər. Bu bəraətdən sonra o işi aparan müstəntiq, hakim dərhal inşdən çıxarılmalıdır, bəlkə də cinayətə məsuliyyətinə cəlb edilməlidir. Bu cür addımlar atılmalıdır ki, hamıya dərs olsun.
[b]- Ancaq belə hallara etiraz edənlər də azdır... [/b]
- Çünki cəmiyyəti kölə halına salıblar. İnsanlarımızda bir inamsızlıq var. İstənilən cəmiyyəti məhv eləmək üçün onu öz gücünə olan inamını sarsıt, o toplum məhv olub aradan çıxacaq. Azərbaycan xalqı da ona görə bu vəziyyətdədir. Bu xalq qəti şəkildə əmindir ki, onun mövqeyinə, seçiminə qiymət verən yoxdur. Hesab edirəm ki, hər kəs - mətbuat, siyasətçilər, vətəndaşlar, vaxtında həyacan təbilini çalmalıdır ki, bu məsələrə son qoyulsun.
[b]- Amma bir vaxtlar Siz hakimlərin vəzifədə ömürlük olmasını təklif edirdiniz... [/b]
- Hakimlərin ömürlük təyin olunmasında mənim başqa təkliflərim, şərtlərim var idi. Mən demirəm ki, bir adam hakim təyin olunsun, ömür boyu qanunsuz hökm çıxarsın, sifariş yerinə yetirsin, rüşvət alsın, insanların qanını içsin. Hesab edirəm ki, hakimləri ömürlük təyin edəndə öncə onun bütün maddi təminatının dövlət tərəfindən ödənilməsi ilə bağlı qərar verilməlidir. Yəni hakim təyin olunan adam bilməlidir ki, istədiyi vaxt gedib ev, maşın ala bilər, bunun üçün rüşvət almağa ehtiyac yoxdur. Çünki bu adamlar rüşvəti villada yaşamaq, xarici maşınlarda gəzmək üçün alırlar. Bir adam yalnız bir qarın yeyə bilər. Odur ki, mən təklif edərəm ki, hakimlər ömürlük olsun və maddiyyatla bağlı bütün problemləri dövlət tərəfindən həll edilsin. Onsuz da onların aldıqları rüşvət dövlətə və cəmiyyətə daha çox ziyan vurur. Ancaq eyni zamanda həmin hakimlər xərclədikləri pullarla bağlı hər il hesabat verməlidirlər. Özü də bu hesabatlara bir ictimai nəzarət də olmalıdır. Üstəlik, qanunsuz əməllərə yol verdikdə, hakim işdən çıxarıla bilər. Məncə, dediyim şərtlər çərçivəsində məhkəmə sistemini normallaşdırmaq mümkündür. Yoxsa Azərbaycanda məhkəmə olmayacaq. Azərbaycanda Konstitusiya Məhkəməsi var ki, işləmir? Hakimlərin çoxu bizneslə məşğuldur. Ali Məhkəmə arabanın yedək təkəri rolunu oynayır. Ramiz Rzayev adında adam oturub Ali Məhkəmənin başında, özlərinə sərf edən işlərə baxırlar, sərf eləməyənləri qəbul eləmirlər. Artıq dövlət orqanları ayrı-ayrı adamların əlində şəxsi niyyətlərini həyata keçirmək üçün bir alətə çevrilib.
[b]- Qurban bəy, bu günlərdə "Barmek-Azərbaycan" şirkətinin prezidenti Hüseyn Arabul həbs olundu. Bu barədə nə deyə bilərsiniz? [/b]
- Mən, ümumiyyətlə, Azərbaycanda istənilən həbsin, istənilən istintaqın qanuniliyinə şübhə edirəm, o cümlədən də Hüseyn Arabulun həbsinə. Hüseyn Arabul Heydər Əliyevin sevimli kadrlarından biri idi. Əgər bu adam tutulmalıydısa, bu həbs vaxtında reallaşmalıydı. Ən azından bu adama dövlət əmlakını mənimsəməyə imkan verilməməliydi. Görünür, o, kimlərinsə "dolya"sını çatidırmayıb, ona görə də onu tuturlar. Çünki Azərbaycanda dövlət əmlakını oğurlamaq cinayət deyil. Bizdə rüşvət almaq, korrupsiya ilə məşğul olmaq nəinki praktiki, faktiki olaraq, cinayət sayılmır. Bu gün rüşvətxorlar cəmiyyətin ən hörmətli kişiləridir, qadınlarıdır. Bu adamların altında xarici maşınları, vilları var. İndi Xəzər dənizini hasarlayıblar, xalqı dənizindən də təcrid ediblər. Dünyanın heç bir yerində belə vəhşilik ola bilməz.
[b]Zaur ƏHMƏD [/b]