Cümzüd Nuriyev: "ismət Abbasovun nazir olması Azərbaycan xalqının azağılanmasıdır"

img

25-06-2009 [06:15]


[b]"Qərbə inteqrasiya edən bir ölkənin nazirinin hətta geri qalmış Türkmənistan səviyyəsindən də aşağı dərəcədə savadsız olması biabırçılıqdır" [/b] ABŞ Dövlət Departamentinin bu günlərdə yaydığı Azərbaycandakı insan haqları ilə bağlı vəziyyəti özündə əks etdirən hesabatı səs-küyə səbəb oldu. Qeyd edək ki, sözügedən hesabatda Daxili İşlər Nazirliyi ilə bağlı sərt ittihamlar yer almışdı. Hesabatda vurğulanır ki, Azərbaycanda insan alveri, qadın ticarəti, fahişəliyə cəlbetmə kimi hallar polisin nəzarəti, yaxud birbaşa iştirakı ilə həyata keçirilir. Bu və ya digər məsələlərlə bağlı fikirlərini bizimlə bölüşən keçmiş deputat Cümşüd Nuriyev isə Dövlət Departamentinin ittihamlarını qəbul etmir: - Görəsən, ABŞ Dövlət Departamentinə bu səlahiyyəti kim verib və bu qurum nə vaxtdan dünyanın jandarmı rolundan çıxış etməyə başlayıb? İkincisi, bu məsələ Azərbaycanın daxili işidir. Azərbaycan vətəndaşları Daxili İşlər Nazirliyinin fəaliyyətindən narazı qala bilər. Qeyd olunan məsələlər ayrı-ayrı şəxslərin timsalında mümkün olan bir şeydir. ABŞ-ın Azərbaycanın daxili işinə qarışması isə xoşgələn hal deyil. Əgər ABŞ insan haqlarından danışırsa, nədən Azərbaycandakı bir milyon qaçqının, köçkünün hüququnu tanımır, bu vəziyyətin yaranmasına səbəb olan Ermənistanı himayə edir? Nədən hər gün İslam dünyasında yüzlərlə insanın ölümünə səbəb olan aksiyalarda iştirakçıdır? İraq həbsxanalarında baş verən ağlasığmaz hərəkətlərin başında duran bir dövlətin başqa dövləti nədəsə ittiham etməsi üçün üz lazımdır. Onu da bunlar bacarırlar. [b]- Amma dedikləriniz Daxili İşlər Nazirliyinin hesabatda qeyd olunan hərəkətlərə yol verməsinə bəraət qazandırmır... [/b] - Azərbaycanın Daxili İşlər Nazirliyinin insan alveri ilə məşğul olması ağlasığan deyil. Yəni dünyanın hər yerində cinayətkar da, cani də var. Guya ABŞ-da belə şeylər yoxdur. Ola bilər ki, Azərbaycanda hansısa polis işçisi bu yolda olsun, amma bundan ötrü bütöv bir nazirliyi belə ittiham etmək düzgün deyil. ABŞ-ın belə bir ittihamı irəli sürməyə ixtiyarı yoxdur. [b]- Bu fikirləri təkcə ABŞ deyil, Azərbaycandakı bəzi QHT-lər də səsləndirirlər...[/b] - Dünyanın bütün ölklərərinin hüquq-mühafizə orqanlarında problemlər var. İkincisi, dünyada cinayətin açılmadığı ən böyük ölkələrdən birincisi elə ABŞ-dır. Amerika, İtaliya, Fransa, İspaniya- bunlarda ən ağır ciynayət işləri uzun müddət açılmır. Bu ölkələrdə mafiya fəaliyyət göstərir. Azərbaycanda DİN əsasən o ölümləri aça bilmir ki, onların sifarişi xaricdən gəlir. Yəni onlar gəlib cinayəti törədib gedirlər. Çünki Azərbaycan dövlətinin sərhədləri şəffafdır. Ona görə ölkə ərazisində baş verən cinayət hadisələrinin açılma faizinin müəyyən mənada aşağı olması bununla bağlıdır. [b]- Belə olan təqdirdə Dövlət Sərhəd Xidməti hara baxır?[/b] - Bu məsələdə Sərhəd Xidmətini suçlamaq mümkün deyil. Çünki bizdə çəkilmiş sərhəd sistemi yoxdur. Ancaq ayrı-ayrı sərhəd məntəqələri var, onlar hələlik dövlət sərhəddində iri cinayət işlərinin, terrorizmin qarşısını almağa çalışırlar. Azərbaycanda ayrı-ayrı QHT rəhbərlərinin belə ittihamlar səsləndirməsinə gəlincə, bunun bir neçə səbəbi var. Bilirsiniz ki, ABŞ Azərbaycanı öz nüfuz dairəsində saxlamaq istəyir və Azərbaycan dövləti də buna imkan vermir. Ona görə də ABŞ-la bağlı olan QHT rəhbərləri insan haqlarından danışmağa başlayırlar. Danışan QHT rəhbərlərinin milliliyinə şübhə ilə yanaşıram. Onların əksəriyyəti etniklər və qarışıq nikahdan olanlardır. Onlar üçün bu millətin adının hansı şəkildə hallanmasının elə bir əhəmiyyəti yoxdur. Təbii ki, bizdə çatışmazlıqlar var. Amma bütöv bir dövləti, xalqı və dövlətin mühüm qurumu olan nazirliyi bu şəkildə ittiham etmək ən azın millətə hörmətsizlikdir. Bunlar bizi Afrika ilə dəyişik salmağa çalışırlar. [b]- Cümşüd bəy, maraqlı bir nüans ondan ibarətdir ki, bu hesabatda yalnız DİN ittiham olunur. MTN, prokurorluq barədə nəsə qeyd olunmur... [/b] - Milli Təhlükəsizlik Nazirliyi ölkənin daxili təhlükəsizliyi ilə məşğul olmadığına görə onların bu məsələlərdə adının hallanması ən azı mümkünsüzdür. Çünki onda ortaya faktlar qoymalıdır. Yaxud bu məsələlərdə prokurorluğu ittiham etmək olmaz. Əlbəttə, heç kim bizim prokurorluq orqanlarında çatışmazlıqların olduğunu dana bilməz. Amma DİN-nin seçilməsi təsadüfi deyil. Çünki onların Azərbaycanda keçirmək istədiyi rəngli inqilaba mane ola bilən yeganə qurum DİN-dir. Bu qurum digər qurumlardan fərqli olaraq, hələ sovet dönəmindən bəri formalaşdığına görə, artıq onun oturuşmuş sistemi var. Bu sistemi hələlik xarici kəşfiyyat, o cümlədən ABŞ nə tam mənimsəyə, nə də dağıda bilib. Onun dağıda bilmədiyinə görə, bu yolla ləkələməyə çalışırlar. Hesab edirlər ki, bu qurumu gözdən salmaqla Azərbaycan xalqı ilə onun arasında uçurum yaradıb, sonra istədiklərini həyata keçirəcəklər. [b]- Deyəsən, DİN-nin fəaliyyəti Sizi razı saldığı üçün onu bu şəkildə müdafiə edirsiniz? [/b] - Məni DİN-nin fəaliyyətinin razı salmasından çox, ABŞ Dövlət Departamentinin Azərbaycan dövlətinin hansısa bir orqanı haqqında aşağılayıcı şəkildə bəyanatı əsəbləşdirir. Çünki bu dövlət bizi geriqalmış, səviyyəsiz bir xalq hesab edir. Bu bəyanatın arxasında əsas məqsəd odur ki, elə rəy yaratsınlar ki, guya bizim düşüncə tərzimiz yoxdur. DİN-i ən çox tənqid edənlərdən biri də mənəm. Biz özümüz-özümüzü tənqid eləmək səviyyəsindəyik. Amma bizi ələ almaq xatirinə tənqid elədiklərinə, daha doğrusu, təhqir elədiklərinə görə, mən bunların fikirlərini qəbul eləmirəm. [b]- Siz Hacı Məmmədov olayından sonra Ramil Usubovun istefa verməli olduğunu deyirdiniz. Deyəsən, fikrinizdən daşınmısınız? [/b] - Düzü, o vaxt dediyim fikir, o zaman üçün daha aktual idi. Həmin hadisələrdən kifayət qədər vaxt keçdiyinə görə, artıq o fikrin üstündə durmuram. Yəni biz irəliyə doğru gedirik. İnanın, əgər ABŞ Dövlət Departamenti belə bir aşağılayıcı bəyanat verməsəydi, fikrimin üstündə qalardım. Bu, Azərbaycanın daxili işidir, Ramil Usubov haqqında bir vətəndaş kimi mən fikir söyləyə bilərəm. Amma mənim dövlətimə, xalqıma, nazirimə hücum edildiyinə görə, mən onların qarşısındayam, nazirimizin yanındayam. [b]- Son dövrlər ordu ilə bağlı da narazılıq artıb. Hərbi hissələrdə "dedovşina" olayları, əsgərin digər əsgəri güllələməsi, kütləvi zəhərlənmə hadisəsi ordudakı vəziyyətin acınacaqlı olduğunu göstərir. Ordudakı vəziyyətlə bağlı nə düşünürsünüz? [/b] - Azərbaycan Ordusu haqqında neqativ fikirlər söyləyənlərin hamısı tez-tez Tiflisdə ermənilərlə görüşənlərdir. Həmin QHT rəhbərlərini araşdırın və görün onlar kiməlirdir. Bunlar Azərbaycanı aşağılamağa çalışan insanlardır. Dünyanın hər yerində orduda problemlər var. Azərbaycan da bundan xali deyil. Amma Azərbaycan Ordusunun problemlərini özümüz müzakirə etməliyik. Hər yerdə 2 faizdən 5 faizə qədər orduda bu və ya digər formada itkilər normal qəbul olunur. Mən o əsgərləri şəhid hesab edirəm ki, onlar ermənilərlə təmas xəttində vurulub. Bəli, Azərbaycan Müdafiə Nazirliyinin bu məsələyə yanaşma tərzindən xoşum gəlmir. Çünki ordunu ən çox qorumalı olan Müdafi Nazirliyinin özüdür. Onlar bunu eləmirlər. Yəni öz işlərini görmədiklərinə görə onların bu fəaliyyətindən narazıyam. Başqa bir tərəflə razı deyiləm ki, bizi kimsə kənardan qiymətləndirsin. Ən pis hallardan biri də odur ki, orduda ölən olanda bizim müxalifət qəzetləri sevinə-sevinə manşetə çıxarır ki, filan yerdə daha bir əsgər öldü. Bəs, onlar bilmirlər ki, o əsgərin valideynləri var? Bu iqtidarı və müdafiə nazirini sevmədiklərinə görə belə münasibət sərgiləmək düzgün deyil. Mənim də müdafiə nazirindən xoşum gəlmir. Amma müdafiə naziri Azərbaycan Ordusu demək deyil. [b]- Bildiyiniz kimi, bir müddət əvvəl hərbi təyyərəmiz qəzaya uğradı, amma hələ də qəzanın səbəbləri barədə ictimaiyyətə məlumat verilməyib. Mətbuatın yazdığına görə isə həmin təyyarənin qara qutusu oxunub və qəzanın səbəbləri məlum olsa da, ordu rəhbərliyini bunu ictimaiyyətdən gizlədir... [/b] - Nəyə görə bu məsələlər barədə ayrı-ayrı adamlara məlumat verilməlidir? Həmin təyyarədə həlak olan hərbçinin ailəsi bunu tələb edə bilər. Hər bir ölüm işi üçün cinayət işi açılır. Burada kimlərinsə maraqları ilə yanaşı, dövlətin də maraqları olur. Baş verənlərlə bağlı məlumatı hər yerə yaymaq dövlətin özünə də xeyir gətirmir. Yəni bu, dövlətin daxili işidir. [b]- Əvvəlki çıxışlarınızda kənd təsərrüfatı sahəsindəki problemlərdən də danışırdınız. Sizcə, bu problemlərin həllində irəliləyiş varmı? [/b] - Bu günlərdə bizim kənd təsərrüfatı naziri İsmət Abbasov elə danışdı, elə bildim ki, mən Azərbaycanda yaşamıram. O danışandan sonra Azərbaycanın bütün rayonları elə bil qəzəbə düçar oldu, yağış, sel, külək bir-birinin ardınca gəldi. İkincisi, İsmət Abbasov kənd təsərrüfatından o qədər uzaq adamdır ki, ölkənin ərzaq təminatının 47 faiz olduğu bir şəraitdə çıxıb elan edir ki, gələn il biz taxıl satacağıq. Yəni bu il üçün taxıl idxal etməyə ehtiyac yoxdur. Bir nazir ki, ərzaq taxılı ilə ümumilikdə dənli bitkiləri bir-birindən ayıra bilmirsə, onun nazir kürsüsündə qalmasına haqqı yoxdur. Başa düşmürəm ki, İsmət Abbasovun nəyi matahdır. Ümumiyyətlə, Qərbə inteqrasiya edən bir ölkənin nazirinin hətta geri qalmış Türkmənistan səviyyəsindən də aşağı dərəcədə savadsız olması biabırçılıqdır. Bax, bu ABŞ Dövlət Departamentinin bizə verdiyi qiymət kimi bir şeydir. Yəni İsmət Abbasovun nazir olması Azərbaycan xalqının aşağılanmasıdır. Əgər ABŞ Dövlət Departamenti İsmət Abbasovu tənqid etsəydi, deyərdim ki, düz edirlər. [b]Zaur ƏHMƏD[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA