21-06-2009 [05:38]
[b]"50 il də bu hakimiyyət qalsa, bu müxalifət də müxalifətdə olsa, Qarabağ problemi həll olunmayacaq"[/b]
Bu ilin mart ayında keçirilən referendumla Konstitusiyada bir sıra dəyişikliklər ediləndən sonra hakimiyyət digər qanunlara "əl gəzdirməyə" qərər verdi. Son günlər Milli Məclisdə müzakirəyə çıxarılan "Dini etiqad azadlığı haqqında", "Ombudsman haqqında", "Təhsil haqqında" və "Qeyri Hökumət Təşkilatları haqqında" qanunlara əlavə və dəyişikliklərin edilməsi ictimaiyyətdə kifayət qədər narazılıq yaratdı. Amma bu narazılıq bir sıra ictimai təşkilatın, siyasi partiyanın etiraz bəyanatları səviyyəsindən o tərəfə keçmədi. Yəni bu narazılıqlar ictimai müqavimət formasında ortaya çıxmadı.
Müsahibimiz, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğu ilə söhbətimizdə də Azərbaycanda ciddi müqavimət hərəkatının olmamasının səbəblərini araşdırmağa çalışdıq.
- Bu gün Azərbaycanda müqavimətin olmadığı göz önündədir. Bütün bunlar cəmiyyətin özündə baş verən proseslərin nəticəsidir. Belə bir vəziyyətin yaranmasında cəmiyyətin önündə duranların da rolu var. Burada başqa bir şey yoxdur. Bilirsiniz, müqavimət göstərmək, baş verənlərə münasibət bildirmək, birincisi, hər bir insanın özünün vəzifəsidir. İnsan gərək haqqı batildən ayırmağı bacarsın və onun uğrunda mübarizə aparsın. Azərbaycan insanı öz haqqını müdafiə eləmək istəmir. Səbəblərdən biri budur.
İkincisi, bu istiqamətdə bir mənfi ənənə var, sanki müxalifətin müqəddəs vəzifəsidir ki, bütün bu işləri görsün. Amma bu müxalifəti elə günə qoyublar ki, nəsə edə bilmir. Bu gün xaricin - Amerikanın, Avropanın müxalifət saydığı insanlar var, onları da Azərbaycan xalqı görüb və tanıyır. Bir də özünü müxalifət hesab edən və daim haqq uğrunda mübarizə aparanlar var ki, onlar Amerikanın, Avropanın Bakıdakı təmsilçiliklərinin qarşısında növbəyə durmurlar. Nə onları sayan var, nə də onlar qarşılarındakını sayır. Bax, müqavimət hərəkatının olmamasının səbəblərindən biri də budur.
[b]- Mirmahmud bəy, müxalifəti iki hissəyə böldünüz. Bir qədər konkretləşdirə bilərikmi, bu müxalifət kimdir, o biri müxalifət kim? [/b]
- Mən bundan o tərəfə bir söz demək istəmirəm. Növbəti sualınız varsa, buyurun.
[b]- Əvvəllər müxalifət "Biz hakimiyyətə gələcəyik!",- deyirdisə, indi o cür bəyanatlar vermir. Elə İsa Qəmbər də, Əli Kərimli də son müsahibələrində əsas məqsədlərinin hakimiyyətə gəlmək olmadığını bildiriblər...[/b]
- Mən kimsənin fikirlərini şərh etmək niyyətində deyiləm. Əgər məsləhətə qulaq assaydınız, sizə də məsləhət görərdim ki, bunu etməyin. Ancaq edirsinizsə, özünüz bilərsiniz. Hər halda fikir sahiblərinin özlərindən soruşun ki, niyə belə deyirlər. Qoy, onlar cavab versin və həmin fikirlərin yozmasını bizə də göndərsinlər.
[b]- Bəs, Sizin əsas məqsədiniz nədir? [/b]
- Bizim üçün də əsas məqsəd hakimiyyətə gəlmək deyil. Onda adama deyərlər ki, bəs, hakimiyyətə gəlmək əsas məqsəd idisə, əlinizdə imkan olanda hakimiyyəti niyə saxlamadınız?
Təbii ki, seçkilərdə iştirak eləmək, hakimiyyətə gəlmək siyasi qüvvənin əsas məqsədlərindəndir. Amma bu gün Azərbaycanda hakimiyyətə gəlməkdən önəmli məsələlər var. Təəssüflər olsun ki, həmin məsələlər önəmli olduğu qədər də arxa planda saxlanılır.
[b]- Rəhbərlik etdiyiniz partiyanın əsas hədəflərinin nədən ibarət olduğunu demədiniz... [/b]
- Onda gərək qəzetinizin bütövlükdə iki səhifəsini buna həsr edək. Çünki bunu bir-iki cümlə ilə izah etmək çətindir. Siz də gözəl bilirsiniz ki, qarşımıza qoyduğumuz məqsəd nədən ibarətdir, nə iş görmək istəyirik, hansı vəzifələrimiz var. Bu bəllidir. Azərbaycanda demokratiyanın bərqərar olması üçün əlimizdən gələni etməyə hazırıq. Bu istiqamətdə işbirliyində olmaq, müttəfiqnlərimizlə bir yerdə olmağa hazırıq, lazım olan addımları da atırıq.
[b]- İsa Qəmbər iki gün öncə müxalifət qüvvələrinin bir araya gəlməsinin vacibliyini vurğulayaraq, Azərbaycan Xalq Cəbhəsinin bərpasını təklif edib. Bu barədə nə düşünürsünüz? [/b]
- Doğrusu, bu barədə ətraflı bir şey bilmirəm. Amma Əbülfəz bəy dünyasının dəyişəndən bəri bu məsələ xüsusi olaraq aktuallıq kəsb edib. Yəni Bütöv Azərbaycan Birliyində, Milli Müqavimət Hərəkatında, Azərbaycan Xalq Cəbhəsi Partiyasında və digər birlik və təşkilatlarda birliyin olmaması, mövcud olan təşkilatlarda belə birliyin, mütəşəkkilliyin bilərəkdən gözdən salınmasından sonra 9 ildir bu cür təşəbbüslər olub. Amma bunlar tarixdə qalıb və istənilən nəticəni verməyib. Arzu edərdim ki, səslənən fikir nəzərdə tutulan müsbət nəticəni versin.
[b]- Sizcə, arzu etmək kifayət edir, yoxsa bu istiqamətdə müəyyən addımlar da atmaq lazımdır?[/b]
- Mən bununla bağlı başqa bir şey bilmədiyimə görə, arzudan o tərəfə heç nə deyə bilmirəm. Yəni bir toplantıda belə bir fikir səsləndirilib, mən də ona münasibətimi belə bildirirəm. Əgər siz media nümayəndəsi olaraq, düşünürsünüzsə ki, səslənən təklif ya qəbul olunmalıdır, ya da "qılınclanmalı"dır, bu doğru deyil.
[b]- Mən müxalifətin geniş anlamda birliyinin mümkün olub-olmadığını nəzərdə tuturam... [/b]
- Milli demokratik qüvvələrin birliyi, vahid milli güc mərkəzinin yaradılması ilə bağlı bəndeyi-həqiriniz, yəni mən illərdir ki, mübarizə aparıram. Hər gün bu barədə düşünürəm, bu istiqamətdə hər kəslə də görüşmüşəm. Bu gün çeşidli təkliflər irəli sürən insanların böyük əksəriyyəti son nəticədə bu məsələdə bir az kənarda durublar. Birliyin alınmamasına səbəb üzdə olanlar və öndə gedənlər olub.
[b]- Yəni, Sizin heç bir təqsiriniz yoxdur, görüşdüyünüz adamlar birliyi istəməyib?.. [/b]
- Xahiş edirəm, mənim fikirlərimdən nəticə çıxarmayın. Mən dediyimi dedim. Növbəti sualınız.
[b]- Demokratiya Uğrunda İttifaqın növbəti Qarabağ Forumunun keçirilməsi ilə bağlı hazırlıqları hansı səviyyədədir? [/b]
- Biz növbəti dəfə də Qarabağ Forumunun keçirilməsini nəzərdə tutmuşuq. Cəbhənin 20 illiyi ərəfəsində iki tədbir keçirmək istəyirik.
Bilirsiniz ki, gələn ayın 16-sı Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 20 illiyidir. Həmin günə qədər ümumi müxalifətin konfransının keçirilməsini də nəzərdə tutmuşuq. Gördünüz ki, həmin konfransı süngü ilə qarşıladılar. Xüsusiylə də hərəkatçılar dedilər ki, buna ehtiyac yoxdur. Biz orada yeni Konstitusiya komissiyasının, anti-böhran komissiyasının yaradılmasını və həm 2009 bələdiyyə, həm də 2010 parlament seçkiləri ilə bağlı seçki platformasının hazırlanmasını nəzərdə tuturq. Bu üç məsələnin müzakirəsini planlaşdırırıq, inşallah, bunu reallaşdıracağıq.
Bundan əlavə, Qarabağ probleminin aktuallıq kəsb elədiyi indiki dönəmlərdə dövlət rəhbərlərinin yeni görüşü nəzərdə tutulur. Həmin görüşə qədər də istəyirik ki, yeni forum keçirək. O forumda da öz mövqeyimizi, münasibətimizi bildirək, təkliflər paketimizi bir daha hazırlayaq. Hətta qismət olarsa, dəvətimiz qəbul edərsə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi də ora dəvət edirik.
[b]- Ötən dəfə təşkil etdiyiniz foruma hətta Yeni Azərbaycan Partiyasının funksionerləri belə gəlmədi, Sizcə, prezidentin bu foruma qatılması nə dərəcədə inandırıcıdır? [/b]
- Yeni Azərbaycan Partiyası - adi funksionerindən tutmuş Əli Əhmədova qədər heç biri - Azərbaycanla, Qarabağla maraqlanmayan adamlardan ibarət bir qurumdur. Yadınızdadırsa, bu qurumun hələ ilk vaxtlar başında olanlardan biri bir zamanlar "YAP quldurlar partiyasıdır" deyirdi. Sizin həmkarlarınızdan biri məndən soruşanda ki, niyə partiyanı da dəvət eləmirsiniz, mən də dedim ki, bu partiyanın rəhbəri İlham Əliyevdir. O cümlədən də Əli Əhmədov, nə də digərləri gedib, Medvedyevlə, Obamayla, Sarkoziylə, filanla görüşməyəcək, İlham Əliyev görüşəcək. İlham Əliyev əgər onlarla görüşürsə, hətta Sərkisyanla görüşüb onunla məsələni müzakirə edə bilirsə, niyə Zaurla, Mirmahmudla bunu müzakirə eləməsin? Ona görə də istəyirik ki, ağlımız kəsən məsələlərlə bağlı dövlət başçımıza təklifimizi verək.
[b]- Hakimiyyət nümayəndələri gəlmir və bunu başa düşürük, amma Sizin tədbirinizə Qarabağ və Respublika Uğrunda Hərəkatda təmsil olunan müxalifət də qatılmır axı. Bunu nə ilə izah edirsiniz? [/b]
- Bunun bir cümlə ilə izah etmək olar. Subyektiv cümlədi, xoşəgələn deyil. Sabah bununla bağlı yazılar yazılacaq, hücumlar olacaq. Təbii ki, mətbuat nümayəndəsi kimi sizə yox, bu cümlənin müəllifinə hücum edəcəklər. Bundan asılı olmayaraq, sözümü deyəcəyəm. 50 il də bu hakimiyyət qalsa, bu müxalifət də müxalifətdə olsa, Qarabağ problemi həll olunmayacaq. Ona görə də ya bu problemi həll etməkdən ötrü İlham Əliyevə konkret vaxt verilməlidir ki, məsələni üç aya, beş aya həll edirsən, ya da deyirsən ki, qardaşım, bu məsələ Sizlik deyil.
[b]- Yaxşı, bu vaxtı kim verəcək? [/b]
- Bu vaxtı elə insanlar verməlidir ki, o vaxt bitəndə onlar həyəcan siqnalı çalsınlar və vaxt bitdiyinə görə tələblərini irəli sürə bilsinlər. Ona görə də bu vaxtı xalq verməlidir. Bu gün haqqını tələb etməyən də, haqqı-hüququ tapdanan da xalqdır.
[b]- Son dövrlər müxalifət nümayəndələri bütün məsələlərdə xalqı suçlamağa başlayıblar. İndi də Siz...[/b]
- Mən xalqı günahlandırmıram. Lazım gələndə xalq mənim də, hakimiyyətin də cavabını verəcək. Amma sadəcə olaraq, bəziləri bunun fərqində olmayacaq. Xalq əvvəl-axır hesab soracaq. Amma qeyd etdiyim kimi, mən heç vaxt xalqı qınamamışam, qınaya da bilmərəm. Gözünə döndüyüm bu xalq sadəcə olaraq, bu gün haqqı uğrunda mübarizə aparmır.
[b]- Hamı bunu deyir, amma səbəbini açıqlayan yoxdur... [/b]
- Burda nə var ki, jurnalistsiniz, düşün xalqdan niyə öz haqqı uğrunda mübarizə aparmadığını soruşun. Çünki xalqın özü bu sualın cavabını daha yaxşı verə bilər.
[b]- Bəy, qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı nə edirsiniz? Ümumiyyətlə, seçkidən nə gözləyirsiniz? [/b]
- Hesab edirəm ki, budəfəki bələdiyyə seçkiləri də Azərbaycansayağı bir seçki olacaq. İndi bələdiyyələrin sayının azaldılması, onların fəaliyyətləri ilə bağlı qanuna əlavə və düzəlişlərin edilməsi istiqamətində proses gedir. Amma bu prosesin necə getməsindən asılı olmayaraq, biz öz işimizi görürük. Siyahılarımız müəyyənləşir, hazırlıq işləri görülür və digər nə lazımdırsa, edilir. Konkret dəqiqləşdiriləndə ortaya lazımi sənədlər qoyulacaq. Bələdiyyə seçkilərində dostlarımızla iştirak edəcəyik. Daha geniş tərkibdə iştirak məqsədəuyğun olarsa, ona da "yox" deməyəcəyik.
[b]- Yəni seçkiyə hazırsınız? [/b]
- Bəli.
[b]- Ancaq əvvəlki dönəmlərə baxanda KXCP bir qədər zəif görünür. Tutalım, partiyanın əsas simalarından olan Zəlimxan Məmmədli bu və ya digər səbəblərdən kənardadır, indi daha çox Borçalı problemləri ilə məşğuldur. [/b]
- Partiyanın ayrı-ayrı üzvlərinin harda olmasını əsas gətirərək, nəsə deyə bilərsiniz. Konkret Zəlimxan bəylə bağlı niyə o fikrə düşürsünüz, mən onu bilmirəm. Amma görürsünüz ki, Klassik Xalq Cəbhəsi Partiyasından, hələ Elçibəydən sonra neçə partiya yaranıb və onların neçəsi parlamentdədir.
[b]Zaur ƏHMƏD[/b]