Açıq Cəmiyyət Partiyası Rəsul Quliyevdən imtina edir

img

21-06-2009 [05:28]


Açıq Cəmiyyət Partiyası (ACP) liderinin müşaviri Zəminə Dünyamalıyevanın partiyanın fəaliyyətinin dayandırılması, partiya liderinin isə rəhbərlikdə dəyişikliklərin edilməsi barədə təklifləri ACP-də birmənalı qarşılanmayıb. Bu açıqlamalar partiyanın sədri, ona yaxın şəxslər tərəfindən ciddi tənqid edilib. Onlar hələlik bu fikirlərini mətbuata açıqlamaq niyyətində olmasalar da, bir neçə gün əvvəl ACP rəhbərliyində təmsil olunan şəxslərin qeyri-rəsmi toplantısının keçirildiyi bildirilir. Məlumatlı mənbənin sözlərinə görə, toplantıda ACP liderinin partiya rəhbərliyindən narazılığı geniş müzakirə edilib və bundan sonra atılacaq addımlar müəyyənləşib. ACP-nin son vaxtlar partiyanın rəhbərliyinə heç bir maliyyə yardımı etməyən eks-spiker Rəsul Quliyevin nəzarətindən çıxması ilə bağlı təkliflər isə toplantının əsas müzakirələrindən olub. Mənbə bildirib ki, partiya yaranandan bəri R.Quliyev onlara yalnız ilk aylarda müəyyən maliyyə yardımı edib. Sonrakı aylarda isə partiyanın fəaliyyəti ilə maraqlanmayıb. Belə olduğu halda, ACP rəhbərliyi R.Quliyevdən imtina etmək məsələsini gündəmə gətirib. İclasda həmçinin, R.Quliyevin hakimiyyətlə danışıqlara getməsi və Azərbaycana qayıtmaq üçün onun qarşısına qoyulan şərtlər müzakirə edilib. Xatırladaq ki, hakimiyyətin R.Quliyevin Azərbaycana komandasız, partiyasız qayıtmaq, qayıtdıqdan sonra isə siyasətlə məşğul olmamaq tapşırığı qoyduğu bildirilir. Bunu əsas götürən ACP rəhbərliyində təmsil olunan şəxslər isə toplantıda bildiriblər ki, əgər R.Quliyev hakimiyyətlə razılığa gedərsə, o zaman onlar özləri lider tərəfindən arzuolunmaz elan ediləcəklər. Belə olan halda isə ACP-nin heç bir dəyəri qalmayacaq. Bu baxımdan da toplantı iştirakçıları ən yaxın müddətdə Ali Məclisin toplantısını keçirib, bu istiqamətdə konkret addımların atılması məsələsində razılığa gəliblər. ACP liderinin müşavirləri Zəminə Dünyamalıyeva və Yaqub Abbasov isə sözügedən toplantıya qatılmayıblar. Onların hər ikisi bu şəkildə fəaliyyətin əleyhinə olduqlarını bildirib və məsələlərin R.Quliyevlə müzakirə edilməsinə tərəfdar olublar. Y.Abbasov isə partiya lideri ilə açıq danışmağın tərəfdarı kimi çıxış edib və ondan xəbərsiz addımların atılmasını düzgün saymayıb. Qeyd edək ki, ACP Ali Məclisinin sədri də yaxın vaxtlarda partiyanın Ali Məclisinin toplantısının keçiriləcəyi ilə bağlı mətbuata açıqlamalar verib. Lakin həmin toplantıda hansı məsələlərin müzakirə ediləcəyini açıqlamayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA