06-06-2009 [09:55]
ABŞ prezidenti Barak Obama, nəhayət ölkəsinin Azərbaycanla bağlı siyasətində yeniliklər etməyə başlayıb. Səlahiyyətlərinin icrasına başladıqdan təqribən 5 ay sonra Ağ Ev rəhbəri ölkəsinin Bakıdakı səfirini dəyişməyi qərara alıb. Ağ Evdən açıqlanan rəsmi məlumata görə, ABŞ-ın Bakıdakı səfiri Enn Dersi prezident Barak Obamanın sərəncamı ilə Litvaya səfir təyin edilib. Onun yerini kimin tutacağı hələ məlum deyil. Lakin Dövlət Departamentindən yayılan digər açıqlamaya görə, dövlət katibinin Avropa və Avrasiya işləri üzrə yeni köməkçisi Filip Qordon gələn həftə Bakıda olacaq.
Bu iki xəbər arasında birbaşa bağlantı olmasa da, səfirin dəyişdirilməsi və dövlət katibinin müavininin Bakıya göndərilməsi ABŞ administrasiyasının Azərbaycanla bağlı siyasətində dəyişiliklər etmək imkanlarını axtardığını göstərir.
ABŞ-ın Bakıdakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson bildirib ki, Enn Dersi Bakıda diplomatik xidmət müddəti başa çatdığı üçün geri çağrılır. Dersi 2006-cı ildən etibarən ABŞ-ın Bakıdakı səfirliyinə başçılıq edir, o ölkəsinin Azərbaycandakı ilk qadın səfiridir. Dersi Corc Buş administrasiyasının Azərbaycanda demokratiyanın inkişaf etdirilməsi siyasətinin nəticəsiz qalmasının ardınca səfir vəzifəsinə təyin olunub. Dersinin fəaliyyəti ilə bağlı olmasa da, Azərbaycanda onun səfir işlədiyi müddətdə demokratiya, insan haqları, seçkilər, mətbuat azadlıqları sahəsində vəziyyət pisləşməkdə davam etdi və hakimiyyət bu məsələlərlə bağlı ABŞ administrasiyasının çağırışlarından heç birini eşitmədi. Əksinə, xarici radiostansiyaların yayımını dayandırdı və hakimiyyət bu addımı məhz Obamanın səlahiyyətlərinə başlamasına bir neçə həftə qalmış atdı. Şübhəsiz ki, səfir Enn Dersi fövqəladə səlahiyyətli səfir diplomatik rütbəsini daşısa da onun vəzifəsi administrasiya tərəfindən müəyyən edilmiş siyasətin həyata keçirilməsindən ibarətdir. Lakin bəzən icraçı şəxsdən də bir çox məsələlər asılı olur və ABŞ-ın siyasətinin formalaşmasında diplomatik missiyanın göndərdiyi hesabatların da rolu var. Ona görə də fəaliyyəti insan haqları və demokratiya fəalları tərəfindən bir çox hallarda tənqid olunan səfir Dersinin əvəz edilməsi ilə ABŞ-ın siyasətində müəyyən canlanma yarana bilər.
Dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Filip Qordon isə bu vəzifədə Bakıda bir neçə dəfə səfərdə olmuş Daniel Fridi əvəz edib. Frid Buş administrasiyasında ?məxməri inqilablar? üzrə ?mütəxəsis? kimi tanınmışdı və onun Gürcüstan, Ukrayna seçkilərində rolu Rusiyada xeyli narahatlıq doğururdu. Frid 2005-ci il parlament seçkiləri zamanı Azərbaycanda da olub və demokratik seçkilərin vacibliyi haqda önəmli mesajlar verib. Lakin sonradan onun adı Azərbaycanda bir qrup yüksək vəzifəli şəxsə qarşı aparılan istintaq işində yer aldı və hakimiyyət ABŞ-ın Frid və digər diplomatlar vasitəsilə ölkədə ?çevriliş? hazırlaması haqda iddialar gündəmə gətirdi. Ötən ay Frid prezident Barak Obamanın Quantanamo həbsxanasının bağlanması məsələləri üzrə xüsusi nümayəndəsi təyin edildi və onun yerini Filip Qordon tutdu. Bu vəzifəyə təyin olunmazdan əvvəl Qordon Vaşinqtondakı Brukkinq İnstutunda Avrasiya araşdırmaları proqramına rəhbərlik edib, Bill Klinton administrasiyasında isə Avropa və Avrasiya regionu üzrə işləyib.
Qordon ilk xarici səfərini Cənubi Qafqaz regionuna edir. Dövlət Departamentindən yayılan məlumata görə, diplomat gələn həftə Gürcüstan, Ermənistan və Azərbaycana səfər edəcək. Səfər iyunun 8-də Ermənistandan başlayacaq, ertəsi gün Qordon Gürcüstanda olacaq, iyunun 10-da isə Bakıya gələcək. Səfər zamanı o, hökumət rəsmiləri, vətəndaş cəmiyyəti təmsilçiləri və ?digər yerli fiqurlarla? görüşəcək. ABŞ-ın Bakıdakı səfirliyinin rəsmisi Terri Devidsonun ANS-ə bildirdiyinə görə, səfərin detalları hələ məlum deyil. Ancaq diplomatın Bakıda müxalifət liderləri ilə görüşəcəyi gözlənilir. Qordonun Bakıda aparacağı müzakirələrdə bir neçə vacib mövzunun qaldırılacağını demək olar. Bunlar ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi və enerji layihələri, Rusiya və İranla münasibətlər, habelə xarici radiostansiyaların yayımını bərpa edilməsi, demokratiya və insan haqları problemləridir. Məlum olduğu kimi, ABŞ xarici radiostansiyaların yayımını bərpa etmək üçün Bakıya təklif verib. Bu təklifə görə Vaşinqton xarici radioların yayımının bərpa edilməsinin əvəzində Azərbaycan radiolarının ABŞ-ın FM tezliyində yayımlanmasına şərait yaratmağa hazırdır.
Radiostansiyalarla bağlı məsələ və Azərbaycanda mətbuat azadlıqları sahəsində vəziyyət Obama səlahiyyətlərinin icrasına başlayan kimi onun masası üzərinə qoyulub. Ehtimal olunur ki, ABŞ prezidenti və dövlət katibi bu məsələyə ilk dəfə Filip Qordonu Bakıya ezam etməklə müdaxilə etməyi qərara alıblar.
ABŞ-ın Azərbaycan siyasəti ilə bağlı digər yenilik ondan ibarətdir ki, bəzi önəmli müxalifət liderləri Vaşinqtona səfərə dəvət olunublar. Konkret olaraq Musavat başqanı İsa Qəmbərə belə dəvət gəldiyi haqda dəqiq məlumat var. Gözlənilir ki, o, yaxın həftələrdə Vaşinqtona gedəcək və Dövlət Departamenti də daxil olmaqla Birləşmiş Ştatların siyasi dairələrində görüşlər keçirəcək.
Prezident Barak Obama iki gün əvvəl Misirdə müsəlman dünyasına müraciətində demokratiya mesajları da verib. ABŞ prezidenti deyib ki, o demokratik yolla seçilmiş hökumətləri dəstəkləyəcək və demokratiya, insan haqları dəyərlərini ümumbəşəri dəyərlər kimi müdafiə edəcək. Belə görünür ki, Obama Corc Buş kimi dünyada demokratiyanın dəstəklənməsi barədə səs-küylü mesajlar vermək istəmir. Çünki Buş administrasiyasının verdiyi belə mesajlar sonradan ona ciddi başağrısı yaratdı. ABŞ öz maraqları naminə avtoritar rejimlərə qucaq açmalı olanda dərhal mətbuat Buşu və onun administrasiyasını demokratiya vədinə xilaf çıxdığına görə sərt tənqid edirdi. Obama isə demokratlara xas ?realpolitik? strategiyasından kənara çıxmaq istəmir. Onun administrasiyası demokratiyaya o zaman dəstək verəcək ki, buna şərait yaransın. Şərait yaranmayanda isə reallıqdan çıxış edərək siyasətini digər maraqlar üzərində quracaq. ABŞ-ın yeni administrasiyası Azərbaycan siyasətində də ?realpolitik? prinsipləri əsasında hərəkət edir və hələlik Vaşinqtonun təhlükəsizlik və enerji sahəsində mühüm tərəfdaşı olan bu ölkədə demokratiyanı inkişaf etdirmək imkanlarının nə dərəcədə real olduğunu öyrənir.
Yeni Müsavat