"Ermənilər o qədər özlərindən razıdırlar ki, elə bilirlər bütün dünya onlara borcludur"

img

03-06-2009 [03:38]


Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) may ayında beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin ümumi yekunlarına dair hesabatını açıqlayıb. Hesabatı təqdim edən SİTM sədri Mübariz Əhmədoğlu bildirib ki, ötən ay dünyanın gündəmində dayanan əsas məsələ Avropanın enerji təhlükəsizlyi ilə bağlı problem olub: "Rusiya, İtaliya, Bolqarıstan, Yunanıstan və Serbiya "Cənub axını" layihəsi ilə bağlı müqavilə imzaladılar. Gücü nəzərdə tutulandan iki dəfə artıq olan bu layihənin buraxılış qabiliyyəti 63 milyarda kubmetr olacaq. Quru və dəniz ərazilərindən keçən, dəyəri 8,6 milyard avro hesablanan bu layihənin istismara verilmə müddəti 1015-ci ilə kimi uzadıldı. Gələcəkdə Liviyanın "Elefant" şirkətinin də "Cənub axını" layihəsinə qoşulacağı gözlənilir". Mübariz Əhmədoğlu deyib ki, may ayında da Mərkəzi Asiya regionunda vəziyyət gərgin olaraq qalıb. Onun sözlərinə görə, sərhədyanı ərazilərdəki etnik toqquşmalar bu gərginliyin əsas mənbəyidir: "Özbəkistanın Qırğızıstan, Türkmənistan və Tacikistanla sərhədlərində vəziyyət daha gərgindir. Özbəkistanın Qırğızıstanla sərhədində yerləşən Xanabad rayon daxili İşlər Şöbəsinə olan hücumlar da göstərir ki, Fərqanə vadisi və ümumilikdə Özbəkistan beynəlxalq terrorizmin hədəfindədir. Regionun Sovet dövründən qalma coğrafiyası və sərhədləri, eləcə də Mərkəzi Asiya xalqları arasındakı tarixi münasibətlər bu regionda uzunmüddətli sabitliyə imkan verməyəcəkdir". SİTM sədri mətbuat konfransında Cənubi Qafqaz regionunda baş verən hadisələrin təhlilinə də geniş yer ayırıb. O, Türkiyə-Ermənistan münasibətlərini şərh edərkən rəsmi Yerevanın davranışlarını məşhur "arxalı köpək qurd basar" deyimi ilə izah edib: "Ermənistan Türkiyəyə qarşı 3 əsas prinsip irəli sürüb: a) Türkiyə ilə münasibətlərin qurulması üçün ilkin şərt istisnadır. b) Türkiyənin Dağlıq Qarabağ münaqişəsinə müdaxiləsi istisnadır. c) Türkiyə-Azərbaycan-Ermənistan formatında regional təhlükəsizliyin müzakirəsi istisnadır. Ermənilər özləri də bu prinsiplərin nəyin əsasında ortaya çıxdığını izah edə bilmirlər. Ermənilər o qədər özlərindən razıdırlar ki, elə bilirlər bütün dünya onlara borcludur. Ermənistan onun üçün yaranmış çox böyük şansı əldən verdi". Azərbaycana gəlincə, politoloq diqqəti ötən ay prezident İlham Əliyevin Praqada "Şərq tərəfdaşlığı" proqramının imzalanması mərasimində iştirakına çəkib: "Şərq tərəfdaşlığı" proqramı ilə bağlı imzalanan sənədin məzmununa son anda edilən dəyişikliklər bütövlükdə mahiyyəti dəyişdirdi. Sənəddə vizasız rejimin nəzərdə tutulması bəyan edilir, amma ciddi iqtisadi əməkdaşlıq gözlənilmir. Azərbaycan və Gürcüstan yekun sənədə ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı müddəanın daxil edilməsinə nail ola bilmədilər. Rusiya isə "Şərq tərəfdaşlığı" layihəsini antirusiya, MDB-ni dağıdan layihə kimi dərk edir. Prezident İlham Əlyiev ötən ay həmçinin NABUKKO ilə bağlı layihəni də imzaladı". Sonda Mübariz Əhmədoğlu may ayında Gürcüstanda baş verən hadisələrdən də danışıb: "BMT Gürcüstandakı vəziyyətə dair qətnamə qəbul etdi. Əvvəllər belə sənədlərdə Abxaziya Gürcüstanın tərkib hissəsi kimi göstərilirdi. Amma bu dəfə BMT Abxaziyanı Gürcüstanın tərkib hissəsi kimi göstərmədi. Buna baxmayaraq, Abxaziya da bu sənəddən narazıdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA