Müsbət nəticəyə ümid 1 faizdir

img

01-06-2009 [08:04]


Azərbaycan və Ermənistan prezidentləri iyunun 4-də Sankt-Peterburqda görüşəcəklər. Bu barədə mətbuata ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye məlumat verib. Xatırladaq ki, prezidentlər bir müddət öncə Praqada görüşmüşdülər. Lakin görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir irəliləyiş əldə olunmamışdı. Politoloq Zərdüşt Əlizadə açıqlamasında prezidentlərin Sankt-Peterburq görüşünün də nəticəsiz başa çatacağını deyib: "Xarici işlər naziri Elmar Məmmədyarov bildirmişdi ki, Praqa görüşündə heç bir uğur əldə edilmədi. Lakin Metyu Brayza və Bernar Fasye müəyyən mənada irəliləyişlərin olduğunu nəzərə çatdırmışdılar. Ermənistan indiyə kimi deyirdi ki, Türkiyə ilə sərhədlər açıla bilərdi, ancaq Azərbaycan Rusiyanın təhriki ilə bunun qarşısını aldı. İndi isə Ermənistan yeni şəraitdə irəliyə doğru addım atmağa məcbur olacaq. Əgər atmasa, deməli Rusiyanın bu məsələdə əli var. Yenə də düşünürəm ki, münaqişənin gedişində hər hansı bir irəliləyiş Rusiyanın istəyindən asılı olacaq. Əgər rəsmi Moskva formatı dəyişib, mahiyyəti saxlamaq istəsə, o zaman zahiri dəyişiklik baş verəcək. Ancaq buna cəsarəti çatmasa və ya istəyi olmasa, onda əminəm ki, dəyişiklik baş verməyəcək. Şəxsən mən Sankt-Peterburq görüşündən hər hansı bir yenilik gözləmirəm. Əgər bu görüşdə müsbət nəticə əldə edilsə, bunu möcüzə adlandırmaq olar". Tərəflər yenə də görüşəcəklər, danışacaqlar, amma Dağlıq Qarabağ məsələsində irəliləyiş əldə olunmayacaq". Politoloq onu da bildirib ki, Dağlıq Qarabağ probleminin açarı hələlik rəsmi Moskvanın əlindədir: "Onu da qeyd edim ki, məkan məsələsi də çox böyük əhəmiyyət kəsb edir. Danışıqlar prosesində ancaq Rusiya ərazisində irəliləyiş əldə etmək mümkündür. Ancaq bu irəliləyişin məzmunu barədə indidən nəsə söyləmək mümkün deyil. Yadınıza salmaq istəyirəm ki, iki ölkə arasında atəşkəsin əldə edilməsində Rusiyanın rolu böyük olub. 99 faiz əminəm ki, danışıqlar yenə də uzadılacaq. Yalnız 1 faiz ümid var ki, nəsə format dəyişikliyi baş versin".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA