Müsavat bazqanı isa Qəmbər Rəsulzadənin nəvəsi ilə görüzüb

img

27-05-2009 [06:28]


Bu gün Müsavat Partiyasının qərargahında Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə ilə partiya rəhbərliyinin görüşü keçirilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Müsavat Partiyasının mətbuat xidmətindən məlumat daxil olub. Görüşü giriş sözü ilə açan Müsavat Partiyasının başqanı İsa Qəmbər Xalq Cümhuriyyətinin əhəmiyyətindən, onun yaradıcılarının xalqımız və ölkəmiz qarşısındakı müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, bütün müsəlman şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycanda yaranması bizim milli iftixarımızdır. O, Xalq Cümhuriyyətinin mövcud olduğu 2 il ərzində dövlət quruculuğu, ərazi bütövlüyü və azad vətəndaş cəmiyyətinin yaradılması istiqamətində görülən işləri yüksək qiymətləndirib. İsa Qəmbər deyib ki, yalnız Xalq Cümhuriyyətinin bizə qoyub getdiyi zəngin miras, yaratdığı dəyərlər sisteminə sahib durmaqla Azərbaycanın tərəqqisinə nail olmaq mümkündür. Bugünkü Azərbaycan gəncliyinin həmin dəyərlərə sayğılı münasibət bəslədiyini vurğulayan Müsavat başqanı bunu cümhuriyyət ideallarının təntənəsi kimi dəyərləndirib. Sonra Rəis Rəsulzadə görüş üçün partiya rəhbərliyinə təşəkkür edib və cümhuriyyət dövrünün dəyərlər sisteminin, həmin cümhuriyyəti quran şəxsiyyətlərin daha geniş şəkildə təbliğ olunmasının zərurətindən danışıb. Görüşdə Müsavat Partiyası başqanının müavinləri Arif Hacılı, Arzu Səmədbəyli, Mehman Cavadoğlu, partiyanın Məclis üzvləri Nəsiman Yaqublu və Sabir Məmmədli də çıxış edərək həmin dövrün Azərbaycan tarixindəki əhəmiyyətindən danışıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA