Vurğun Əyyub: "Azərbaycan cəmiyyəti inamsızlıq əhval-ruhiyyəsindədir"

img

24-05-2009 [05:24]


[b]"Hakimiyyət ölkənin demokratikləşməsi sahəsində götürdüyü öhdəliklərə əməl etmir, Konstitusiyanı pozur, cəmiyyəti aclıq, zorakılıq, işsizlik xofu altında saxlayır" [/b] 2005-ci il parlament seçkilərindən sonra ölkədə ictimai-siyasi proseslərin passivlik dönəminə start verildi. Hətta 2008-ci il prezident seçkilərində belə, cəmiyyət aktivləşmədi. Burada müxalifətin aparıcı qüvvələrinin seçkiləri boykot etməsi də mühüm rol oynadı. Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirilən referendum da ölkədə hər hansı aktivliyə səbəb olmadı. Qarşıdan isə bələdiyyə seçkiləri gəlir, amma Azərbaycanın ictima-siyasi həyatındakı passivlik davam etməkdədir. Müxalifətin əsas partiyalarının vahid mövqeyə gəlməsi və birgə mübarizə aparacağını bəyan etməsi də cəmiyyəti aktivləşdirmədi. Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyubla müsahibəyə də bu məsələ ilə başlıdıq. [b]- Vurğun bəy, 2009 seçki ili olsa da, ölkədə nə seçki əhval-ruhiyyəsi, nə də hər hansı siyasi aktivlik hiss olunur. Əksinə, ictimai-siyasi proseslərdə süstlük hökm sürür. Bunu nə ilə əlaqələndirirsiniz? [/b] - Tamamiylə doğru qeyd etdiniz ki, ölkədə süstlük mövcuddur. Bu da hər şeydən əvvəl ölkənin idarə edilməsinin polis rejiminə əsaslanması ilə bağlıdır. İnsanların ən adi hüquqları belə qorunmur, hər hansı bir etiraz polis və silahlı qüvvələr tərəfindən amansızlıqla boğulur. Bu fonda təbii ki, siyasi partiyaların da fəallığı gözə çarpmır. Yalnız seçkilər müəyyən dərəcədə imkan yaradır ki, müxalifət vətəndaşlarla görüşə bilsin, tamamiylə hakimiyyətin nəzarətində olan televiziya və radiolarda çıxış edə bilsin. Ona görə də hesab edirəm ki, bu canlanmanı seçki ərəfəsində görə biləcəyik. [b]- Deyirsiniz ki, hakimiyyət polis rejimi ilə ölkədə süstlük yaradıb. Ancaq bundan əvvəlki dönəmlərdə də analoji vəziyyət var idi, amma müxalifət aktiv idi. Sizcə, hazırkı vəziyyətin yaranmasında müxalifətin zəifləməsi də rol oynamırmı? [/b] - Təbii ki, hər hansı bir şəxsin olduğu kimi, hər hansı bir qurumun da qüsurlarından, səhvlərindən danışmaq mümkündür. Amma bu səhvlər həlledici deyil. Həlledici faktor odur ki, Azərbaycan hakimiyyəti ölkənin demokratikləşməsi sahəsində üzərinə götürdüyü öhdəliklərə əməl etmir, özünün qəbul etdiyi Konstitusiyanı pozur, cəmiyyəti aclıq, zorakılıq, işsizlik xofu altında saxlayır. İlk baxışdan belə görünür ki, cəmiyyət hər şeyə dəhşətli dərəcədə laqeyddir. Əslində bu laqeydlik də öz-özünə yaranmayıb. İqtidarın apardığı siyasət cəmiyyəti məcburən passivləşdirib. Yəni demək istəyirəm ki, əgər obyektiv təhlil gedərsə, təbii ki, burada müxalif siyasi partiyaların da fəaliyyətindəki hansısa qüsurları göstərmək mümkündür. Ancaq bu, bizi məsələnin əsas mahiyyətindən uzaqlaşdıracaqsa, bu barədə danışmaq artıqdır. [b]- Hakimiyyətin qeyd etdiyiniz öhdəlikləri yerinə yetirməsi üçün kim təzyiq göstərməlidir, müxalifət, cəmiyyət, yoxsa beynəlxalq güclər? [/b] - Siz müxalifətlə cəmiyyət arasında belə bir səddi nahaq çəkirsiniz. Çünki müxalifət cəmiyyətdən kənar qüvvə deyil, o, cəmiyyətin içərisindən çıxıb. Eyni zamanda cəmiyyətin hansısa mövqelərini ifadə etməyə çalışır. [b]- Axı cəmiyyətin əksəriyyəti siyasi proseslərdə çıxış eləmir... [/b] - Söhbət ondan getmir ki, bütün cəmiyyət siyasətdə iştirak etməlidir. Əlbəttə ki, bu, həm nəzəri, həm də praktiki cəhətdən doğru deyil. Amma cəmiyyətin özünün müqavimət hissi itibsə, deməli, təsir imkanları da azalır. Çünki siyasi partiyalarda cəmiyyətin çox az bir qismi toplaşıb. Yalnız onların gücü ilə ölkədəki polis rejiminin öhdəsindən gəlmək mümkün deyil. Əgər biz ölkəmizi dəyişmək, vətəndaşlarımızın həyatını yaxşılaşdırmaq istəyiriksə, bir millət və xalq olaraq, baş verənlərə qarşı laqeyd olmamalıyıq. Mübarizəni birgə aparmalıyıq. Hesab edirəm ki, burada ən əsas faktor cəmiyyətdir. İkinci faktor isə təbii ki, beynəlxalq təşkilatlardır. O təşkilatlar ki, Azərbaycan hakimiyyəti onların qarşısında öhdəlik götürüb. Beynəlxalq aləm, insan hüquqlarını və demokratiyanı bir ölkənin daxili işi hesab etməyən ölkələr də bu mübarizədə Azərbaycan xalqına dəstək verməlidirlər. Yox, əgər indi belə bir mübarizə görünmürsə, kənardan ciddi dəstək gözləmək sadəcə olaraq, özünü aldatmaqdır. [b]- Fakt odur ki, bu gün Azərbaycan cəmiyyətinin mübarizə əzmi yoxdur. Bəs, cəmiyyət nə zamana kimi belə süst vəziyyətdə qala bilər? Ümumiyyətlə, xalqın öz haqqı uğrunda mübarizə aparmaq istəyi olacaqmı? [/b] - Bu suala ümumən nikbin cavab vermək mümkündür. Amma zaman etibarı ilə onun nə vaxt olacağı haqda konkret söz demək çətindir və bu, bir az falçılığa bənzəyərdi. Sözsüz ki, bu ehtimal var. Azərbaycan cəmiyyəti əslində bu gün inamsızlıq əhval-ruhiyyəsindədər. Bu inamsızlığın çox ciddi əsasları olmasa da, hər halda cəmiyyət baş verən proseslərdən sarsılıb və inamını itirib. Birinci növbədə bu inamı qaytarmaq lazımdır. Cəmiyyət öz gücünə inanmalıdır. Bu gün istənilən haqqı pozulan şəxsə desən ki, mən hələ mitinq demirəm, hüquqi, məhkəmə yolu ilə öz haqqının bərpasına çalışsın, ondan eşidəcəyim cavab bu olacaq: "bu ölkədə nə məhkəmə var, nə də hökumət insanların haqqını tanıyır". Yəni birinci bu inamsızlığı aradan qaldırmaq lazımdır. Hesab edirəm ki, üzümüzə gələn aylar ərzində Azərbaycanda iqtisadi vəziyyət daha da gərginləşəcək, hakimiyyətin müxtəlif strukturlarının həyasızlığı, rüşvət və korrupsiyası, ağalıq ehtirası daha da şiddətlənəcək. Təbii ki, bu vəziyyət sonsuz ola bilməz və cəmiyyət buna qarşı öz etirazını bildirəcək. [b]- Vurğun bəy, neçə il idi ki, müxalifətin aparıcı partiyaları vahid cəbhədə birləşə bilmirdilər. Demək olar ki, artıq aparıcı partiyalar bir araya gələrək bələdiyyə seçkilərində birgə iştirak qərarı verib...[/b] - Bu barədə sizə verdiyim müsahibələrdə də, qəzetinizdə yazdığım yazılarda da demişəm. Azərbaycanda birlik haqqında qəribə bir illuziya var ki, hamı bir yerdə olmalıdır. Guya hamı bir yerdə olan kimi vəziyyət dəyişəcək. Əvvəla, o fikir yanlışdır ki, guya Azərbaycanda müxalifət qüvvələri dağınıqdır və bir-biri ilə düşmənçilik edir. Müxalifət dəfələrlə sübut edib ki, ən kritik məqamlarda, ümummilli məsələlərdə müzxalifətin birgə maraqlarını qoruya bilirlər. [b]- Ancaq seçki məsələsində vahid mövqedə olmayıblar... [/b] - Necə olmayıblar? [b]- 2003-cü ildə... [/b] - (Sözümüzü kəsərək) Xatırladıram sizə, 2003-cü ildə müxalifət qüvvələrinin çox böyük əksəriyyəti İsa Qəmbərin ətrafında toplaşmışdı. 2005-ci ildə "Azadlıq" bloku müxalifət qüvvələrinin böyük hissəsini öz ətrafında birləşdirərək, seçkiyə getdi. [b]- Bəli, əksəriyyətini, hamısını yox... [/b] - Axı, sizə niyə belə gəlir ki, əgər kənarda üç siyasi qüvvə qalıbsa, o, məsələnin taleyini həll edir? [b]- Mən müxalifət nümayəndələrinin fikirlərini deyirəm... [/b] - Açığı, mən bilmirəm, kim nə deyib, heç o məsələyə qayıtmaq da istəmirəm. Sadəcə, öz mövqeyimi bildirirəm ki, bu, illuziyadır, özünü aldatmaqdır. Biz özümüzdən bir illuziya yaradırıq, sonra da həyata keçməyəndə başlayırıq ümidsizləşməyə. Nəzərə almırıq ki, bu, bizim uydurduğumuz məsələdir. Bu mənada hesab edirəm ki, müxalifət bütün kritik məqamlarda - seçki məsələlərində, ümummilli məsələdə vahid mövqedən çıxış edir. Hətta ola bilər ki, onlar eyni təşkilatda olmasın, ayrı-ayrı təşkilatlarda birləşsinlər. Amma yenə də mövqe eyni olur. Məsələn, referendum məsələsinə münasibətdə psevdo müxalifəti nəzərdə tutmuram, saf müxalifətin əksəriyyəti eyni mövqeydən çıxış elədi. Baxmayaraq ki, onlar bir təşkilatın strukturlarında birləşmədilər. Bələdiyyə seçkilərində də düşünürəm ki, müxalifətin böyük əksəriyyətinin mövqeyi eyni olacaq. [b]- Vurğun bəy, başqa bir məcələyə də toxunmaq istərdim. İsa Qəmbər qısa müddət ərzində artıq üçüncü dəfədir ki, Türkiyəyə səfərə gedir. Bəzi mətbu orqanlar iddia edirlər ki, İ.Qəmbərin səfərləri Türkiyə hökuməti ilə Müsavatın əlaqələrini qurmaq məqsədilədir. [/b] - Müsavat Partiyasının Türkiyədəki siyasi qüvvələrlə geniş və hərtərəfli əlaqələri var. Bu əlaqələr illərdir davam edir və yalnız Azərbaycanın maraqlarını, səadətini və gələcəyini düşünən münasibətlər çərçivəsindədir. Bu əlaqələr çərçivəsində istər Müsavat Partiyası başqanının, istərsə də partiyanın digər yetkili şəxslərinin Türkiyəyə davamlı səfərləri olur. Hər səfər ərəfəsində onun məqsədi barəsində mətbuata və Azərbaycan cəmiyyətinə məlumat verilir. İsa bəy də Türkiyəyə səfərinin məqsədi, orada gördüyü işlər barədə kifayət qədər məlumat verib. Kim bundan hansı nəticələr çıxarır, hansı şərhlər verirsə, mən o şəhrlərə şərh vermək istəmirəm. [b]- Ümumiyyətlə, Türkiyə hökuməti ilə əməkdaşlıq Müsavat Partiyasına nə verə bilər? [/b] - Biz bu münasibətlərdə partiya maraqlarından çıxış eləmirik. Müsavat Partiyası bütün xarici əlaqələrində birinci növbədə Azərbaycanın maraqlarını düşünür. Fikir verdinizsə, bir müddət əvvəl Türkiyə-Azərbaycan münasibətlərində bir soyuqluq və gərginlik yaşandı. Hesab edirəm ki, İsa bəyin Türkiyə televiziyalarındakı ardıcıl çıxışları, Azərbaycanın doğru mövqeyini ifadə eləməsi, o cümlədən istər Türkiyə, istər Azərbaycan hakimiyyətini mətbuat və söz atışmalarından çəkinib birgə hərəkət etmək barədə çağırışları öz təsirini kifayət dərəcədə göstərdi. Bu baxımdan Türkiyədəki siyasi qüvvələrlə münasibətlərimizə Azərbaycanın maraqları çərçivəsində yanaşırıq. [b]- Bir məsələ də var ki, Türkiyə hökuməti son illər ölkəmizin daxili siyasətinə Azərbaycan iqtidarının mövqeyinə uyğun münasibət bildirir. [/b] - Hesab edirəm ki, bu, Türkiyə hökumətinin ən ciddi səhvlərindəndir. Bu, həm də Türkiyənin Azərbaycandakı səfirliyinin birtərəfli iş prinsiplərində yol verdiyi ciddi nöqsanlardandır. Əgər biz yalnız partiya maraqlarından çıxış etmək fikrində olsaydıq, Türkiyə hökumətinə qarşı başlanan anti-kampaniyada iştira edərdik. Amma biz, əksinə, Azərbaycanın maraqlarının daha düzgün qoyuluşunun və inkişafının tərəfdarı olduq. Düşünürəm ki, Türkiyə hökuməti Azərbaycanda insan haqlarının vəziyyətinə, mətbuatın və siyasi partiyaların durumuna, insanların sərbəst toplaşmaq azadlığının pozulmasına göz yummaqla heç də Türkiyə-Azərbaycan münasibətlərinin sağlam təməl üzərində qurulmasına xidmət eləmir. Nə qədər ki, Türkiyə hökuməti qardaş və strateji müttəfiq hesab etdiyi Azərbaycanda demokratiya problemlərinə göz yumur, o, heç bir zəmanət əldə edə bilməz ki, günün birində Azərbaycanda anti-Türkiyə təbliğatına yenidən rəvac verilsin. Bu mənada hesab edirəm ki, Türkiyə hökuməti bu məsələlər ətrafında ciddi düşünməli və lazımi addımları atmalıdır. [b]Zaur ƏHMƏD[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA