17-05-2009 [05:16]
[b]"Azərbaycanın avtoritar rejiminin xarici və daxili siyasətinin mərkəzində ölkənin milli maraqları deyil, siyasi hakimiyyət maraqları dayanır"[/b]
Mayın 7-də Praqada Avropa Birliyi ilə Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus arasında "Şərq Tərəfdaşlığı" proqramında iştirakla bağlı bəyannamə imzalandı. Bunun ardınca MDB-nin icraçı katibi Sergey Lebedev sözügedən proqrama qoşulan dövlətlərə təhdid xarakterli xəbərdarlıq mesajı verdi və "bu dövlətlər seçim etməlidir" bəyanatı ilə çıxış etdi. Görəsən, Azərbaycan bundan sonra hansı mövqeyi tutacaq, Rusiya, yoxsa Qərbə inteqrasiyaya üstünlük verəcək? Müsavat Partiyasının Məclis sədri, politoloq Sülhəddin Əkbərlə söhbətimiz də elə bu mövzuda oldu.
- Öncə onu deyim ki, Lebedev Rusiyanın xarici kəşfiyyat xidmətinin keçmiş rəhbəridir və Rusiya siyasətində önəmli rolu olan bir şəxsdir. Onun fikirləri rəsmi Kremlin mövqeyi kimi də qəbul oluna bilər. Həmin çıxışın mətbuata verilən hissəsi ilə mən də tanışam. Burada təhdid, təzyiqlə yanaşı, bir narahatlıq da açıq şəkildə hiss olunur. Kreml narahatdır ki, "Şərq Tərəfdaşlığı" proqramı inkişaf etdikcə, postsovet məkanının bu proqrama daxil olan ölkələri tədricən Avropa Birliyinin nüfuz dairəsinə girə bilər. Bu baxımdan, təbii ki, Rusiya narahatdır və ona görə bu ölkələrdən təhdidkar bir şəkildə seçim etmələrini tələb edir.
Xatırlayırsınızsa, biz dəfələrlə bildirirdik ki, artıq zamanı çatıb, Azərbaycan da öz strateji seçimini etməlidir. Yəni deklorativ şəkildə Azərbaycan bu seçimini edib. 2007-ci ildə Azərbaycanın qəbul etdiyi Milli Təhlükəsizlik Konsepsiyasında göstərilib ki, bizim strateji hədəfimiz Avroatlantik məkana inteqrasiyadır. Bu mənada Azərbaycanın bu proqramda iştirakına müsbət baxıram. Hesab edirəm ki, Azərbaycan nəinki bu proqramda aktiv iştirak etməlidir, hətta yaxın perspektivdə Avropa Birliyinə assosiativ üzvlüyünü hədəf götürməli və bu proqramın verdiyi bütün imkanlardan maksimum istifadə etməlidir.
[b]- Bəs, belə bir şəraitdə Rusiya hansı mövqeyi tuta bilər? Yaxud bu ölkələrə hansı formada təzyiq göstərə bilər? [/b]
- Rusiya postsovet ölkələrinin təkcə Avropa Birliyi ilə deyil, xüsusiylə də NATO ilə yaxınlaşmasından da ciddi narahatdır. Ötən il Rusiya-Gürcüstan münasibtlərinin müharibə həddinə gəlib çatması bunu bir daha göstərdi. İndi regionda geopolitik və geostrateji qarşıdurma kəskinləşib və bu baxımdan, təbii ki, Rusiya MDB ölkələrinin strateji seçim etməsini tələb edir. Təbii ki, bu arada həmin dövlətlərə ənənəvi təzyiq metodlarından istifadə edəcək.
[b]- Sülhəddin bəy, Azərbaycanın Qərbə inteqrasiyanı hədəf götürdüyünü deyirsiniz, amma məsələ ondadır ki, bir tərəfdən də Rusiyadan əlini üzmür... [/b]
- Burada rəsmi Bakı öz maraqlarını bütün siyasətinin mərkəzinə qoyur. İqtidar siyasi hakimiyyət maraqlarını, ölkənin milli maraqlarından üstün tutur. Yəni Azərbaycanın avtoritar rejiminin xarici və daxili siyasətinin mərkəzində ölkənin milli maraqları deyil, siyasi hakimiyyət maraqları dayanır. Ona görə də görürsünüz ki, deklorativ siyasətlə praktiki siyasətdə ziddiyyətlər yaranır. Milli maraqlarla siyasi rejim maraqları arasında seçim etmək zərurəti yarananda hakimiyyət öz siyasi maraqlarını üstün tutur. Bu baxımdan, xarici siyasətdə ziqzaqlar müşahidə etmək olur. Diqqət yetirirsinizsə, Azərbaycan həm NATO, həm Avropa Birliyi ilə münasibətlərdə əməkdaşlığı o həddə qədər dərinləşdirir ki, orada siyasi rejim üçün təhlükə yaranmır. Elə NATO ilə münasibətlər buna bir örnəkdir. Azərbaycan yeganə dövlətdir ki, hərbi tərəfdaşlıq proqramında ikinci dəfə qaldı. NATO ilə münasibət qurmağa çalışan hər bir dövlət istəyir ki, bu mərhələləri keçsin və növbəti mərhələyə daxil olsun. Nəyə görə Azərbaycan ikinci dəfə kənarda qaldı? Çünki növbəti mərhələ intensiv siyasi dialoq mərhələsidir. Bu mərhələdə Azərbaycan qəti şəkildə bildirməlidir ki, o, perspektivdə NATO-ya üzv olmaq istəyir, yoxsa yox. Bunun üçün də ölkədə həm siyasi, həm iqtisadi, həm hərbi islahatlar aparılmalıdır. Ən nəhayət, ölkədə azad və ədaltli seçkilər keçirilməlidir. Bu baxımdan, görürsünüz ki, NATO ilə münasibətlər bu mərhələdə dayandı. Düşünürəm ki, Avropa Birliyi ilə münasibətlərdə də analoji vəziyyət yaranacaq.
[b]- Onda "Şərq Tərəfdaşlığı" proqramına qoşulmağın məqsədi nədir? [/b]
- "Şərq Tərəfdaşlığı" proqramı siyasi hakimiyyət üçün bir təhlükə yaratmır. Amma növbəti mərhələ, artıq assosiativ üzvlük üçün müqavilənin bağlanmasını rejim özü üçün ciddi təsir kimi görür. Çünki yenə də Avropa Birliyi ilə münasibətlərin növbəti mərhələsində həmin tələblər gündəmə gələcək. Yəni demokratik islahatların aparılması, ölkədə azad və ədalətli seçkilərin keçirilməsi prioritet təşkil edəcəkdir. O baxımdan düşnürəm ki, Avropa Birliyi ilə münasibətlərdə Azərbaycan "Şərq Tərəfdaşlığı"ndan o tərəfə getməyəcək. Mənə elə gəlir ki, Rusiyaya qeyri-rəsmi zəmanət verilib ki, Azərbaycan nə NATO-nun, nə də Avropa Birliyinin üzvü olmaq niyyətində deyil. Yəni bir tərəfdən rəsmi Bakı öz siyasi hakimiyyətinin təhlükəsizliyini təmin edir, o biri tərəfdən Rusiya ilə münasibətlərin qırılma nöqtəsinə gəlib çıxmasına imkan vermir.
[b]- Bəzi ekspertlər bildirir ki, Azərbaycanın Rusiya ilə münasibətlərinin tamamiylə qırılmamasının arxasında Qarabağ məsələsinin rəsmi Kremlsiz həllinin mümkünsüzlüyü dayanır... [/b]
- Heç kimə sirr deyil ki, Rusiyanın Gürcüstana təcavüzü, Abxaziya və Osetiyanı işğal etməsi, onları müstəqil dövlət kimi tanımasından sonra, artıq hər kəsə aydın oldu ki, postsovet məkanındakı kofliktlərin, o cümldən Ermənistan-Azərbaycan münaqişəsinin arxasında Rusiya dayanır. Əgər Rusiya bu konfliktin arxasında durursa, bu illər ərzində onun həllində maraqlı olmayıbsa və bu gün də maraqlı deyilsə, indiki kimi güclü bir zamanda təbii ki, güzəştə getməyəcək. Belə olan halda Rusiya ilə yaxınlaşmaq Azərbaycana nə verə bilər? Digər tərəfdən, Azərbaycan Rusiyaya nə qədər yaxınlaşacaq, Ermənistandan yaxın olmayacaq ki? Ermənistanla Rusiya arasında hərbi, siyasi mütəffiqlik sazişi var. Eyni zamanda 25 illik müqavilə imzalanıb və Gümrüdə Rusiyanın 102 saylı hərbi bazası yerləşir. Yəni Cənubi Qafqazda Rusiyanın yeganə hüquqi hərbi bazası Ermənstanda yerləşir. Ona görə də hesab edirəm ki, Rusiyaya yaxınlaşmaqla Qarabağ münaqişəsini həll etmək mümkünsüzdür. Yalnız bundan sonra ağırlaşmaların qarşısını almaq olar.
[b]- Sizin təklifiniz nədən ibarətdir? [/b]
- Rusiyanın Gürcüstana təcavüzü onu göstərdi ki, ABŞ, NATO və Avropa Birliyi ilə münasibətlər düzgün qurularsa, daha səmərəli olar. Görürsünüz ki, Rusiyanı həm Abxaziyanın, həm Osetiyanın inzibati sərhədləri qədər geri çəkilməyə məcbur elədilər. Amma Azərbaycanın bu dəstəyi olmadığına görə, Ermənistan Dağlıq Qarabağın inzibati ərazisi sərhədlərindən kənarda olan Azərbaycanın 7 rayonunu da işğal edib. Yəni bu onu göstərir ki, hazırkı hakimiyyət milli maraqlara söykənən siyasət aparmır. Əgər Azərbaycan milli maraqlara söykənən siyasət aparsaydı, NATO-ya, Avropa Birliyinə üzv olmaq istədiyini bildirsəydi, ABŞ-la starteji tərəfdaşlıq müqaviləsi imzalasaydı, arxasına bu gücləri alsaydı, bu gün ən azı Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad olunmasına nail ola bilərdi.
[b]- Bildiyiniz kimi, mayın 7-də Ermənistan və Azərbaycan prezidentləri görüşdülər. Görüşün detalları barədə ictimaiyyətə ətraflı məlumat verilməsə də, Minsk Qrupunun həmsədrləri prosesi ümumilikdə müsbət qiymətləndirdilər. Siz bilən, hansı müsbət detallar ola bilər?[/b]
- Beynəlxalq birlik Ermənistanla Azərbaycan arasında danışıqların davam etdirilməsini müsbət qiymətləndirir. Onlar düşünürlər ki, danışıqların getməsi müharibədən yaxşıdır. Bilirsiniz ki, Ermənistan tərəfi danışıqlarla bağlı çox ehtiyatlı mövqe bildirir. Azərbaycan tərəfinə gəldikdə isə İlham Əliyev dəfələrlə bildirib ki, uzun illərdir danışıq prosesi davam etsə də, heç bir konkret nəticə yoxdur. İndi danışıqların əsas predmeti gələcəkdə aparılacaq danışıqların prinsiplərinin müəyyənləşməsidir. Hələlik bu danışıqların prinsipləri müəyyənləşdirilməyib. Prinsiplər müəyyənləşməyibsə, deməli, konfliktin nizamlanmasına hələ çox var.
[b]- Ancaq bəziləri budəfəki görüşdə Madrid prinsiplərinin müzakirə olunduğunu bildirirlər...[/b]
- Burada məsələnin əsas mahiyyəti beynəlxalq hüququn prinsiplərinin ziddinə getməkdir. Bilirsiniz ki, beynəlxalq hüquqda həm dövlətlərin ərazi bütövlüyü məsələsi, həm də millətlərin öz müqəddəratını təyin etmək hüququ var. Bizim o "alqışla" qarşıladığımız Lissabon sammitində çox xoşagəlməz sənəd qəbul olundu. O sənəd də Dağlıq Qarabağda yaşayan erməni kökənli Azərbaycan vətəndaşlarına millət kimi öz müqəddəratını təyin hüququ tanındı. İndi də məsələyə bu ampektdən yanaşırlar. Azərbaycanın mövqeyi haqlıdır ki, əgər Dağlıq Qarabağda yaşayan ermənilərin öz müqəddəratını təyin etmək hüququ tanınırsa, bu, ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür.
İkinci prinsipial məsələ danışıqlarda Laçın dəhlizinin statusu, üçüncü, Dağlıq Qarabağın statusunun hansı yolla müəyyən olunmasıdır.
[b]- Maraqlı məsələlərdən biri də odur ki, ölkə başçısı ATƏT-in Minsk Qrupunun fəaliyyətini də tənqid etdi... [/b]
- Mənə elə gəlir ki, ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyindən öncə, Azərbaycan hökumətinin fəaliyyətsizliyindən danışmaq lazımdır. Birincisi, Azərbaycan danışıqları yanlış konsepsiya əsasında aparır. Bu istiqamətdə Azərbaycanın siyasəti yoxdur, çünki bu günə qədər hakimiyyət tərəfindən hər hansı bir konseptual həll yolu təklif edilməyib. Əgər bir ölkənin xarici siyasət konsepsiyası yoxdursa, münaqişənin həllinə aid hər hansı konseptual yanaşması, təkliflər paketi yoxdursa, onda hansı uğurlu diplomatiyadan söhbət gedə bilər? Azərbaycan diplomatiyası yalnız baş verən hadisələrə konyuktura baxımından mövqe bildirməkdən ibarətdir. Ona görə də Azərbaycan özünə tənqidi yanaşmalıdır.
[b]- Sizcə, Azərbaycan danışıqlar zamanı hansı mövqeyi tutmalıdır, əsas arqumentləri nə olmalıdır? [/b]
- Əslində Azərbaycan daxildən güclənməliydi, demokratik islahatlar aparılmalıydı, həm Avropa Birliyi, həm NATO, həm ABŞ, həm də qardaş Türkiyə ilə lazımi səviyyədə münasibətlər qurulmalı idi. Bunların heç biri edilməyib. Azərbaycan ən azından Minsk Qrupunun mandatına uyğun hərəkət etməli idi. Minsk Qrupunun mandatına əsasən Dağlıq Qarabağın sərhədlərindən kənardakı ərazilər boşaldılmadan status məsələsi müzakirə oluna bilməz. Əgər rəsmi Bakı bu günə qədər inadkar siyasət aparıb BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamalara əsaslansaydı, - bu qətnamələrdə də işğal olunmuş ərazilərin qeyd-şərtsiz boşaldılması tələb olunur, - mənə el gəlir ki, bu gün danışıqlar başqa konsepsiya əsasında aparılardı. Onda hansısa bir nəticədən söhbət gedə bilərdi. Çox təəssüf ki, bu, itirilmiş bir zaman oldu. Azərbaycan nə öz geopolitik, geostrateji mövqeyindən, nə də enerji potensialından lazımi səviyyədə yararlana bilmədi. İndi isə günahı Minsk Qrupunun üzərinə atmaq düzgün siyasət deyil.
[b]- Prezidentlərin növbəti görüşünə hazırlıq gedir. Həmsədrlər münaqişə tərəfləri ilə yenidən danışıqlara başlayıb. Növbəti görüşdən nə gözləyirsiniz? [/b]
- Hətta ola bilər ki, hansısa bir deklorativ sənəd imzalansın. Amma konkret olaraq, münaqişənin həlli istiqamətində hansısa radikal dəyişikliklər gözləmirəm. Cənubi Qafqazda konfliklər yalnız bu regionda strateji balans dəyişdikdən sonra mümkündür. Əgər bu günə qədər, Rusiyanın zəif olduğu bir zamanda konflikt həll olunmayıbsa, indi Cənubi Qafqazda həmin ölkənin gücləndiyi, təsirinin artdığı bir zamanda konfliklərin həlli mümkün deyil.
[b]Zaur ƏHMƏD[/b]