ADP Almaniya Bundestaqına məktub göndərəcək

img

18-05-2009 [03:20]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və dünyada baş verən son ictimai-siyasi hadisələr müzakirə edilib və təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılıb. MIA-ya daxil olan məlumata görə, İdarə Heyəti Praqa sammitində Azərbaycan və Ermənistan prezidentləri arasında hər hansı ciddi razılaşmanın əldə edilməməsini Ermənistanın hələ də işğalçılıq siyasətindən əl şəkməməsinin sübutu kimi qiymətləndirib. İH Minsk qrupunun uzun illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir müsbət irəliləyişə nail olmamasını, nəticədə münaqişənin uzun müddət dondurulmasına gətirib çıxardığını, bu quruma üzv olan həmsədrlər arasında səmimi, qarşılıqlı əməkdaşlığın və kollektiv həmrəyliyin olmadığını, bütünlükdə qurumun indiyədək münaqişənin həlli ilə bağlı verdiyi təkliflərin ədalətsiz və beynəlxalq hüquqa zidd olduğunu, zaman-zaman həmsədr dövlətlərin nümayəndələrinin verdiyi bəyənatlarının onların missiyasını aşdığını nəzərə alaraq bu qrupun böhran yaşadığını, münaqişənin həllində effektli fəaliyyət göstərə bilmədiyini diqqətə alaraq bu münaqişənin həllinə dair vasitəçilik missiyasının yenidən təşkil olunmasına çağırıb. İdarə Heyəti Almaniya Bundestaqının Cənubi Qafqazdakı vəziyyətə dair qəbul etdiyi qətnamə ilə əlaqədar məmnunluğunu qeyd edib, bu sənəddə Ermənistanın beynəlxalq səviyyədə işğalçı tərəf kimi tanınmasını yüksək dəyərləndirib, iqtidarı, dünyanın digər dövlətlərinin parlamentlərində analoji sənədlərin qəbulu üçün əməli addımlar atmağa çağırıb. İH həmçinin Almaniya Bundestaqına Qafqazdakı vəziyyətə obyektiv qiymət verdiyinə görə təşəkkür məktubu göndərmək haqqında da qərar verib. Toplantıda Türkiyənin baş naziri R.T.Ərdoğanın Azərbaycan və Rusiyaya səfəri ətrafında da fikir mübadiləsi aparılıb. Ərdoğanın Bakıda səsləndirdiyi bəyənatlardan razı qaldıqlarını bildirən İH üzvləri, eyni zamanda iki qardaş ölkə arasında gələcəkdə bu cür gərginliklərin yaranmaması naminə ciddi siyasi qərarların ortaya gəlməməsindən təəssüfləndiklərini də bildiriblər. İdarə Heyəti həmçinin Türkiyə-Rusiya əlaqələrinin yeni səviyyəyə qalxmasının Cənubi Qafqazda baş verən hadisələrə müsbət təsir edəcəyinə ümidvar olduğunu bildirib. Bundan əlavə, İdarə Heyəti 28 may Respublika günü ilə əlaqədar məsələni də müzakirə edib və bu bayramın yüksək səviyyədə qeyd olunmasının zəruriliyini diqqətə çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA