17-05-2009 [04:54]
Eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasında (ACP) daxili gərginlik səngimək bilmir. Bu dəfəki narazılıq isə partiyanın passiv mövqeyə keçməsi ilə bağlıdır. Rəsul Quliyevin müşaviri Zəminə Dünyamalıyeva ACP rəhbərliyini partiyanı ölü quruma çevirməkdə ittiham edir. Bu və digər məsələlərlə bağlı müsahibə verən Zəminə xanım ya ACP-nin normal fəaliyyət göstərməsini, ya da fəaliyyətinə xitam verilməsini istəyir.
- Mən həmişə obyektivliyin tərəfində olmuşam. Hesab edirəm ki, bir işi görəndə ya yaxşı görməlisən, ya da görməməlisən. Məsələ burasındadır ki, hazırda məni nəinki ACP-nin, ümumiyyətlə, müxalifət partiyalarının heç birinin vəziyyəti məna qane eləmir. ACP-də vəziyyət elədir ki, heç bir siyasi fəaliyyət göstərmək mümkün deyil. Ona görə də mən təşəbbüskar olaraq, partiya rəhbərliyinin fəaliyyətsizliyi barədə mətbuatda çıxışlar edirəm. Bu gün qarşımızda bir sıra vacib məsələlər var - partiya qeydiyyatdan keçməlidir, qarşıdan gələn bələdiyyə və parlament seçkilərinə hazırlaşmalıdır. Ya bunları həyata keçirmək lazımdır, ya da partiya öz nizamnaməsinə uyğun olaraq, fəaliyyət göstərə bilmədiyi üçün onun fəaliyyətinə xitam verilməlidir. Yəni vəziyyət bu cür davam edə bilməz.
[b]- Zəminə xanım, ACP-nin belə bir vəziyyətlə üzləşməsinə görə kimi günahkar sayırsınız? [/b]
- Problemlər bir nəfərdən asılı deyil ki, deyəsən günahkar filankəsdir. Mən hesab edirəm ki, partiyanı bu vəziyyətə ACP-nin bugünkü rəhbərliyi gətirib çıxarıb. Partiyanın bu vəziyyətə düşməsinin obyektiv və subyektiv səbəbləri var. İndi mən günahkar axtarmaq fikrində də deyiləm. Sadəcə olaraq, ya siyasi meydanda olmalıyıq, ya da oradan birdəfəlik getməliyik. O mənada deyirəm ki, partiya ya dirçəlməlidir, ya da fəaliyyətinə xitam verilməlidir.
[b]- Bir məsələdə də var ki, partiya rəhbəri kimi Akif Şahbazov, Yaqub Abbasov mətbuatda çıxış edirlər...[/b]
- (Tələsik) Mətbuatda çıxış eləmək partiyanı inkişaf etdirmək demək deyil. Düzdür, partiyanın gördüyü işlər ictimaiyyətə çatdırılmalıdır. Amma əsas məsələ partiyanı ayaqda saxlamaqdır. Görün, partiya nə zamandır yaranıb, hələ də qeydiyyatı yoxdur. Bu işləri partiya rəhbərliyi həyata keçirməlidir.
[b]- Təşəbbüs də sədrdən gəlməlidir... [/b]
- Sizinlə razıyam. Akif Şahbazovun sədr kimi təşkilatçılıq qabiliyyəti yoxdur. Mən Akif Şahbazovu hələ ADP-də baş katib olanda qəbul eləməmişəm. Ancaq bu məsələ sırf Akif Şahbazovla da bağlı deyil. Onun günahı ondadır ki, təşkilatçılıq qabiliyyəti yoxdur. Ona görə də hesab edirəm ki, bu gün ACP-nin bu vəziyyətə düşməsinin günahını 100 faiz Akif Şahbazovun üstünə yıxmaq insafsızlıq olardı.
[b]- Yaxşı, Akif Şahbazovdan başqa kimlər var? [/b]
- Təbii ki, partiyanın əsas iş görmək səlahiyyətləri sədrdədir. Ancaq digər müavinlər də var ki, ondan geri qalmırlar. Akif Şahbazov isə neçə müddətdir ki, gedib oturub rayonda, onu oradan gətirmək mümkün deyil. Biz danışırıq, deyinirik, gəlir Bakıya, beş gündən sonra yenə rayona gedir. Axı, belə sədrlik eləmək olmaz!..
[b]- Necə düşünürsünüz, Akif Şahbazovun istefası ACP-dəki vəziyyətin düzəlməsinə səbəb olarmı?[/b]
- Mən məsələyə bu cür yanaşmağın tərəfdarı deyiləm. Əgər mənim bu fikirləri söyləməyimdə qərəzim olsa, deyərəm ki, Akif Şahbazov istefa verməlidir, yaxud o istefa versə, hər şey düzələr. Mən bu cür mövqe sərgiləmək istəməzdim. Amma hesab edirəm ki, insan öz yerində olmadığını dərk edəndə vəziyyətdən çıxış yolunu düşünməlidir. Əgər bu gün Akif Şahbazov sədr kimi etimadı doğrultmayıbsa, sədrlikdən getməlidir. Məsələn, mən onun yerinə olsam, belə edərəm. İşinin öhdəsindən gələ bilməyən digər şəxslər də istefa verməlidir.
[b]- Siz bu fikirlərinizi Akif Şahbazova birbaşa demisinizmi?[/b]
- Bu günə kimi Akif Şahbazova dəfələrlə işləyə bilmədiyini, sədrliyi bacarmadığını, təşkilatçılıq qabiliyyətinin olmadığını demişəm. Mətbuatda da kifayət qədər bu mövzuda çıxışlar etmişəm. Mən arxada qeybət eləmirəm, sözümü həmişə adamların üzünə deyirəm.
[b]- Bəs, Sizin bu təklifinizə Akif bəyin cavabı necə olub?[/b]
- Düz sözə nə deyəcək? Mən həqiqəti deyirəm. Akif Şahbazov fikirləşsin və görsün ki, əgər mən ona böhtan atıramsa, sonra inciyər. Hamı bilir ki, vəziyyət mən dediyim kimidir.
Bir dəfə partiyanın qərargahına getmişdim, onda qərargahımız var idi. Akif Şahbazov isə qərargahın qapısını bağlayıb rayona getmişdi. Mən onda getdim qapını açdırdı, orada səliqə-səhman yaratdım, İdarə Heyətini yığdım. Dedim ki, belə olmaz, gedin o adamı gətirin, sədrliyini icra eləsin. Əgər işləmirsə, çıxıb getsin, ya da rəhbərliyi müavinlərindən birinə həvalə eləsin. Onda da bəziləri deyirdi ki, guya mənim nəsə başqa marağım var. Hətta Akif Şahbazov dedi ki, sədr olmaq istəyirsənsə, Ali Məclisi çağır, sədr ol. Amma mən sədr olmaq istəsəydim, qurultayda namizədliyimi verərdim. Məsələ burasındadır ki, düz söz deyəndə də orada bir qərəz, bir maraq axtarırlar. Kimin nə deməsindən asılı olmayaraq, mən özümdə məsuliyyət hiss edirəm. Hesab edirəm ki, partiyanın bu vəziyyətə düşməsində mənim də müəyyən rolum var. Amma hamı bilir ki, mən lazımi qədər çalışmışam. Səlahiyyət başqasında olduğu üçün də mən bundan artıq iş görə bilməzdim.
[b]- Deyirsiniz ki, hələ ADP-də olanda bu adamın idarəçilik qabiliyyətinin olmadığını bilirdiniz. Bəs, onda niyə onun sədr seçilməsinə imkan verdiniz? [/b]
- Birincisi, partiyanın sədri bir nəfərin səsi ilə seçilmir. Əslində mənim Akif Şahbazova sədr kimi etimadım yox idi. Amma etimadı olanlar var idi. Təbii, əgər mən israr etsəydim ki, o, sədr olmasın, qarşısını ala bilərdim. Amma düşündüm, kimlərsə zənn edər ki, Zəminə haqsızlıq elədi. Fakt odur ki, hər şey ortadadır. Mənim o dövrdə deydiyim fikirlər indi özünü doğruldur ki, oğrudan da sədr postu Akif Şahbazovun yeri deyil.
[b]- ACP-də baş verənlərdən Rəsul Quliyevin xəbəri varmı? [/b]
- (Gülür) Təəssüf ki, ACP-də heç nə baş vermir. Əgər nəsə baş versəydi, mən çox sevinərdim. Mənfi, yaxud müsbət nəsə baş verirsə, deməli, orada ölü mühit yoxdur. Məslə ondadır ki, bu gün ACP-də ölü mühit hökm sürür, ona görə də heç nə baş vermir. Mənə elə gəlir ki, Rəsul müəllimin də ACP-yə heç bir ümidi yoxdur. Rəsul Quliyev partiya yaratdı, qurultay keçirdi, amma təəssüf ki, onun irəli sürdüyü namizəd, yəni Akif Şahbazov heç nə edə bilmədi, etimadı doğrultmadı.
Bir də ki, Rəsul müəllim burada vəziyyətin necə olduğunu yaxşı bilir. Özü də Rəsul müəllim hər xırda məsələyə müdaxilə eləmir, gözləyir ki, təşkilat özü bir nəticə çıxarsın. Əgər çıxış yolu tapılmasa, Rəsul müəllim müdaxilə edəcək.
[b]- Sizcə, artıq müdaxilə etməyin zamanı deyilmi? [/b]
- Mənə elə gəlir ki, ACP bu problemin öhdəsindən Rəsul Quliyevsiz gələcək. Hər şeydən ötəri onu narahat eləməyə dəyməz.
[b]- Müstəqil İnformasiya Agentliyinin yaydığı xəbərə görə, Rəsul Quliyev vətənə qayıtmaq üçün hakimiyyətlə danışıqlar aparır. Elə ACP-nin passiv mövqeyə çəkilməsi də onun tapşırığıdır. Akif Şahbazovun son günlər mətbuatdan yayınması da müəyyən şübhələri yaradır. Bu barədə nə deyə bilərsiniz? [/b]
- Rəsul müəllim bundan artıq nə etməliydi ki? Partiyanı o yaratdı, cəmiyyətə o təqdim elədi. Hamı da bildi ki, bu partiyanın lideri Rəsul Quliyevdir. Akif Şahbazov kim idi ki, partiya yaratsın? Onun ətrafına heç kim toplaşmazdı da. Rəsul müəllim bu partiyanı müəyyən səviyyəyə gətirib çıxardı. İndi Rəsul Quliyev Amerikada iş-gücünü atıb hər gün Akif Şahbazova deməlidir ki, sən rayonda oturma, vəzifəni icra elə? Məsələ bundadır ki, gərək hər kəs üzərinə götürdüyü məsuliyyəti layiqincə yerinə yetirsin. Əgər bu adamların qabiliyyətləri yoxdursa, özləri də üzə dirənib getmirlərsə, onda Rəsul müəllim nə etməlidir?
Qaldı ki, partiyanın passiv mövqeyə çəkilməsi guya Rəsul müallimin göstərişidir, bunu qəbul etmirəm. ACP birdən-birə belə vəziyyətə düşmədi. Partiya rəhbərliyinin apardığı siyasət, daha doğrusu, aparmadığı siyasət, belə bir şəratin yaranmasına səbəb oldu. Yəni bu indinin söhbəti deyil ki, belə bir fikir ortaya çıxsın. Partiya işi elədir ki, hər gün, hər saat çalışmalısan, ideya verməlisən. Ancaq bu adamlarda qabiliyyət yoxdur.
Yaqub Abbasov deyir ki, bələdiyyə seçkilərinə hazırlaşırıq. Mən isə başa düşə bilmirəm ki, nə ilə hazırlaşır. Sənin partiyan hansı tələbə cavab verir ki, seçkiyə gedirsən? Nə qədər yekə-yekə danışmaq, nə qədər ictimaiyyəti aldatmaq olar?
[b]- Siz bilən partiya daxilində baş verən bu proses hansı sonluqla nəticələnəcək? ACP Azərbaycan siyasətində qacaqmı, yoxsa... [/b]
- Mənim şəxsi fikrim odur ki, partiyada rəhbərlik - sədr və müavinlər istefa verməlidir. Ya bunlar istefa verməlidir və rəhbərliyə partiyanı idarə edə biləcək adamlar gəlməlidir, ya da partiyanın fəaliyyətinə xitam verilməlidir. Vəziyyətdən çıxış yolu ancaq budur.
[b]Zaur ƏHMƏD[/b]