13-05-2009 [05:50]
Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxış edib: ?Özümü öz evimdə, öz məclisimdə çıxış edirəmmiş kimi hiss edirəm. Bakıda mənə və heyətimə göstərdiyiniz isti münasibət bunun sübutudur. Bütün Azərbaycan xalqına təkəşşür edirəm. Biz də sizlərə Türkiyədən 71, 5 milyon qardaşlarınızın salamlarını gətirmişik. Ankaradan Bakıya, İstanbuldan Laçına, Bursadan Şirvana, İzmirdən Ağdaşa salam olsun. Türk və Azərbaycan xalqları arasında qardaşlıq gerçəkdir. Aramızda bir-birinə dəstək olmaq ruhu yaxşı gündə olduğu kimi, savaşda da davam edib. Xalqlarımız birlikdə bir yerdə savaşıb. Azərbaycanın hüriyyəti, rifahı bizim özümüzünkü qədər önəmlidir. Bizim aramızda sarsılmaz bağlar var. İnananclarımız, mədəniyyətimiz birdir. Tarix boyu eyni nağıllar, eyni musiqi, eyni oyunlar ilə böyümüşük. 1920-ci ildə Azərbaycan bolşeviklərin əlinə düşəndə Atatürkün dediyi kimi, Azərbaycanın qəmi bizi kədərimiz, xoşbəxtliyi bizim xoşbətliyimizdir. Məmməd Əmin Rəsulzadənin qəbri Türkiyədədir.
Türkiyə Azərbaycanın istiqlaliyyətini tanıyan ilk dövlətdir. Türkiyə Azərbaycan münasibətləri o tarixdən bu günə kimi tarixi mədəni köklər üzərində daim inkişaf edib. Bu münasibətlər başqa ölkələrlə müqayisə edilməyəcək dərəcədə dərin və yaxındır. Bunu yalnız biz deyil, hamı bilir. Bu yaxınlığı heç kimin müzakirə mövzusu etməyinə icazə vermərik. Beynəlxalq aləmdə bir-birimizin hüququnu qorumaq ölkələrimizin vəzifəsidir. Bizim aramızda fitnə-fəsada əsla yer olmamalıdır. Əgər kimsə bizim aramızı vurmağa çalışırsa, ona biz belə deyərik: ?Türkiyədə bizim əleyhimizə bir hərəkət, söz ola bilməz. Çünki biz bir-birimizə son dərəcə bağlıyıq və güvənirik.
Sadəcə 2008-ci ildə iki ölkə arasında prezident və baş nazirlər səviyyəsində 10, müxtəlif nazirlər səviyyəsində 30-a qədər qarşılıqlı səfərlər edilib. Bu da iki ölkə arasında olan münasibətlərin göstəricisidir. Özəlliklə son bir neçə ildə iqtisadi münasibətlərimiz, siyasi münasibətlərlə paralel inkişaf edir. Qarşılıqlı ticarət həcmimiz son 4 ildə 40 faiz artaraq, 2008-ci ilin sentyabr ayına kimi 2 milyard dolları keçib. Azərbaycanın qeyri-neft sektoruna sərmayəmiz 3 milyard dolları keçib. Bu, daha da artacaq. Ölkələr arasında iş birliyinin digər vacib məsələsi də bölgədə sülh, təhlükəsizlik, rifaha dəstək verməkdir. Bunun üçün Azərbaycanla həyata keçirilən ortaq enerji layihələrini çox vacib hesab edirəm.
Çox təssüf ki, son vaxtlar yalan xəbərlər üzərinə bu qardaşlığa kölgə salmaq istəyənlər olduğunun şahidi olduq. Bunlara səbəb fevral ayında Türkiyənin Ermənistan ilə münasibətlərini normallaşdırmaq üçün Dağlıq Qarabağdan imtina etməsi barədə yayılan uydurma xəbərlər oldu. O gündən bu günə kimi bütün ictimaiyyətin diqqəti bu məsələyə yönəlib.
Qarabağdan imtina etməsi ilə bağlı fikirlərin Türkiyəyə atılan böhtan olduğunu bildirib. ?Bunu bir daha sizin hüzurlarınızda rədd edirəm. Bunlar hamısı Türkiyə əleyhinə çevrilmiş bir kampaniya idi?. Ərdoğan qeyd edib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması üçün aparılan danışıqlarda heç bir fərqli vəziyyət yoxdur. Ərdoğan sərhədlərin Dağlıq Qarabağ işğal olunandan sonra bağlandığını və bu vəziyyət həll ediləndən sonra açılacağını bir daha vurğulayıb. O qeyd edib ki, bunlar bir-biri ilə bağlı məsələlərdir.
?Qafqaz bölgəsi dünya xəritəsində müqayisə edilməyəcək dərəcədə önəm daşıyır. Bölgədə uzun illərdir davam edən böyük münaqişələr var. Xüsusilə ötən ilin avqust ayında Rusiya ilə Gürcüstan arasında yaranmış münaqişə bir daha göstərdi ki, problemlər həll olunmasa, qaynar nöqtələr yarana bilər. Qafqazda sülhün və təhlükəsizliyin təminatı üçün ?Qafqaz əməkdaşlıq və sabitlik platforması?nın böyük önəm daşıdığını düşünürük. Bu platformaya Azərbaycanın da dəstək verməsi bizi sevindirir. Bizim Türkiyə olaraq, bölgədəki problemlərə münasibətimiz Azərbaycanın baxışından fərqli deyil. Hədəfimiz Cənubi Qafqazda qarşılıqlı anlaşma və yaxşı qonşuluq münasibətlərinə söykənən əlaqələr yaratmaqdır. Ancaq dondurulmuş münaqişələr və problemlərin səbəb olduğu vəziyyət ölkələr arasında yaxşı əlaqələr qurmağa imkan yaratmır?.
Nazir Türkiyənin Qarabağ məsələsində siyasətinin açıq-aydın olduğunu qeyd edib. "Bu günə qədər siyasətimizdə dəyişilmə olmayıb". Ərdoğan Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmasının tərəfdarı olduqlarını söyləyib. Onun fikrincə, problemin həll olunmaması heç kimin mənfəətinə uyğun deyil. Bu problemin həll edilməsi səy tələb edir. ?Biz Ermənistan ilə münasibətlərimizi həll etmək üçün müzakirələr aparanda da bunu düşünmüşük. Burada məqsəd yalnız Türkiyə ilə Ermənistan münasibətlərini düzəltmək deyil, eyni zamanda Azərbaycan ilə birlikdə bütün bölgənin sülh və rifahı üçün səy göstərməkdir?.
Baş nazir hətta ABŞ prezidenti Barak Obama ilə görüşlərdə belə əsas müzakirə mövzusunun Türkiyə-Amerika münasibətləri deyil, Azərbaycan-Ermənistan münasibətləri və Qarabağ probleminin olduğunu bildirib. Onun fikrincə, bu yolla da Dağlıq Qarabağ məsələsi Amerika xarici siyasətində gündəmə gəlmiş olub. Rəcəb Tayyib Ərdoğan heç bir zaman Azərbaycanın milli mənefeyinə xələl gətirəcək addımlar atmadıqlarını və bundan sonra da atmayacaqlarını qeyd edib. ?Azərbaycan torpaqlarının işğalı başa çatmadan bölgədə arzu edilən, normal münasibətlərin mümkün olmadığını bütün region ölkələri bilir. Əgər Dağlıq Qarabağ problemində irəliləyiş olmasa, Cənubi Qafqazda sülhün təmin olunması mümkün deyil?.
Problemin həll olunmasının sadəcə Türkiyə Azərbaycan və Ermənistanın deyil, bütün Avrasiya bölgəsi üçün mənfəətli olacağını deyən nazir, sülhün təmin olunması üçün yalnız sözlərin kifayət etmədiyini bildirib. ?Bunun üçün səy göstərmək lazımdır. Sözüm başda Rusiya, Fransa və ABŞ olmaqla Azərbaycan-Ermənistan münaqişəsinin həllində dəstəyi ola biləcək ölkələrədir. Bir an öncə lazımi addımlar atılmalı və nəticə əldə olunmalıdır. Biz istəyirik ki, Türkiyənin varlığı Azərbaycanda inam yaratsın. Biz iki qardaş yaxın münasibətlərimizi davam etdirmək, düşmənə qarşı birlik olduğumuzu göstərməliyik?.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Milli Məclisdəki çıxışı onun Azərbaycan himninin bir hissəsini oxuması ilə başa çatıb. /ANS PRESS/