Rusiyanın xarici izlər naziri Obama ilə görüzüb

img

08-05-2009 [03:08]


Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Amerika Birləşmiş Ştatlarına səfəri davam edir. Amerikanın dövlət katibi Hillari Klintonla görüşdən sonra, Rusiyanın baş diplomatı prezident Barak Obama ilə də görüşüb. ABŞ prezidenti ilə Rusiyanın xarici işlər naziri arasında Ağ evdə baş tutmuş görüşdən sonra, tərəflər birgə mətbuat konfransı keçiriblər. Tədbirdə Amerikanın dövlət başçısı bildirib ki, iki ölkə bir çox məsələlərə dair razılıq əldə etmək üçün yaxşı perspektivə malikdir. Barak Obama: "Bizim nüvə silahlarının yayılmasından tutmuş, Əfqanıstan və Pakistandakı vəziyyət, İran və Yaxın Şərqə yanaşma, iki ölkə arasında ticari əlaqələr, dünyada bütün dövlətlərin iqtisadiyyatlarına böyük ziyan vurmuş maliyyə böhranına münasibətdə tutacağımız mövqeyə qədər bir çox məsələlərdə ABŞ və Rusiya arasında münasibətləri yenidən qurmaq üçün əla imkanımız var". Sergey Lavrov da öz növbəsində Rusiyanın ABŞ-a münasibətdə ümumi maraqlar və qarşılıqlı hörmət prinsipindən çıxış etdiyini bildirib: "Biz doğrudan da, London görüşü zamanı siz və prezident Dmitri Medvedevin bizə tapşırdığı sənədlərin hazırlanması istiqamətində ciddi çalışırıq. Mən bir daha sizə çatdırmaq istəyirəm ki, prezident Medvedev iyulda sizinlə Moskvada görüşməyi səbirsizliklə gözləyir". Qeyd edək ki, bundan bir qədər əvvəl ABŞ-ın dövlət katibi Hillari Klinton və Sergey Lavrov keçirdikləri görüşdən sonra Gürcüstanla əlaqədar fikir ayrılıqlarının silahlara nəzarətlə bağlı aparılan danışıqlara təsir etməyəcəyini bəyan ediblər. Ekspertlər Rusiya xarici işlər nazirinin bu səfərinin iki dövlət arasında son illər korlanmış münasibətlərin qaydaya salınması baxımından əhəmiyyətli olduğunu bildiriblər. Barak Obama ilə Sergey Lavrov arasında görüş NATO-nun Gürcüstanda keçirdiyi hərbi təlimlərlə bağlı münasibətlərin yenidən gərginləşdiyi vaxta təsadüf edib. Vaşinqtona gəlməzdən öncə, rusiyalı nazir bu təlimlərə etiraz əlaməti olaraq mayın 19-da NATO-da keçirəcəyi görüşü təxirə salıb./ANS TV/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA