04-05-2009 [03:25]
[b]İlyas İsmayılov: "İndiyə qədər müxalifətin birliyi istiqamətində çox hərəkətlər olub, çoxlu birliklər elan edilib, amma birlik alınmayıb" [/b]
Müxalifət qüvvələri hər seçkidə olduğu kimi, qarşıdan gələn bələdiyyə seçkilərində də birgə iştirak edə bilməyəcək. Belə ki, Qarabağ və Respublika Uğrunda Hərəkatda altı partiya, Demokratiya Uğrunda İttifaqda beş partiya qarşıdakı seçkilərdə birgə iştirak etmək niyyətindədir. Vahid müxalifət cəbhəsinin yaradılması isə liderlərin maraqları üzündən baş tutmur. Bələdiyyə seçkilərində təkbaşına iştirak etməyi düşünən Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılovla söhbətimizə də elə bu mövzudan başladıq.
- Biz qarşıdan gələn bələdiyyə seçkilərində iştirak etmək niyyətindəyik. Yerli təşkilatlara da göstəriş vermişik ki, seçkilərdə iştirak etmək lazımdır. İnsanlar tərəfindən qəbul olunan namizədlər tapmaq vacibdir. Bir sözlə, hazırlıqlar gedir.
[b]- Seçicilər tərəfindən qəbul olunan namizədi tapmaqda çətinlik çəkməyəcəksiniz ki? [/b]
- Problemsiz cəmiyyət yoxdur. Bəzi rayonlarda təşkilatımız güclüdür, bəzilərində zəif. Çalışırıq ki, zəif olan təşkilatlarımızı gücləndirək. Problemlər var, amma çalışırıq ki, onlar həll olunsun.
[b]- Seçkilərə təkbaşına getmək niyyətindəsiniz, əməkdaşlıq etmək üçün özünüzə layiq müttəfiq yoxdur, yoxsa... [/b]
- Hələlik o məsələni müzakirə eləmirik. Çalışırıq ki, öz imkanlarımızla hərəkət edək. Mənə elə gəlir ki, işin xeyri üçün bütün variantlardan istifadə etmək lazımdır. Ancaq hələlik kimlərləsə əməkdaşlıq etmək haqda fikirləşməmişik.
[b]- Əksər müxalifət partiyaları Qarabağ və Respublika Uğrunda Hərəkatda bir araya gəliblər...[/b]
- (Sözümüzü kəsərək) Mən onlara uğurlar arzulayıram. Hər partiyanın özünün müəyyən qrup maraqları var və bu maraqlara uyğun fəaliyyət göstərirlər. Onların bir arada olması bizdə qısqanclıq yaratmır. Bir yerdədirlər, qoy olsunlar, onlara uğurlar arzulamaqdan başqa bir söz deyə bilmərəm.
[b]- Məsələ ondadır ki, bələdiyyə seçkilərində geniş spektrli namizədlər siyahısı lazımdır. Ədalət Partiyası bunun öhdəsindən təkbaşına gələ biləcəkmi? [/b]
- Razıyam ki, bələdiyyələr çoxdur və hər bir bələdiyyəyə namizəd irəli sürmək çətindir. Amma imkanımız çatdığı qədər namizədimiz olacaq. Hansı rayonda güclüyüksə, oradan namizəd irəli sürəcəyik.
[b]- Son bir neçə ildə Ədalət Partiyası müxalifət düşərgəsində yaradılan birliklərdən kənarda qalır. Buna səbəb nədir? [/b]
- Mən şikayət etməyi sevmirəm. Kimdənsə, nəyə görəsə şikayət etmək fikirim də yoxdur. Bilirsiniz, hər birliyin özündə də müəyyən problemlər olur. Kim birləşirsə, mövqelərini uyğunlaşdırırsa, bir yerdə gedirlərsə, özləri bilər. Hələlik bizim belə bir fikrimiz yoxdur.
[b]- Bəs, müxalifətin bu birliyinin perspektivini necə görürsünüz? [/b]
- İndiyə qədər müxalifətin birliyi istiqamətində çox hərəkətlər olub, çoxlu birliklər elan edilib. Nəhayət, məlum olub ki, birlik alınmayıb. Bunu da ficiə kimi qəbul etmək olmaz. Çünki qeyd etdiyim kimi, insanın maraqdan kənar davranışı yoxdur. Hər bir partiyanın özünün qrup marağı, hər bir liderin özünün ambisiyası var. Həm də insanlar arasında antipatiya, simpatiya məsələsi mövcuddur. Buna görə də bəzən birliklər alınır, bəzən də yox. Onu da faciəyə çevirməyə dəyməz.
[b]- Demokratiya Uğrunda İttifaq müxalifətin ümumi konfransının keçirilməsi təklifini irəli sürsə də, hərəkatdakı partiyalar bunu qəbul etmədilər, Siz nə düşünürsünüz?[/b]
- Düşünürəm ki, cəmiyyətdə bütün problemlər müzakirə əsasında həll olunmalıdır. Fikir mübadiləsi, dialoq olmalıdır, başqa yol görmürəm. Müxalifət daxilində qarşıdurmaya getməyin əhəmiyyəti yoxdur. Müxalifət arasında da fikir mübadiləsi olmalıdır. Birinin digərini inkar etməsi düzgün yol deyil.
Mən də mətbuatda müxalifət liderlərinin fikirlərini oxuyuram. Bəzi qruplar başqasının gücünü etiraf eləmir, hətta təhqiramiz ifadələr də işlədirlər. Çoxpartiyalı sistemi biz təzə görürük və burada da partiyaların yaranmasında bir çox obyektiv hallar pozulub. Ona görə də bu vəziyyətlə qarşılaşırıq. Ümumiyyətlə, siyasi partiyalar cəmiyyətdə müəyyən siniflər, təbəqələr formalaşdandan sonra yaranmalıdır və həmin siniflərin, təbəqələrin mənafeyini ifadə edən siyasi qurm kimi fəaliyyət göstərməlidir. Biz də isə adətən, partiyalar müəyyən şəxslərin nüfuz dairəsində və yaxud regional əsasda yaranır. Problemlər də bu amildən doğur.
[b]- Bəs, Ədalət Partiyası hansı prinsiplərlə yaranıb? [/b]
- Ədəlat Partiyası regional əsasda yaranmayıb. Cəmiyyətin tələbi ilə yaranıb. Onu da deyim ki, partiyalar o vaxt güclü olur ki, onlar ideya əsasında yaransın.
Azərbaycanda çoxpartiyalı sistem olsa da, müəyyən nöqsanlarımız var. Bu nöqsanlar da obyektiv səbəblərdən irəli gəlir. Bu, partiya liderlərinin günahı deyil. Bir də ki, partiyaların inkişafına hamımız yardım etməliyik. Mən ilk növbədə məsələnin maddi tərəfini nəzərdə tuturam. Ona görə də müxalifət partiyaları arasındakı problemlərə obyektiv prizmadan baxmaq lazımdır.
[b]- DUİ-nin başqa bir təklifi Qarabağ Forumunun keçirilməsi ilə bağlı idi... [/b]
- Fransanın məşhur dövlət xadimi general De Qol deyirdi ki, əgər biz hər hansı problemi həll etməyə qadir deyiliksə, heç olmasa, problemi gündəlikdə saxlamalıyıq. Ona görə də hesab edirəm ki, Qarabağ problemi hər gün müzakirə olunmalı, diqqətdə saxlanılmalıdır. İstər müxalifət partiyaları, istər vətəndaşlar, istərsə də müxalifətlə iqtidar arasında davamlı müzakirələrə aparılmalıdır. Bir halda ki, bizim qanayan yaramız sağalmayıb, onun barəsində fikirləşməliyik. Mənə elə gəlir ki, heç kim bu müzakirələri əhəmiyyətsiz saymaz.
[b]- Amma ADP sədri Sərdar Cəlaloğlu belə bir müzakirənin aparılmasını indiki məqam üçün əhəmiyyətsiz sayır... [/b]
- Bu da onun fikridir. İndi başqasının fikrinin incəliyinə getməli deyilik ki? Ola bilsin ki, o, məsələylə bağlı belə düşünür. Mənə elə gəlir ki, bu məsələ həmişə gündəlikdə saxlanmalıdır.
[b]- Onda Qarabağ Forumunda iştirak edəcəksinizmi? [/b]
- Baxarıq da, forum hansı şəraitdə, necə keçiriləcək. Mən həmişə müzakirələrdə iştirak etməyin tərəfdarıyam. Siz jurnalistlərdə isə bir şey var ki, cəmiyyətdə olan problemləri həll etmək əvəzinə, insanları qarşı-qarşıya qoymağa çalışırsınız. Bu, düzgün deyil. Hamı eyni cür fikirləşə bilməz. Fikir müxtəlifliyindən həqiqətə gəlmək lazımdır.
[b]- Həmkarınız Qüdrət Həsənquliyev bir müddət öncə Milli Məclisdə Qarabağ Komitəsinin yaradılması təklifini irəli sürmüşdü. Bu məsələyə necə baxırsınız?[/b]
- Komitənin yaranmasını da müsbət hal hesab edirəm, yaranmasa da burada faciə yoxdur. Qarabağdan vacib problemimiz də yoxur. Milli Məclisdə də belə bir komitə yaradılsa, daha yaxşı olar.
[b]- İlyas müəllim, bildiyiniz kimi, bu günlərdə Neft Akademiyasında faciəli hadisə baş verdi. Keçmiş baş prokuror kimi, bu hadisəyə Sizin də fikirlərinizi öyrənmək istərdik. [/b]
- Əvvəla onu deyim ki, hüquqşünasın fikri qanunun obyektiv təhlilindən doğmalıdır, yaxud da baş vermiş hadisə haqqında hərtərəfli, dərin məlumat əsasında olmalıdır. Kimlərsə tez fikir söyləyir, mən onun tərəfdarı deyiləm. Hesab edirəm ki, baş verən hadisə böyük faciədir. Özü də təkcə dünyasını dəyişənlərin və yaralananların ailəsi üçün yox, bütün Azərbaycan xalqı, dövlətimiz üçün böyük faciədir. Gör, nə qədər gəncimiz dünyasını dəyişdi. Bu barədə tələm-tələsik fikir söyləməyi məqsədəuyğun saymıram. Sadəcə olaraq, həm də bir fikir məni düşündürür ki, o, niyə məhz Neft Akademiyasını seçdi, onu ora nə bağlayırdı? Cinayətin törədilmə motivini müəyyən etmək, bir çox qaranlıq məqamlara aydınlıq gətirmək üçün mənə elə gəlir ki, bu suala cavab tapmaq lazımdır. Qəzetlərdə onun atasının müsahibəsini oxuyuram ki, guya o, əlinə silah almayıb. Amma faciə göstərir ki, o, çox mahir atıcı olub. Sonra o, silahı hardan alıb? O, özü-özünümü öldürüb? Yəqin ki, istintaqda bunlar aydınlaşdırılacaq. Çox suallar var, hesab edirəm ki, məsələylə bağlı fikir söyləməkdə də ehtiyatlı olmaq lazımdır. Yəni obyektiv olmaq naminə ehtiyatlı fikirlər söylənilməlidir.
[b]- Bu hadisəni terror aktı kimi qəbul etmək olarmı? [/b]
- Mən bu gün mətbuatdan oxudum, bəziləri deyir ki, cinayət işi adamöldürmə kimi qaldırılıb, terror hadisəsi kimi qaldırılmayıb. Qaldırsınlar, mən burada problem də görmürəm. İstintaq prosesində hər şey məlum olacaq.
[b]- Hadisə baş verdikdən sonra hüquq-mühafizə, təhlükəsizlik orqanlarını ittiham edənlər də oldu. Sizcə, hadisəylə bağlı hüquq-mühafizə orqanlarını suçlamaq olarmı?[/b]
- Bu məsələlərdə hər şeyi hüquq-mühafizə orqanlarının üzərinə qoymağı düzgün hesab etmirəm. Araşdırmaq lazımdır ki, hadisənin mahiyyəti nədir. Hələlik bu cür maksimalist fikirlər işlətməyin tərəfdarı deyiləm.
[b]- Sizin təklifləriniz nədən ibarətdir və hansı tədbirlər həyata keçirilməlidir? [/b]
- İşin materialları ilə tanış deyiləm. Ona görə də kənardan məsləhət verməyi düzgün hesab etmirəm. Azərbaycanda peşəkar müstəntiqlər, əməliyyat işçiləri var. Bu, hər bir azərbaycanlının heysiyyatına toxunan haldır. İlk növbədə bunun baş vermə səbəbi araşdırmalıdır. Gələcəkdə də belə hadisələrin baş verməsinin qarşısı alınmalıdır. Hesab edirəm ki, bizim istintaq və əməliyyat işçiləri bunun öhdəsindən gələ biləcəklər.
[b]- İlyas müəllim, oğlunuz Etimad İsmayılovun məsələsi nə yerdədir? [/b]
- Yalnız onu deyə bilərəm ki, oğlumun heç bir cinayət əməli yoxdur, ola da bilməz. Əgər mənim oğlum cinayət etmiş olsaydı, xəcalətimdən camaat içinə çıxmazdım. Biz çox böyük haqsızlıqla üzləşmişik. Təsəvvür edin, o, Çelyabnski vilayətində ərzaq korporasiyası deyilən qurumla taxıl almaq üçün müqavilə bağlayır. Vaxt keçir, taxılı da vermirlər, pulu da qaytarmırlar. Məktub göndərirlər ki, müqavilənin şərtlərini yerinə yetirmirsiniz, cavab verilmir. Məhkəməyə müraciət edirlər. İki il məhkəmə davası gedir və bu çəkişmədə oğlumun işlədiyi firma qalib gəlir. Məhkəmə çıxardığı qərarı icraya göndərəndə korporasiyanın sədrindən FSB-yə ərizə daxil olur ki, biz o vaxtı müqaviləni saxta bağlamışdıq, məqsədimiz də büdcənin pulunu yemək idi. Bunun əsasında da oğlumu tuturlar. Pulu qaytarmamaqdan ötrü mülki işi cinayət işinə çevirirlər. Burada bir şeyi nəzərə almaq lazımdır ki, harda cinayət işi gedibsə, orada məhkəmə baxışı aparılmalıdır. Bizim də çalışdığımız ondan ibarətdir ki, qanun gözlənilsin. Xahişimiz bircə o idi ki, istintaq Çelyabnskidə aparılmasın. Çünki yerli çinovniklər həmin pulu "yeyiblər". Amma nə qədər yazsaq da, əhəmiyyət vermədilər. Keçən ilin avqust ayından məhkəmə baxışı gedir. Bir də görürsən ki, üç həftə, dörd həftə fasilə elan etdilər. Dedilər ki, hakimlər oxumağa gedirlər. Əvvəllər ittiham olunan tərəfin heç bir vəsatətini təmin etmirdilər. Son vaxtlar yeni epizod çıxıb. Həmin işdə olan Ukrayna vətəndaşı bəyanat verdi ki, pulu mən "yemişəm", həmin korporasiyanın rəhbəri, bir də qubernatorun birinci müavini ilə, bunları niyə tutmusunuz? Mənim oğlumun da heç bir yerdə imzası yoxdur. Amma həmin korporasiyanın sədrini həbs etməyiblər.
[b]- Belə çıxır ki, məhkəmədən ədalətli qərar gözləmirsiniz? [/b]
- Biz gözləyirik ki, onsuz da o məhkəmədə iş verəcəklər. Çünki haqsızlıqdır. Gözləyirik ki, məhkəmə qərarını versin, ordan yuxarılara şikayət verək, Avropa Məhkəməsinə qədər gedək. Yəni böyük bir haqsızlıqla, zorakılıqla üzləşmişik.
[b]Zaur ƏHMƏD[/b]