Ziyafət Yaqubovanı, Vidadi Bərdəlini və Bahar Lətifqızını aldadıblar

img

28-04-2009 [04:50]


Müstəqil jurnalist Zümrüd Güləliqızı redaksiyamıza müraciət edərək fırıldaqçıların qurbanı olduğunu dedi: "Ötən ilin sonunda özünü bir sıra layihələrin müəllifi kimi təqdim edən Ceyhun Rüstəmov adlı şəxs mənə ATV telekanalına təqdim etmək üçün "Üzünüzü görək" adlı yeni veriliş çəkməyi planlaşdırdığını bildirdi. O, işlərinə dəstək verəcəyim halda layihənin aparıcılığını mənə həvalə edəcəyini dedi. Mən razılaşdım və tanıdığım bir neçə sənət adamını bu layihəyə cəlb etdim. Onlar arasında Ziyafət Yaqubova, Vidadi Bərdəli, Bahar Lətifqızı, skripkaçı Səlim, meyxanaçı Mahir Cürət, nəlbəkiçalan Həsənağa və başqaları var idi. Layihənin mahiyyəti bir neçə sənət adamı ilə birgə bölgələrdə yaşayan insanların evlərinə qonaq getmək idi. Şamaxı, Xaçmaz və Salyanda çəkilişlər apardıq. Təşkilati işlərin çoxunu mən görürdüm. Öhdəmə düşən vəzifəni layiqincə yerinə yetirsəm də, nəticə xeyrimə olmadı. Təbii ki, yol, texnika, operatorlar, montaj və s. - hamısı pul tələb edirdi. Buna görə də layihədə iştirak edən sənət adamlarından müəyyən məbləğdə pul alınmışdı. Dekabrın 28-dən verilişin efirə çıxmasını gözləsək də, xəbər olmadı. Bir müddət sonra Ceyhun və onun Elşən adlı şəriki layihənin ANS telekanalında efirə gedəcəyini dedilər. Amma ANS-dən verilişi özlərinin dəvət etdikləri sənət adamları ilə çəkəcəklərini bildirdilər. Mən bu şərtlərlə razı olmadım. Bir də gördüm ki, ANS-in efirində Çingiz Əhmədovun aparıcılığı ilə verilişin anonsları gedir. Fikirləşdim, əziyyətim cəhənnəmə, təki müğənnilərin yanında üzüağ olum. Amma bir müddətdən sonra anonslar dayandırıldı. Müğənnilərsə gündə zəng vurub pullarını tələb edirdilər". Onun sözlərinə görə, təşkilatçılar uzun-uzadı bəhanələrdən sonra telefonlarını söndürüb aradan çıxıblar. "İki ay öncə polisə müraciət etsəm də, hələ ki, xəbər yoxdur".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA