Ağacan Əbiyev rektor vəzifəsindən çıxarılır

img

28-04-2009 [12:53]


Milli Məclisin Nizam-intizam daimi komitəsinin sədri, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Əbiyevin rektor karyerası təhlükəylə üzləşib. Uzun illər bu təhsil ocağına rəhbərlik edən deputat-rektoru artıq başqası ilə əvəzləmək istəyirlər. Bu barədə "Reytinq"ə Təhsil Nazirliyi sahəsində çalışan və adının çəklməsini istəməyən şəxs məlmuat verib. Onun sözlərinə görə, ölkənin idman siyasətinə ən yüksək səviyyədə diqqətin artdığı bir dönəmdə sözügedən Akademiyada qanunsuz tələbə qəbulları, zaçot-imtahan sessiyalarındakı özbaşınalıqlar ciddi narazılıq yaradıb. Elə buna görə də, Ağacan Əbiyevin rektor vəzifəsindən uzaqlaşdırılması qərara alınıb: "Nəzərinizə çatdırım ki, aprelin əvvəllərində Prezident Aparatının yüksək çinli məmurlarının rəhbərliyi ilə Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin əksər rektorlarının iclası keçirilib. Həmin toplantıda qanunsuz tələbə qəbullarından tutmuş, təhsildəki rüşvətxorluq və digər özbaşınalıq halları müzakirə edilib. Sonda rektorlara özbaşınalıqları aradan qaldırmaq tapşırığı verilib. Bu məsələdən az sonra isə Ağacan Əbiyev Akademiyadakı yaxın ətrafına vəziyyətin gərgin olduğunu və zaçot-imtahan proseslərində rüşvəti minimuma endirməyi tapşırıb. Üstəlik, saxta qəbullarla bilavasitə məşğul olanlara "artıq bunu yığışdırın" deyilib. Amma bu xəbərdarlıqlara baxmayaraq, İdman Akademiyasında kəsiri olan tələbələrdən yenə rüşvət yığılıb. Bununla bağlı məlumat isə yuxarı dairələrə çatdırılıb". Mənbə bildirir ki, bundan sonra Ağacan Əbiyevin rektor vəzifəsindən uzaqlaşdırılması variantı gündəmə gəlib: "Amma bunu elə həyata keçirmək istəyirlər ki, sonradan xoşagəlməz söz-söhbətin yaranmasına rəvac verməsin. Çünki Əbiyev həm Milli Məclisdə komitə sədri, həm də Milli Olimpiya Komitəsində vitse-prezidentdir. Yəni onun ictimai statusu bəzi söz-söhbətlərə yol aça bilər. Ona görə də xoşagəlməzliyin qarşısını almaq üçün Ağacan Əbiyevin vəzifədən könüllü getməsini istəyirlər. Lakin Əbiyev bu təklifə boyun əymək istəmədiyi üçün ona qarşı təzyiqlər işə salınıb". Müsahibimiz A.Əbiyevin "vurulması"nı reallaşdıran və onun ətrafında cərəyan edən proseslərin ciddiliyini təsdiqləyən məqamları da xatırladıb: "Təxminən 2 ay əvvəl gənclər və idman naziri Azad Rəhimov da Ağacan Əbiyevin rəhbərlik etdiyi akademiyada xoşagəlməz proseslərin getməsinə işarə vuraraq, onun faəliyyətini şübhə altına almışdı. Nazir İdman Akademiyasının müəllimlərinin savadsızlığından, qış imtahan sessiyasının nəticələrinin zəifliyindən və digər çatışmayan hallardan danışaraq "Halbuki, akademiyanın məzunu gələcəkdə bu təhsil ocağında müəllim və ya kafedra müdiri ola bilər. Təəssüf ki, səviyyə kifayət qədər yüksək deyil. Vəziyyətdən çıxış yolu kimi tələbələr başqa akademiyalara göndəriləcəklər, orada oxuyacaqlar",- dedi. Daha sonra Azad Rəhimov "Bizdə kimsə vəzifəsindən tutub buraxmır kimi hallara rast gəlinmir",- ifadəsini işlədərək, Ağacan Əbiyevə yuxarı dairələrin mesajını vermiş oldu. Bununla da o, sanki "Ağacan müəllim, vəzifədən getməyin zamanıdır",- deyərək, Əbiyevə vəzifədən könüllü getməyi məsləhət gördü. Razılaşaq ki, Azərbaycanda hər hansı nazirin belə açıq ifadə işlətməsi təsadüfi sayıla bilməz. Görünür, Ağacan Əbiyevlə bağlı verilən ilkin qərardan gənclər və idman naziri də xəbərdardır. Zatən, onun Boks Federasiyasının prezidenti postundan uzaqlaşdırılması da bu prosesin başlancığı idi. İndisə onu rektor vəzifəsi ilə vidalaşmağa məcbur edirlər". P.S. Məsələ ilə bağlı bir neçə dəfə A.Əbiyevlə əlaqə saxlamaq istəsək də, buna nail ola bilmədik. Mövzu ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik.

Digər xəbərlər
SON XƏBƏRLƏR