Azad Rəhimovdan narazılar artır

img

19-04-2009 [03:39]


[b]Gənclər və idman naziri hakimiyyətin ümidlərini doğrultmur [/b] Azad Rəhimov gənclər və idman naziri təyin ediləndən sonra başçılıq etdiyi quruma yeni ruh gətirəcəyi gözlənilirdi. Hətta o, nazir kürsüsünə əyləşən kimi gənclərin diqqətini çəkən bir çox vədlər də verdi. Gənclər şəhərciyi salacaqlarını, idmanda böyük uğurlar əldə edəcəklərini bəyan elədi. Gənclər təşkilatlarının fəaliyyətini gücləndirmək üçün onlara qrantlar verəcəklərini də dedi. Amma ötən müddətdə nazir tərəfindən verilən vədlər reallaşmadı. Doğrudur, Azad Rəhimov müəyyən yeniliklərin olduğunu gizlətmir. Dövlət qulluğu məsələləri üzrə komissiyanın keçirdiyi imtahandan yüksək bal toplayan gənclər problemlə üzləşmədən işə qəbul olunublar. Həmçinin bəzi nazirliklərdən fərqli olaraq, Gənclər və İdman Nazirliyinin yerlərdəki nümayəndələrindən aylıq "hesab" almır. Bu sahədə A.Rəhimovun fəaliyyəti təqdirəlayiqdir. Amma nazir olarkən verdiyi vədlərlə müqayisədə, gördüyü işlər azdır. Son vaxtlar isə A.Rəhimovun işində daha çox nöqsanlar meydana çıxıb. Bununla bağlı bizə bilgi verən və sözügedən nazirliyin strukturunda çalışan şəxsin dediyinə görə, hakimiyyətin yuxarı dairələri də Azad Rəhimovun işindən narazıdırlar: "Bildiyiniz kimi, Azad Rəhimov ixtisasca ingilis dili müəllimidir. Amma o, nazir təyin edildiyi tarixə - 2006-cı ilin fevral ayına qədər "İtaldizayn" Qapalı Tipli Səhmdar Cəmiyyətinin baş direktoru vəzifəsində işləyib. 8 il "İtaldizayn"a rəhbərlik edən A.Rəhimov biznesdən dövlət işinə gəlib. Bunun müsbətlə yanaşı mənfi cəhətləri də var. Xüsusən də idarəetmə sahəsində təcrübəsizliyini biruzə verib". Mənbənin iddiasına görə, əsas narazılıq idman sahəsindəki problemlərdən sonra yaranıb: "Nazirliyin gənclər siyasətinin bərbad olduğu sirr deyil. Referendum zamanı Rəhimovun önə verdiyi gəncləri ölkə ictimaiyyəti gördü. Hətta onlar 10 dəqiqə düz-əməlli çıxış edə bilmədilər. Amma A.Rəhimovun başını idman sahəsindəki problemlər ağrıdıb. Bildiyiniz kimi Azərbaycandakı bir çox nazirlər və imkanlı iş adamları idmana maliyyə yardımı göstərir. Azad Rəhimov isə idmana maddi dəstək verən şəxslərin fəaliyyətini koordinasiya etməyi bacarmayıb. Digər tərəfdən, A.Rəhimovun özündənrazı davranışı bəzi iş adamlarını və vəzifə sahiblərini narazı salıb. Onlar A.Rəhimovla işləmək istəməyiblər. Bu şəxslərin yuxarı dairələrə şikayətlərindən sonra idman federasiyaları tam müstəqilləşib". Azad Rəhimovun bu uğursuzluğu isə onun prespektivinin üstündən xətt çəkir. Belə ki, o, gənclər və idman naziri kimi özünü doğrultsaydı, bu onun hakimiyyətdəki mövqelərini daha da gücləndirərdi. İndi isə proseslər nazirin əleyhinə işləyir. Ona görə də ölkə başçısının qəbuluna düşmək belə, nazir üçün problemə çevrilib. Bu isə A.Rəhimovun nüfuzunu itirməsinin göstəricisidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR