Asim Mollazadə: "Avropa Şurası hansı arazdırmanı aparmaq istəyirsə, buyursun, aparsın"

img

26-04-2009 [08:11]


Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi rəsmi nümayəndələr tərəfindən qətiyyətlə təkzib olunsa da, bu istiqamətdə müzakirələr hələ də davam edir. Azərbaycan-Türkiyə münasibətlərində yaranan soyuqluğun aradan qaldırılması üçün hətta bir qrup deputat parlamentlərarası dostluq İşçi Qrupuna daxil olmaqdan ötrü Milli Məclisin rəhbərinə müraciət də ediblər. Bu və ya digər məsələlərlə bağlı fikirlərini bizimlə bölüşən Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə də həmkarlarını təqdir edir: - Mən neçə illərdir ki, bu qrupa daxil olmaq barədə düşünməmişəm. Çünki hesab etmişəm ki, öz-özümlə dost olacağam? Digər ölkələrlə Azərbaycanın dostluğunun inkişafının da vacib olduğunu düşündüyümə görə bu qrupda üzv olmamışam. Nəticədə bu gün belə qənaətə gəlirəm ki, Türkiyəmizlə daha da sıx əlaqədə olmaq vacibdir. Azərbaycan dəyərləri üzərində qurulmuş, Mustafa Kamal Atatürkün qruduğu dövlət olduğuna görə, Türkiyə ilə münasibətlərimiz daha sıx olmalıdır. Bu gün Türkiyədə erməni lobbisi türklərin lobbisindən daha ciddi işləyir. Hətta bizim qardaşlarımız bizlər barədə yetərincə məlumata malik deyillər, müəyyən problemləri dərinliyi ilə anlamırlar. Azərbaycan-Ermənistan münaqişəsi həll olunmayana qədər, mənə elə gəlir ki, Türkiyə bizim əleyhimizə hər hansı bir addım atmaz. Çünki məhz bu münaqişə səbəb olub ki, Türkiyə Ermənistanla sərhərləri bağlayıb, diplomatik münasibətləri kəsib. Azərbaycanla Türkiyənin birgə addım atmağının səbəbi də zor istifadə etmədən problemin həll edilməsidir. Yəni bizim əlimizdə yeganə bir vasitədir ki, Ermənistanı işğalçı siyasətinə son qoymağa məcbur edək. Əgər Ermənistan öz işğalçı siyasətinə son qoysa, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını Azərbaycan da dəstəkləyər. Sadəcə, bu gün məqam düzgün seçilmədiyinə görə, belə bir vəziyyət yarandı. [b]- Yəni indiki məqamda Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinin gündəmə gəlməsini pisləyirsiniz? [/b] - Məsələ ondan ibarətdir ki, nə Türkiyənin, nə Azərbaycanın mövqeyində Ermənistanın tutduğu mövqe ilə bağlı hər hansı dəyişiklik yoxdur. Belə bir məqamda sərhədlərin açılması təbii ki, problem yarada bilər. Ona görə ki, indi sərhədlər açılarsa, Ermənistan təcavüzkar siyasətini dayandırmayacaq. Təəssüf ki, biz bu mövqeyimizi Türkiyə cəmiyyətinə çatdıra bilmədik. Ona görə, mən də qərar vermişəm ki, Azərbaycan-Türkiyə dostluq qrupunda olub və bu imkanlardan istifadə edərək, öz mövqeyimizi qardaş ölkənin ictimaiyyətinə çatdıraq. Azərbaycanda Türkiyəyə olan sevgi sadəcə, bizim türklüyümüzdən irəli gəlmir. Digər türk ölkələri də var ki, onlarla bu cür sıx münasibətlərimiz yoxdur. Məhz Türkiyə ilə ortaq dəyərlərimiz olduğuna görə, yaxınıq. Bu gün təhlükəsizlik, iqtisadi, siyasət sahəsində birgə fəaliyyət göstərsək, gücümüz on qat arta bilər. Ona görə də belə qərar vermişəm. Çox güman ki, gələn həftə parlament rəhbərliyinə bu qrupa üzv olmaq üçün müraciət edəcəyəm. Hesab edirəm ki, hər iki ölkənin mənafeyinin qorunması istiqamətində daha çox işləməliyik. [b]- Asim bəy, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi gündəmə gələndən sonra Azərbaycanda bir anti-Türkiyə kampaniyası müşahidə olundu. Bunu necə qarşıladınız?[/b] - Şəxsən mən belə bir kampaniyanın aparıldığını görmürəm. Ola bilər ki, Azərbaycanı və Türkiyəni sevməyən, yenidən sovet ittifaqı kimi quruluşa meylli olan hansısa qüvvələr hansısa təbliğat aparsınlar. Amma Azərbaycanda heç zaman anti-Türkiyə kampaniyası ola bilməz. Çünki anti-Türkiyə kampaniyası anti-Azərbaycan kampaniyası kimi bir şeydir. Düşünmürəm ki, Azərbaycanda real siyasi, yaxud da ictimai fəaliyyətlə məşğul olan insanlar cürət edib belə kampaniya aparsınlar. Sadəcə olaraq, narazılıqlar ifadə olundu. Narazılıqlar onunla bağlı idi ki, doğru məqamda olmayan Ermənistan-Türkiyə sazişi Azərbaycan-Ermənistan münaqişəsinin həllinə xələl gətirər, yəni bu məsələdə təcavüzkar Ermənistanı dəstəkləmək anlamına gələ bilər. Bilirsiniz ki, artıq Türkiyənin həm baş naziri, həm prezidenti, həm də xarici siyasi liderləri belə bir şeyin olmayacağı ilə bağlı bəyanat verirlər. Mən də təbii olaraq, onların iradəsinə inanıram. Ona görə də belə bir təhlükəni görmürəm. [b]- Bu məsələnin ABŞ prezidenti Obamanın Türkiyəyə səfəri ərəfəsində gündəmə gəlməsini başqa cür izah edənlər də var...[/b] - Amerika təmsilçilərinin fikirlər ondan ibarətdir ki, saxta genosid məsələsi, əslində ABŞ-ın strateji maraqlarına zərbədir. Ola bilər ki, seçki kampaniyalarında hansısa etnik lobbilərə vədlər verilsin. Amma bu ağır, Amerikanın öz maraqlarına zidd olan qərarı qəbul etmək çətindir. Prezident Obamanın Türkiyəyə səfərini çox yüksək qiymətləndirirəm. Əslində bu səfər həm Türkiyənin, həm bölgədə ABŞ-ın mənafelərinə xidmət edən bir səfər idi. Bir məsələ də var ki, tək Amerika yox, Avropa Birliyi, Fransa tərəfindən də Türkiyəyə təzyiqlər var. Mən bu təzyiləri haqsız hesab edirəm. Əslində bizim istəyimiz bu təzyiqlərin Ermənistan üzərinə yönəlməyidir. Çünki prosesləri pozan, saxta, yalan təbliğat aparan Ermənistandır və erməni diasporasıdır. ABŞ-da Milli Erməni Komitəsinin rəhbəri Mura Topalyan terror aktı üçün silah və partlayıcı verdiyinə görə həbs olunmuşdu. Bu gün Amerika beynəlxalq terrorla mücadilə aparır. Bizim bölgəmizdə də çox ağır mücadilə gedir. Bu mücadilədə Türkiyə və Azərbaycan Amerikanın müttəfiqləridir. Yəni paradoksal vəziyyət yaranır. Bu tərəfdən də qondarma soyqırım məsələləri ilə bağlı Türkiyəyə təzyiqlər edilir. Əgər belədirsə, gəlin araşdırma aparaq. Maraqlıdır ki, ermənilər bu araşdırmalardan da çəkinirlər. Çünki burada yalanlar var və ciddi araşdırma olarsa, tarixi həqiqətlər aşkarlanarsa, artıq bütün bu sistem pozula bilər. Ona görə də, düşünürəm ki, ABŞ ilk növbədə öz maraqlarına uyğun siyasət aparmalıdır. Çünki Orta Şərq bölgəsində ABŞ üçün daha maraqlı dövlətlər Türkiyə və Azərbaycandır. Burada bizim ortaq enerji siyasətimiz var. Yəni ABŞ elə siyasət yürütməlidir ki, müttəfiqlərinə qarşı xırda etnik lobbi qrupların təzyiqi ilə qərarlar qəbul edilməsin. [b]- Başqa mövzuya keçmək istərdim. Bildiyiniz kimi, AŞ PA Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçi təyin edib. Hakimiyyət bunu AŞ PA-nın Azərbaycana ikili standartlarla yanaşması kimi dəyərləndirir. Siz bu barədə nə düşünürsünüz? [/b] - Mənə elə gəlir ki, araşdırma aparılıbsa, burada hər hansı bir faciə yoxdur. Məruzəçi təyin olunub, gəlsin yoxlasın, araşdırsın. Hesab edirəm ki, bu məsələlərə son qoyulmalıdır. Sadəcə olaraq, Azərbaycanda bir çox siyasətçinin narahatlığı ondan ibarətdir ki, 200-ə yaxın siyasi rəqibini zindanda saxlayan, onlarla adamı meydanda öldürən Ermənistana qarşı belə bir münasibət yoxdur. Yəni münasibətlərdə olan fərqlər müəyyən narazılıq doğurur. Mən düşünürəm ki, Azərbaycanın Avropa Şurasındakı nümayəndələri bu barədə fikirlərini ifadə ediblər. Ermənistanda prezident seçkilərində o qədər faciəli hadislər baş verdi. Səhv etmirəmsə, dörd müxalifətçi millət vəkili zindandadır, amma Ermənistana qarşı hər hansı bir addım [b]atılmır. - Bəs, Azərbaycanda vəziyyət necədir? [/b] - Bilirsiniz ki, bu sahə ilə məşğul olan bir sıra hüquq müdafiəçiləri Avropa Şurasına müraciət ediblər. Bunun əsasında Avropa Şurası hansı araşdırmanı aparmaq istəyirsə, buyursun, aparsın. [b]- Siz necə düşünürsünüz, Azərbaycanda siyasi məhbus varmı? [/b] - Mən o siyahıların bəziləri ilə tanış oldum. Əslində bizi narahat edən bir məsələ var ki, biz heç vaxt jurnalistlə məhbəs sözünü bir yerdə qəbul etmək istəmirik. Biz həmişə demişik ki, hətta səhv sözünə görə jurnalistə qarşı Mülki Məcəllədən istifadə olunmalıdır. Bu günlərdə bir jurnalist həbs olunmuşdu, Cinayət Məcəlləsindən istifadə edərək, qərar qəbul edilmişdi. Prezident məsələyə müdaxilə edib qarşısını aldı. Mənə elə gəlir ki, bu kimi addımlara ehtiyac var. Amma eyni zamanda hansısa terrorçu təşkilatların üzvlərini siyasi məhbus kimi qələmə vermək də düzgün deyil. [b]- Sualıma konkret cavab vermədiniz. Bizdə siyasi məhbus varmı?[/b] - Azərbaycanda siyasi məhbus yoxdur. Sadəcə olaraq, Cinayət Məcəlləsinin jurnalistlərə qarşı düzgün olmayan istifadəsi var. Ölkədə deffomasiya haqqında qanun qəbul olunmalıdır və jurnalistlərlə problemlər başqa məcrada həll edilməlidir. [b]- Bəzi müxalifət nümayəndələri siyasi məhbus məsələsi ilə bağlı Azərbaycana təzyiqlərin olacağını bildirirlər. Bu fikirləri bölüşürsünüzmü? [/b] - Avropa Şurası ilə Azərbaycanın münasibətlərini hansısa təzyiqlər, sanksiyalar müstəvisində görməyin qəti əleyhinəyəm. Azərbaycan Avropa Şurası ilə əməkdaşlıq edir və bu quruma könüllü qəbul olub. Bir də ki, Avropa Şurası hansısa islah əmək müəssisəsi deyil ki, kimisə cəzalandırsın. [b]- Asim bəy, partiyanızın qarşıdan gələn bələiyyə seçkiləri ilə bağlı mövqeyini də öyrənmək istərdik. Seçkiyə hazırlaşırsınızmı? [/b] - Bəli, hazırda qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq gedir. Düşünürük ki, hər bir partiyanın borcu seçkidə iştirak etməkdir. Bələdiyyə seçkilərinə də mühüm hadisə kimi yanaşırıq. Yerli özünü idarəetmə sisteminin güclənməsi, işlək formaya gətirilməsi demokratiyanın təməlidir. Ona görə də bu seçkiyə ciddi hazırlaşırıq. Artıq Bakıda, rayon təşkilatlarının bir neçəsində müvafiq treninqlər həyata keçirilib. Yaxın aylarda partiyanın bütün yerlərdəki təşkilatlarında treninqlər keçirəcəyik. [b]- Digər partiyalarla da əməkdaşlıq etmək niyyətiniz varmı? [/b] - Bir sıra məqamlarda bizə yaxın olmadıqlarına görə, hansısa blok yaratmağı düşünmürük. Amma əməkdaşlıq etməyə hazırıq. Hansısa siyasi blok yaratmaq üçün özümüzü partnyor görmürük.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA