Hakimiyyət hüquq müdafiəçilərinə minnətçi düzüb

img

22-04-2009 [03:55]


[b]İqtidar təmsilçiləri Monitorinq Qrupu üzvlərinin AŞ PA-dakı müzakirələr zamanı hakimiyyətin mövqeyindən çıxış etməsinə nail olmağa çalışırlar[/b] Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Avropa Şurası Parlament Assambleyasının aprelin 25-də öz işinə başlayacaq yaz sessiyasında iştirak etmək üçün Strasburqa gedəcəklər. Novella Cəfəroğlu, Arzu Abdullayeva, Çingiz Qənizadə, Səidə Qocamanlı və Səadət Bənənyarlıdan ibarət qrup siyasi məhbuslar üzrə yeni təyin olunmuş məruzəçi Kristofer Ştrasserlə görüşəcək, Azərbaycanda insan hüquqlarının vəziyyəti, söz və mətbuat azadlığının durumu ilə bağlı müzakirələr aparacaqlar. Monitorinq Qrupunun üzvü Səidə Qocamanlı mətbuata verdiyi açıqlamada AŞ PA-da 18 mart referendumu ilə bağlı fikir mübadiləsi aparacaqlarını da deyib. Aldığımız məlumata görə, gələn həftə AŞ PA-nın yaz sessiyasının öz işinə başlaması Azərbaycan hakimiyyətini ciddi şəkilə narahat edir. Adının çəkilməsini istəməyən iqtidar təmsilçisi bizimlə söhbətdə deyib ki, rəsmi Bakı AŞ PA rəhbərliyinin sərt ittihamları ilə üzləşməkdən çəkinir. Onun sözlərinə görə, siyasi məhbuslar üzrə məruzəçinin təyin olunması Azərbaycan hakimiyyətinə güzəşt limitinin başa çatmasına işarə idi: "Strasburqa səfərə hazırlaşan hüquq müdafiəçiləri siyasi məhbuslar üzrə məruzəçi təyin olunmuş almaniyalı parlamentari Kristofer Ştrasserə 29 nəfərlik siyahı təqdim edəcəklərini deyirlər. Məlum olduğu kimi, bu siyahıda sabiq nazirlər Əli İnsanov və Fərhad Əliyevin, "Azadlıq" və "Gündəlik Azərbaycan" qəzetlərinin baş redaktorları Qənimət Zahid və Eynulla Fətullayevin də adları var. Hakimiyyət isə bu məhbusları azadlığa buraxmaqda maraqlı deyil. Üstəlik, bu qərarın AŞ PA-nın təzyiqi ilə qəbul edilməsini, ümumiyyətlə, istəmir. İqtidar düşərgəsində hesab edirlər ki, bu, çox mənfi bir presidentin əsasını qoya bilər. Buna görə də rəsmi Bakı AŞ PA-nın yaz sessiyasında Azərbaycanla bağlı sanksiyaların tətbiq olunmasını əngəlləməyə çalışır". Mənbə deyib ki, hakimiyyət artıq AŞ PA-dakı lobbisinə əvvəlllər olduğu kimi tam güvənmir. Onun fikrincə, siyasi məhbuslar üzrə məruzəçinin təyin olunması rəsmi Bakıda xəyal qırıqlığı yaradıb. AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkellə münasibətlərin zədələnməsi gərginliyi daha da artırıb. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun son günlər göstərdiyi bütün səylərin nəticəsiz qalması da iqtidar mənsublarını yeni variantlar üzərində işləməyə vadar edib. Məlumatlı şəxsin sözlərinə görə, hakimiyyət gələn həftə Strasburqa səfər edəcək hüquq müdafiəçiləri ilə anlaşmağa çalışır. Onun sözlərinə görə, iqtidar təmsilçiləri Monitorinq Qrupu üzvlərinin AŞ PA-dakı müzakirələr zamanı Azərbaycan hakimiyyətinin mövqeyindən çıxış etməsinə nail olmağa çalışırlar. Mənbə deyib ki, təcrübədə belə bir nümunə var: "Əgər xatırlayırsınızsa, 2008-ci ilin qışında AŞ PA-da Azərbaycanla bağlı aparılan müzakirələr çox sərt keçdi. Həmin vaxt Azərbaycan hakimiyyətinin cəzalandırılması gündəmdə idi. Azərbaycanın müxalifət liderləri də AŞ PA-ya qarşı təzyiqləri artırmış, hətta bu nüfuzlu beynəlxalq təşkilatı boykot etmək barədə müzakirələrə başlamışdılar. Amma həmin vaxt AŞ PA-dakı müzakirələrdə iştirak edən Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri gözlənilmədən sanksiyaların əleyhinə çıxaraq, 2008-ci ilin sonuna kimi Azərbaycan hakimiyyətinə vaxt verilməsini xahiş etdilər. Yalnız bundan sonra AŞ PA rəhbərliyi rəsmi Bakını cəzalandırmaq fikrindən daşındı". Müsahibimiz bildirib ki, iqtidar təmsilçiləri bir il əvvəl baş vermiş hadisənin yenidən təkrarlanmasına çalışırlar. Onun dediyinə görə, Monitorinq Qrupunun üzvləri bu dəfə hakimiyyətlə əməkdaşlıqdan imtina edib: "Son vaxtlar hüquq müdafiəçilərinin hakimiyyətə işləməsi barədə fikirlər geniş yayılıb. Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunus bu ittihamı ən mötəbər tribunalarda dilə gətirib. Bu isə istər ölkəmizin daxilində, istərsə də AŞ PA kluarlarında azərbaycanlı hüquq müdafiəçilərinə qarşı etimadsızlıq yaradıb. Buna görə də Monitorinq Qrupunun üzvləri bu dəfə siyasi hakimiyyətlə anlaşmaqdan imtina ediblər".

Digər xəbərlər
SON XƏBƏRLƏR