Əli Mirəliyev ittihamlardan əl çəkmir

img

19-04-2009 [03:17]


[b]Ağzı əyilən müğənni bu dəfə Cavan Zeynallını hədəfə alıb [/b] Bu yaxınlarda insult keçirən müğənni Əli Mirəliyev yaradıcılıq fəaliyyətini davam etdirmək niyyətindədir. Bu barədə "Reytinq"ə, o, şəxsən məlumat verdi: "Məni bu vəziyyətə əsəblərim saldı. Şəxsi problemlərimdən çox, incəsənətimizin, şou-biznesimizin bu gününə əsəbiləşirəm. Əksər müğənnilərimiz sənət nümayiş etdirmək əvəzinə efirdə maşınlarını, evlərini, atası məlum olmayan uşaqlarını reklam edirlər. Onlara görə sağlamlığımı da itirdim, hətta ağzım da əyildi. Hələ tam sağalmamışam. Buna görə də artıq qalmaqallardan uzaqlaşmağa çalışıram. Mən yaşamaq istəyirəm. Axı, nəvələrim var. Amma qalmaqallar yenə də məni tapır. Həqiqət tək mənə bəlli deyil. Amma çox əfsus ki, yaşlı nəslin nümayəndələri susurlar. Məni təkbaşına qabağa veriblər. Tək mən ad çəkdiyim üçün adım qalmaqalçı, mədəniyyətsiz kimi çıxıb. Amma fikrimdən dönən adam deyiləm. Müğənnilərimizi özbaşına qoysan, istədiklərini edəcəklər". Ən çox milli tərzdə oxumayanları tənqid etdiyini deyən Əli Mirəliyev indiki müğənnilərin 80 faizinin Üzeyir bəy məktəbindən xəbərsiz olduğunu da vurğuladı: "Bu özbaşınalıq, savadsızlıqdır. Çoxunun heç özfəaliyyət təcrübəsi də yoxdur. Sözün düzü, mənim də məktəbim olmayıb. Amma "Dan ulduzu"nun rəhbəri Gülarə Əliyeva istedadımı görüb məni öz ansamblına dəvət etmişdi. Rəşid Behbudovun, Şövkət Ələkbərovanın, Qulu Əsgərovun, Rübabə Muradovanın da savadı olmayıb. Amma onlar böyük ifaçılardan örnək götürüblər. İndikilər isə kompüterlə səs düzəltməyə arxayındırlar. Mahnıların da kökü bilinmir. Nəticədə, milli tərzdən uzaq musiqilər yaranır. Demirəm, xarici musiqi pisdir. Amma Avropaya inteqrasiya o demək deyil ki, kökümüzü unutmalıyıq. Cavan Zeynallı milli tərzdə oxuya bilmir. Heç öz dilində normal danışmağı da bacarmır. Cavan Zeynallı nə bilir Mirzə Ələkbər Sabir, Abdulla Şaiq kimdir? Belələrini azərbaycanlı saymıram. Öncə öz musiqini, öz dilini, dinini, ədət-ənəni bilməlisən. Azərbaycanca oxumaq üçün ilk növbədə azərbaycanlı ailəsində böyüməlisən. Anan sənə lay-lay deməlidir". Müğənni telekanaların onu ilk növbədə qalmaqallı mövzular ətrafında çıxışa dəvət etməsindən də gileyləndi: "Tək-tək hallarda ATV, ANS və "Srace"də müğənni kimi çıxışlarım olub. "Xəzər", "Lider", İTV isə məni ümumiyyətlə verilişlərinə dəvət etməyib. İTV sanki ictimaiyyətin telekanalı deyil, mənsə sanki xalq düşməniyəm. AzTV-də isə vaxtilə solist olmuşam. Amma Nadir Axundov müxtəlif bəhanələrlə məni efirdən uzaqlaşdırıb. "İt dəftəri"ndə adı olmayanlar pulla, tapşırıqla efirə çıxırlar. Məndən pul istəməsələr də, eşitdiyimə görə, bütün kanallarda "bazar açıblar". Bəlkə də sərt çıxışlarımdan qorxurlar?".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA