Nüzabə Ələsgərli ilk dəfə duet oxudu

img

29-04-2009 [08:19]


Bu gün jurnalistləri və sənət dostlarını yeni açdığı "Eskulap" restoranına toplayan müğənni Nüşabə Ələsgərli gənc müğənni Cümşüd Abdullayevlə birgə oxuduğu mahnının ekran variantını təqdim etdi. "Ulduz" kinofilmində Züleyxa və Məhəmmədin duetinə çəkilən klip musiqili nömrə kimi çəkilsə də, hamı tərəfindən bəyənildi. Klipdə Nüşabə xanımın olduğundan daha kök görünməsi isə hamını təəccübləndirdi. Bununla bağlı sənətçi öz fikrini belə bildirdi: "Adətən, efirdə insan daha kök görünür. Amma bu klipdə həqiqətən çox kök düşmüşəm. Bəlkə də milli geyim məni belə göstərib". Xatırladaq ki, klip N.Ələsgərlinin bir çox kliplərini çəkən telerejissor Vəfa Vaqifqızı tərəfindən ekranlaşdırılıb. Onun sözlərinə görə, klipi çəkmək üçün filmdə olduğu kimi quşçuluq fermasına getməyə ehtiyac yox idi, çünki mahnının sözlərində toyuq-cücə ilə bağlı heç nə yoxdur. İndiyədək heç kimlə duet oxumadığını bildirən N.Ələsgərli bu işdən tam razı qaldığını da söylədi: "Möhürü vurulmuş əsər olduğundan, bu mahnını oxumaq heç də asan deyildi. Onu dahi bəstəkar Üzeyir Hacıbəylinin tələbəsi Süleyman Ələsgərov Zeynal Cabbarzadənin sözlərinə bəstələyib, mərhum sənətkarlar - Nəsibə Zeynalova və Lütfəli Abdullayevin ifası isə xalqa sevdirib. Mahnını zildən də oxuya bilərdim, amma şirinliyini qorumaq üçün onu olduğu kimi, yəni bəmdən ifa etdim. Aranjeman da tam ürəyimizcədir. Sağ olsun Cümşüd, bu mahnını oxumağı mənə təklif etdi". Cümşüd Abdullayev də layihə ilə bağlı fikrini bildirdi: "Hələ 80-ci ildə, 8 yaşında ikən Süleyman Ələsgərovun evində bu mahnını oxumuşam. O, ifamı çox bəyənmişdi, hətta özü haqda yazılan kitabı avtoqrafı ilə hədiyyə etdi... Ola bilər ki, məni geniş kütləyə məhz bu duet tanıtsın, amma mən sənətdə ilk addımlarımı atmıram. Vaxtilə "7-17", "İstedad sorağında" müsabiqələrində laureat olmuşam, Qorxmaz Əlininin "Şou-Əlili" adı altında keçirdiyi konsertlərdə çıxış etmişəm. Özüm də tanınmış xanəndə Süleyman Abdullayevin oğluyam. Amma Allah qismətinin haradan, nə zaman gəlməsini öncədən kimsə bilmir". C.Abdullayev klipin maliyyə və dövriyyə xərclərini öz üzərinə götürməsini də etiraf etdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA