16-04-2009 [09:23]
[b]Rəşad Məcid: ?Dövlət ədəbiyyata bir milyon manat pul ayırır. Biz də o pulu xərcləyirik. Bundan sizə nə??[/b]
Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, ?525-ci qəzet?in baş redaktoru Rəşad Məcidin Müstəqil İnformasiya Agentliyinə (mia.az) eksklüziv müsahibəsi.
[b]- Rəşad müəllim, bir müddət əvvəl ?Ədəbiyyat qəzeti?nin kollektivinin dəyişdirilməsi haqqında açıqlama verdiniz. Buna zərurəti necə izah edirsiniz?[/b]
- Sən həmişəki kimi məsələyə qərəzli yanaşırsan. Mən kollektivin yox, baş redaktorun dəyişdirilməsi haqqında danışmışam.
[b]- Düzdür, üzr istəyirəm.[/b]
- Bəli, mən belə hesab edirəm ki, qəzetin rəhbərliyi dəyişdirilməlidir. 6 səhifəlik qəzetdə bu qədər də rəsmi material verərlər? ?Ədəbiyyat qəzeti?ndə mühafizəkar ab-hava var. Büdcədən qəzetə ayrılan pullarla daha oxunaqlı, daha qalın və daha dinamik qəzet buraxmaq olar. ?Ədəbiyyat qəzeti? Anar müəllimi, Yazıçılar Birliyini təhqir edib ədəbi mühitdə murdar ab-hava yaradan AYO (Azad Yazarlar Ocağı-Q.T.) üzvlərinə cavab verməlidir. Siz haqqı görmürsünüz. Məqsədiniz nəyin bahasına olursa-olsun, Anar müəllimi qaralamaqdır. Sən, Elnur Astanbəyli yazırsınız ki, Anar gəlsin, sizə hesabat versin. Siz kimsiniz ki, Anar sizə hesabat verə? Elnur yazır ki, ?Ədəbiyyat qəzeti?ni qabağa vermək Anarın planıdır. Bu qərəzdir. Çünki bu söhbətlər çıxanda Anar müəllim Türkiyədə idi.
[b]- Bəs AYB-nin jurnallarında vəziyyət necədir?[/b]
- ?Azərbaycan? jurnalı normal çıxır. Son illərdə ədəbi mühitdə rezonans doğuran bir sıra əsərlər məhz ?Azərbaycan? jurnalında çap olunub. Misal üçün, Aqil Abbasın ?Dolu?, Əkrəm Əylislinin ?Ətirşah Masan? romanı. ?Azərbaycan? jurnalı ədəbiyyatımızın mənzərəsini yaxşı ifadə edir.
[b]- Bəs ?Ulduz? jurnalı necə?[/b]
- Eyni şeyi ?Ulduz? jurnalı haqqında deyə bilmərəm. Jurnal ədəbi prosesin gerisində qalır. Amma biz bu çatışmazlıqları düzəltməyə çalışırıq. Jurnalın bir nömrəsini Gənc Ədiblər Məktəbinə ayırmışıq.
[b]- Bəs nəyə görə ?Ulduz? jurnalının baş redaktorunun adını ?Ədəbiyyat qəzeti?nin baş redaktor postuna namizədlərin arasında çəkirsiniz?[/b]
- Mən ümumi şəkildə demişəm.
[b]- Xeyr, Rəşad müəllim, sizin namizədlərin arasında Elçin Hüseynbəylinin də adı vardı.[/b]
- Mən ümumi şəkildə onu demək istəmişəm ki, ?Ədəbiyyat qəzeti?nə gənc baş redaktor təyin olunmalıdır.
[b]- AYB-nin jurnalları arasında ən baxımlısı, ən sanballısı ?Xəzər? jurnalıdır. Amma nəyə görə bu jurnalın əməkdaşları qonorar almır və jurnal dövlət büdcəsindən maliyyələşmir?[/b]
- AYB ?nin jurnalları arasında ən pis çıxanı elə o ?Xəzər? jurnalıdır. Bu jurnal dövlətdən Yazıçılar Birliyinə ayrılan pul hesabına çıxır. Yazıçılar Birliyi özünə ayrılan puldan ildə 45 min manat jurnala verir. Amma jurnalda maraqlı heç nə yoxdur. Mən belə hesab edirəm ki, bu jurnalı bağlayıb onun əvəzində ?Dünya ədəbiyyatı? jurnalını daha intensiv çıxartmaq lazımdır.
[b]- ?Ədəbiyyat qəzeti?nə yeni baş redaktor təyinatı ancaq qurultay həyata keçirir?[/b]
- Xeyr, İdarə Heyətinin və katibliyin belə səlahiyyəti var.
[b]- Katib kimi bu məsələni katibliyin iclasında qaldıracaqsınız?[/b]
- Xeyr.
[b]- Qurultay nə vaxt olacaq?[/b]
- Siz qurultayı neynirsiniz? Qurultay Yazıçılar Birliyinin qurultayıdır, nə vaxt istəsək onda keçirəcəyik. Bu ilin payızında, ya da gələn ilin əvvəlində qurultay keçirdib, Anar müəllimi bir dəfə də sədr seçəcəyik. Sentyabr ayında isə Birliyin 75 illik yubileyini keçirdib, ora nüfuzlu qonaqları dəvət edəcəyik. Kin-küdurətiniz isə özünüzə qalacaq. Mən sənin hər yazında beş-altı səhv tapıram. Qərəzlisən, siz anlamaq istəmirsiniz ki, Anar müəllim təkcə ədəbiyyatın yox, ümumilikdə mədəniyyətin simvoludur. Onu təhqir etməklə, gözdən salmaqla əslində ədəbiyyatı gözdən salırsınız. Anar müəllim hörmətdən düşəndən sonra Rasim Qaracaya hörmət qoyan kimdir?
[b]- Yazıçılar Birliyinə ayrılan bir milyon manat haqqında nə deyə bilərsiniz?[/b]
-Nazir var, delfin saxlayır, amma siz onlardan yazmırsınız, düşmüsünüz Yazıçılar Birliyinin üstünə. Nə olub axı burda? Dövlət ədəbiyyata bir milyon manat pul ayırır. Biz də o pulu xərcləyirik. Bundan sizə nə?
[b]- Rəşad müəllim, olmazmı ki, siz və Ədalət Əsgəroğlu korrupsiya ittihamlarını səsləndirənlərə min damğa yapışdırmaq əvəzinə ayrılan vəsaitin necə xərcləndiyi haqqında arayış təqdim edəsiniz?[/b]
- Olmaz. Gəlin, Yazıçılar Birliyinə üzv olun, sonra biz sizə hesabat verək. Biz yalnız öz üzvlərimizə hesabat veririk.
[b]- Amma hər bir vətəndaşın dövlət büdcəsindən ayrılan vəsaitin hara xərclənməsini bilməyə haqqı var. [/b]
- Biz o pulu ədəbiyyata xərcləyirik. Heç bir korrupsiyadan söhbət gedə bilməz. Çingiz Abdullayev də bunu mətbuata verdiyi müsahibəsində dedi.
[b]- Heydər Əliyev jurnalları dövlət büdcəsi keçirdəndə Anar jurnalların ildə 4 dəfə çıxmasını istəmişdi. Bəlkə Anar bu gün AYB-nin jurnallarındakı mənzərəni o zaman görürdü? [/b]
-Yox, elə deyil. O dövrdə vəziyyət çox pis idi. Jurnallar çıxmırdı. Qəzetlər bədii ədəbiyyat çap eləmirdi. Hətta ?Azadlıq? qəzeti elan vermişdi ki, şeir çap etmirlər. Amma son illərdə ədəbiyyata maraq xeyli artıb. Buna görə də keyfiyyətli jurnal buraxmaq olar.
[b]- Sonda nə demək istəyirsiniz?[/b]
- Siz gənclər heç vaxt düzəlməyəcəksiniz. Bu gün sizin Yazıçılar Birliyi ilə apardığınız iyrənc mübarizə, əxlaqdan kənar yazılarınız bir gün öz qabağınıza çıxacaq. Siz heç bir əxlaq, mənəviyyat gözləmirsiniz. Siz ancaq böhtan atırsınız. Hamını, o cümlədən Anar müəllimi də tənqid etmək olar. Ancaq sizin elədiyiniz kimi yox, hörmətlə tənqid etmək lazımdır.
[b]Qan TURALI[/b]