Taleh Şahsuvarlı Azərbaycanda ilk tarixi metaroman yazıb

img

09-04-2009 [09:23]


Taleh Şahsuvarlının bəzi fəsillərinin qaralama variantının yayınlanması ilə ədəbi dairələrdə geniş rezonans doğurmuş və oxucuların səbirsizliklə gözlədikləri kitabı, nəhayət, işıq üzü gördü. 222 səhifəlik ?Canlanma? əsəri Azərbaycan ədəbiyyatına ilk tarixi metroman kimi daxil oldu. ?Əgər xatırlayırsınızsa mən ədəbiyyatımızda bir ilkə imza atacağımı demişdim və sözümə əməl etdim. Bəli, Azərbaycanda tarixi metaroman janrının əsasını qoyan mənəm, bundan sonrakı bədii yaradıcılığımı da eyni janrda davam etdirəcəm?- yazıçı Kultaz.com-a bildirib. Müəllifin adının və soyadının baş hərflərinin iki ayrı-ayrı fəsildə işlənmədiyi metaroman Azərbaycan prozasına həm də alliteratsiya və metanomiya zənginliyi gətirib. Müəllif kitab çıxar çıxmaz onun müəllifliyindən ?imtina edib?: ?adətən deyirlər ki, ?söz ağızdan çıxdı, sənin deyil?; bu məntiqlə çap olunmuş kitab da artıq mənim yox, oxucularındır!? Taleh Şahsuvarlı metaromanın ölkəmizdə post-modern cərəyanın imicini kökündən dəyişəcəyini də vurğulayıb: ?bizim ölkəmizdə bəzi ?yazar?lar zaman-zaman öz istedadsızlıqlarını, yumşaq desəm, bədii mətnlərdə tərbiyəsizlik nümayiş etdirməklə sığortlamağa çalışıblar, adını da post-modernizm qoyublar, bu da cərəyan haqqında oxucularda yanlış təsəvvürlər yaradıb. ?Canlanma? həmin təsəvvürləri ortadan qaldıracaq!? Yalnız seçilmiş oxuculara və pulsuz paylanacaq kitabdan müəllif iki cümlə təqdim edir: ?Qəssab İbiş öz kürkünü arvadının çiyninə atdı, oğrun-oğrun avtobusdakıları süzdü, mən də altdan-altdan ona göz qoydum. Arvadı naxoşlamışdı, belini ovmağa keçi piyi gərəkiydi, piy nə gəzirdi, piydən ötəri gərək kəndə çataydı, bir dıbır boğazlayaydı, ətini sataydı, piyini kürəyinə sürtəydi, yelini qovaydı, azarını öldürəydi, üstünü möhkəm-möhkəm örtəydi, kəkotulu çay gətirəydi qızı Sərəncam, içəydilər, çəkəydilər onun da dərdinə əncam, döşü baş yarırdı, üstündə baş yarılırdı, qıza nə var, başlı-başına qoysan ya halvaçıya gedər, ya zurnaçıya, zurnaçı Sadığın oğlu fır-fırlanır darvazalarının qabağında, qabağına çıxana bax, camaat quş gətirir, Şahqulu bayquş, bayquş ulayır dədə yurdunda, fərasətli oğul olsa, ocağını kor qoymaz atasının, atası ondan nə xeyir gördü, qayınatası nə görə, gör-götür dünyasıdır, adamın gərək qanacağı ola, qanacağı qancıqdanmı alaydı ?Dıbır? İsmayıl, anası ölmüşdü, xalası Səkinənin südünü əmmişdi, əmdiyi burnundan gəlsin, cərrahlıq oxuyub guya, arvadın sol döşünün yerinə, sağ əmcəyini kəsib, əmlik keçir könlündən, buynuzu gicişir, ayama qoyur, söz çıxardır gül kimi qızın adına, hünəri var adını çəksin birdə, çəksə tayfa davası düşər, başını üzərlər, dərisini boğazından çıxardarlar, aşılanmağa verərlər, dabbaqda gönləri gendən tanınır hamısının, dıbırın da, aslanın da, Aslana kimdi qız verən, erkəkliyi-dişiliyi bilinmir, bir heylə ət alsa da yediyi-içdiyi üzə çıxmır, soxulcana oxşayır, zifaf gecəsində gəlinin üzünü çətin ağarda, gözü ağarsın ona xanəndə deyənin, toya gedir, oxuya da bilmir, ciy-ciy ciyildəyir, ciyarlı oğlan Cavanşirdi, rəhmətlik dədəsi də yaxşı bənnaydı, maşallah, biləkləri ət kötüyündən yoğundu, almasa-almasa hər şənbə bir şaqqa ət aparır evlərinə, denən, yavanlıq olurmu o boyda külfətə, olmasa-olmasa səkkiz baş adam var evdə, ağız deyəni qulaq eşitmir, qulağının dincəlməsinə çox var, ayrı ev-eşik olması uzundərədi, dərənin qırağında torpaq qalmayıb, ?Tülkü? Süleyman qamarlayıb hər yeri, deyir, ev-eşik yiyəsi olmaq hər oğulun hünəri deyil, bələdiyyəsi var, icra hakimiyyəti var, iti var, qurdu var, qurdun adı bədnamdır, indiki zamanda ev tikmək üçün ev yıxmaq lazımdır, Allah saxlamış Cövdət də ev yıxan deyil, adam yıxandır, özünə iş tapıb o da, buna badalaq gəl, onun kürəyini yerə vur, yiyəsi olsa, güləşə-müləşə qoymaz, polisə düzəldər, oduhana ?köpəyoğlu? Hüsü, maaşı alır, hörməti qazanır, qulaqları da iy bilir itin, sür-sümük verəndə yaxın durmur, yağlı yer axtarır, ?Əmlik?də o boyda quyruq nə gəzir, getdi rəisin qohumunu aldı, buna bax, camışa oxşayır, əşi, elini ürküt, axsağından yapış, elə axsaq yaxşıdır, sürü geri qayıdanda qabağa düşür, düz qabaqda oturub Şahsevən, qoçdu, qoçaqdı, ilanı seyid Əhməd əliylə tutandı, o boyda kişini elçi göndərməyə hazırlaşır, bir dəfə gələnə qız verməzlər, amma yüz elə qız qurban olsun ağanın cəddinə...?

Digər xəbərlər
SON XƏBƏRLƏR