Respublikanın hərbi komissarı Əliağa Hüseynovu müavini əvəzləyəcək

img

20-04-2009 [04:56]


[b]Respublikanın hərbi komissarının istefaya göndəriləcəyi bildirilir [/b] Uzun illər Respublika Hərbi Komissarlığına rəhbərlik edən general Əliağa Hüseynovun başı üzərində "qara buludlar" dolaşır. Baş nazirin müavini Yaqub Eyyubovun əmrilə aprel çağırışında Respublika Çağırış Komissiyasının sədrliyindən "vurulan" ölkənin baş hərbi komissarının hazırkı postunda da vəzifə ömrünə çox qalmadığı bildirilir. Bu barədə "Reytinq"ə hərbi dairələrdən məlumat daxil olub. Məlumatda deyilir ki, artıq generalın istefaya göndəriləcəyi dəqiqləşib: "Aprel çağırışında ilk olaraq əsgərlərin bölgüsü Əliağa Hüseynovun səlahiyyətindən çıxarıldı. Bunun ardınca onu Respublika Hərbi Çağırış Komissiyasının sədrliyindən azad etdilər. Bu isə o deməkdir ki, artıq generalla bağlı siyasi qərar verilib. Lakin çağırış müddəti olduğu üçün bu qərarı elan etmək hələki ləngiyir. Ancaq əminliklə deyə bilərəm ki, yaxın bir ay müddətində onun işdən azad olunması xəbəri təsdiqini tapa bilər". Müsahibimizin sözlərinə görə, Əliağa Hüseynovun Müdafiə Nazirliyinin səfərbərlik idarəsinə rəis göndəriləcəyi barədə yayılan xəbər qeyri-ciddidir: "Əliağa Hüseynovun nazirliyin səfərbərlik idarəsinin rəisi vəzifəsinə təyin olunacağı mümkün deyil. Onu da deyim ki, səfərbərlik idarəsinin rəisi polkovnik Eldar Tağıyev Əliağa Hüseynovdan qat-qat təcrübəli və peşəkardır. Yəni demək istəyirəm ki, Əliağa Hüseynovun yeni vəzifəyə təyinatı yox, onun keçmiş fəaliyyətinin yoxlanılması təhlükəsi var. Ən yaxşı halda isə o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin sabiq rəisi general Aydın Qasımovun taleyini yaşayacaq. Doğrudur, A.Qasımov müstəqil elmi-pedaqoji fəaliyyətlə məşğuldur, Əliağa Hüseynovu isə Ali Hərbi Məktəbə göndərə bilərlər". Əliağa Hüseynovu Respublika Hərbi Komissarlığında kimin əvəzləyə biləcəyinə gəlincə, mənbə bu barədə ancaq ehtimal irəli sürdü: "Bu vəzifəyə hələlik ən şanslı namizəd hal-hazırda Əliağa Hüseynovun müavini olan Ramiz Məmmədovdur. Onun şansını artıran məqamlar bu sahədə kifayət qədər təcrübəli sayılması, həm müəyyən dairələrlə isti münasibətləri, həm də Respublika Çağırış Komissiyasının sədri olmasıdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR