Ombudsman postu uğrunda mübarizə qızızıb

img

07-04-2009 [01:03]


[b]Yüksək vəzifədə olan məmurlardan biri bu vəzifəyə seçilmək istəyir [/b] İyul ayının 2-də İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovanın 7 illik səlahiyyət müddəti bitir. Onu əvəzləyəcək şəxsin kimliyinin bilinməməsi isə bu post uğrunda mübarizəni şiddətləndirib. Hələlik millət vəkili Rəbiyyət Aslanova başda olmaqla, xeyli sayda şəxsin adı bu posta şanslılar arasında hallanır. Amma heç kimin gözləmədiyi şəxsin ombudsman olması ehtimalı da yüksəkdir. Hakimiyyətdəki qruplaşmalar isə ombudsman postuna öz adamlarının seçilməsi istiqamətində fəaliyyətlərini gücləndiriblər. Çünki ombudsman vəzifəsi statusuna görə xeyli cazibəli görünür. Bunun da kifayət qədər ciddi səbəbi var. Belə ki, ombudsman postunu tutmaq millət vəkili seçilməkdən qat-qat sərfəlidir. Bu vəzifəyə yiyələn şəxsin statusu, xeyli işçisi (müvəkkilin mərkəzi aparatından əlavə, 3 regionunda regional mərkəzləri var) və işlədiyi müddətdə təminatı var. Burada söhbət ombudsmanın aylıq məvacibindən və ya işçilərinin sayından yox, əldə edəciyi digər imkanlardan gedir. Məlumat üçün bildirək ki, ombudsmanı ölkə prezidentinin təqdim etdiyi 3 namizəd arasından Milli Məclis 83 səs çoxluğu ilə seçir. Yaşı 30-dan aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik olan hər bir Azərbaycan vətəndaşı da 7 il müddətinə müvəkkil vəzifəsinə seçilə bilər. Eyni şəxsin müvəkkil vəzifəsinə yalnız bir dəfə seçilməsi mümkündür. Müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış ölkə prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün 3 şəxsin namizədliyini təqdim edir. Milli Məclis isə 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar verir. Yəni iyun aynın 2-nə kimi yeni ombudsmanın adı bilinəcək. İyunun 17-nə kimi isə Milli Məclis yeni ombudsmanı seçməlidir. Doğrudur, may ayının sonunda MM-də yaz sesiyası başa çatdığı üçün bu proses bir qədər irəli də çəkilə bilər. İstisna olunmur ki, ombudsmanın seçilməsi uzadılaraq Milli Məclisin payız sessiyasına da saxlanılsın. Hələlik isə bu post uğrunda mübarizəni şiddətləndirən əsas səbəblərdən biri kimi, ombudsman postunu tutan şəxin öz biznesini zəmanət altına almaq imkanı göstərilir. Çünki ombudsmanın toxunulmazlığı var. Qanunlara əsasən, müvəkkil səlahiyyət müddəti ərzində toxunulmazdır. Hər hansı dövlət, yerli özünüidarə orqanının vəzifəli şəxsi tərəfindən onun fəaliyyətinə müdaxilə edilməsinə yol verilmir. Müvəkkil səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə, tutula və saxlanıla, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz. Eyni zamanda axtarışa məruz qala və şəxsi müayinə edilə bilməz. Müvəkkilin toxunulmazlığı, həmçinin onun mənzilinə, xidməti otağına, nəqliyyat və rabitə vasitələrinə, poçt-teleqraf yazışmalarına, şəxsi əmlakına və sənədlərinə də şamil edilir. Yəni ombudsman seçilərək biznesini qorumaq istəyən şəxslərin bu toxunlmazlıq imkanlarından da faydalanmaq niyyətinə düşmələri mübarizənin kəskinləşməsi ilə nəticlənib. Həmçinin müvəkkil işləmiş şəxs vəzifədən getdikdən sonra müvəkkil səlahiyyətlərini həyata keçirdiyi dövrdəki fəaliyyətinə və söylədiyi fikirlərə görə də toxunulmazdır. Doğrudur, qanun ombudsmanın bizneslə məşğul olmasını qadağan edir. Amma Azərbaycanda əksər vəzifəli şəxslərin öz qohumlarını himayə edərək, bizneslə məşğul olmaları da faktdır. Onun üçün də bəzi məmurlar ombudsman postuna yiyələnməklə bu şansdan yararlanmaq istəyirlər. Bizi məlumatlandıran şəxsin sözlərinə görə, hazırda Azərbaycan iqtidarında yüksək vəzifə tutan məmurlardan biri yuxarı dairələrlə razılaşaraq ombudsman postunu tutmağa can atır: "Həmin məmurun 2010-cu ilin əvvələrinə kimi vəzifəsini itirəcəyi dəqiqdir. Ona görə də, bu şəxs ombudsman postuna sahiblənərək, daha 7 il öz gələcəyini zəmanət altına almağa çalışır. Bu günə qədər bir çox məmurun vəzifədən çıxarıldıqdan sonra səfir göndərilməsi praktikasından geniş istifadə edilib. Amma səfir təyin edilən şəxs ölkədən xaricdən fəaliyyət göstərməyə məcburdur. Səfirin bütün fəaliyyəti də Xarici İşlər Nazirliyinin nəzarətindədir. Bu səbəbdən də Azərbaycanda böyük biznesi olan məmur üçün səfir göndərilməkdənsə ombudsman seçilmək qat-qat sərfəlidir". Yeni ombudsmanın adının açıqlanma vaxtı yaxınlaşdıqca, bu postu tutmaq istəyənlər mübarizəni daha da sürətləndirirlər. Ombudsmanın 3 namizəd arasından Milli Məclis tərəfindən seçilməsinə gəlincə, həmsöhbətimiz "Ombudsman çox ciddi məsələ olduğu üçün onun kimliyi əvvəldən müəyyənləşəcək. Milli Məclisdəki deputat qruplaşmaları isə məsləhət olmayan namizdə səs verməyə cəsarət etməyəcəklər",- dedi. "Reytinq"

Digər xəbərlər
SON XƏBƏRLƏR