"Beynəlxalq Muğam Festivalında birinci yer Təyyarın deyildi"

img

05-04-2009 [06:49]


[b]Habil Əliyev: "Əfsuslar olsun ki, bu, yerlibazlıq edən münsiflər heyətinin canfəşanlığının nəticəsidir. Münsiflər heyəti böyük ustalıqla oğurluq etdi..." [/b] [b]"Çox istərdim ki, münsiflər heyətinə təhqiramiz sözlər ünvanlayım. Əfsuslar olsun ki, yaşım imkan vermir" [/b] Bir neçə gün bundan əvvəl başa çatan Beynəlxalq Muğam Festivalı böyük qalmaqala səbəb olub. Azərbaycanın ev sahibliyi etdiyi festivaldan narazı qalanların sayı yetərincədir. Bu məsələdə kimi münsiflər heyətindən, kimi də festivalın təşkilatçılarından narazıdır. Xalq artisti, mahir kaman ifaçısı Habil Əliyev isə bu məsələdə festivalın münsiflər heyətinin üzvü, xanəndə Arif Babayevlə razılaşmır: - Bu gün uşaq da bilir ki, muğam adı çəkiləndə ölkənin birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva yada düşür. Azərbaycanın muğam sənətindəki son yüksəlişlər Mehriban xanımın adı ilə bağlıdır. Amma mən bəyan edirəm ki, istər "Muğam-star" müsabiqəsi, istərsə də Beynəlxalq Muğam Festivalının səhnə arxasında baş verənlərdən Mehriban xanımın xəbəri yoxdur. Xatırladım ki, bir həftə bundan əvvəl Beynəlxalq Muğam Festivalı keçirildi. O festivalda məni qane etməyən o qədər işlər baş verdi ki, saymaqla qurtarası deyil. Əgər xalqın görmədiyi və bilmədiyi həqiqətləri açıqlasam, mənimlə bərabər sizinlə də çoxları düşmən olacaq. Festival başa çatsa da, festival çərçivəsində baş verən dedi-qodular hələ də tükənmək bilmir. Yaxşı ki, bayramlar oldu, yoxsa Allah bilir hansı hadisələr baş verərdi. Açığı, bunun böyük günahı münsiflər heyətinin üzvlərindədir. Bu böyüklükdə festival onlara tapşırıldı. Özü də kimlər tərəfindən? Yığdılar bir dəstə adamı, onlar da nələr etdi... Təbii ki, biz musiqiçilər hamısını bildik. Hətta orada oturanların bəzilərinin az qala ürəkləri patlayırdı, haqsızlıqla barışa bilmirdilər. Siyavuş Kərimini təyin etdilər ora, o da məlum dəstəni yığıb festivalın münsiflər heyətini formalaşdırdı. İbrahim isə Heydər Əliyev Fondunun əməkdaşıdır. İstər Siyavuşun, istərsə də İbrahimin muğamla nə əlaqəsi? Siyavuş Milli Konservatoriyanın rektorudur, muğam bilmir, ifaçılıqdan da xəbərsizdi. Amma heç kəs həqiqəti eşitmək istəmir. Deyəndə də adamla düşmən olurlar. [b]- Deyilənə görə, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub da Siyavuş Kərimi ilə razılığa gəlib, aşıq musiqisinin müxtəlif musiqilərlə sintezini təşkil edəcəklər? [/b] - Aşıq musiqisi də bizimdir. Aşıq sənətinin də bir kökü muğama calanır. Əsas odur ki, oxuya bilsinlər. Əgər onlar bu sahədə dediklərini edə bilsələr, çox yaxşı olar. Amma bir şərtlə, karikatura olmasın. Senzura, nəzarət yox, kim nə istəyirsə, onu da edir. Münsiflər heyətində elə adamlar oturur ki, onlara baxanda xəcalət çəkirəm. [b]- Bu məsələdə xalq artisti Arif Babayevi də ittiham edirlər. Bəzi deyirlər ki, guya festivalda regionçuluq ediblər...[/b] - Mən, azərbaycanlıyam. Amma bilmirəm, bu yerliçilik prinsipi Azərbaycanı hara aparır? Heç kəs bu barədə düşünmək istəmir. Bəziləri haqqı qoyub, nahaqdan tutur ki, bu, mənim yerlimdir, ellimdi, ona görə də mütləq birinci olmalıdır. Bu, onun da adətidir. [b]- Mükafatın Təyyar Bayramova verilməsinə necə baxırsınız? [/b] - Seçim səhv idi. Birinci yer Təyyarın deyildi. Əfsuslar olsun ki, bu, yerlibazlıq edən münsiflər heyətinin canfəşanlığının nəticəsidir. Münsiflər heyəti böyük ustalıqla oğurluq etdi, təəssüf ki, bunlar görünmədi. [b]- Bəs, Habil Əliyevin gözündə muğam festivalının qalibi kim idi? [/b] - Nəniki mənim, muğam sənət dünyasında zəhməti olan və Allahı başının üstündə sayan insanların gözündə birinci yer Babəkin idi. Onu kənarda qoyub, Təyyarı seçmək allahsızlıqdı. Bunu necə etdilər? Adam da adamın ayağından bu qədər çəkər? Axı, bu dünya heç kəsə qalası deyil. Babək də bu xalqın, bu torpağın oğludur. Amma münsiflər heyəti var gücü ilə çalışdı ki, Babək yer almasın, irəli gedə bilməsin. Axı, nəyə görə? [b]- Doğru-yalan, bəziləri bu məsələdə xalq artisti Mənsum İbrahimovu da təqsirli sayırlar. Siz nə düşünürsünüz?[/b] - Mənsum İbrahimovun münsiflər heyətində oturub, kiməsə qiymət verməsi Azərbaycan xalqı üçün təhqirdir. Bu, Azərbaycan musiqisi üçün gülüncdür. O, münsiflər heyətində oturmalı deyil. Heyətdə ancaq muğam oxuyanlar təmsil olunmalıdır. Mənsum isə "Məcnun"dur, ondan da böyük sənətkarlar var. Elə biri onun müəllimi, xalq artisti Canəli Əkbərov. [b]- Müstəqil İnformasiya Agentliyinin məlumatına görə, Canəli Əkbərov da muğam festivalının münsiflər heyətində təmsil olunmalıymış. Hətta Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fərəh Hüseynova xanəndəni bu məsələyə görə nazirliyə çağıraraq təbrik də edib. Amma festival günü onu Mənsum İbrahimov əvəzləyib...[/b] - Canəli Əkbərovun münsiflər heyətində oturmağa haqı çatır. Amma neyləyək ki, bu sənəti özününküləşdirən bir qrup yerlibaz buna imkan vermir. Canəli Əkbərov İncəsənət İnstitutunda Muğam kafedrasını müdiridir, vəzifəsini də gözəl idarə edir. Gərək onu münsiflər heyətinə buraxaydılar. Canəli Əkbərov münsiflər heyətində niyə oturmamlıdır? [b]- Bəlkə bu sualın cavabını Siz açıqlayasınız? [/b] - Çünki o, yerlibaz deyil. Sözünü yeridən insandır. Haqqı qoyub, nahaqqa boyun əymir. [b]- Amma yerlibazlığı cılız hisslər sayan Arif Babayev mətbuata açıqlamasında deyib ki, münsifləri o yox, dövlət təyin edib. Belə olduqda, A.Babayevin hansısa təqsiri var?[/b] - O, Arif Babayevin şəxsi fikridir. Dövlətin adını çəkməsin. Dövlətin bundan xəbəri yoxdur. Sağ olsun, Mehriban xanımı, muğamın inkişafı üçün maliyyə ayırır. Hamı da bunu görür. Amma Mehriban xanım gəlib onlara münsiflər heyəti seçən deyil ki! Bunu onlar öz aralarında təyin etməlidirlər. [b]- Söz-söhbəti bir kənara qoysaq, festivalın ümumi gedişatını necə qiymətləndirirsiniz? Sizcə, bu, Azərbaycana nə verdi? [/b] - Azərbaycanda muğam festivalının keçirilməsi sevindirici haldır. Bütövlükdə Azərbaycanın adına olan bir tədbirdir. Belə tədbirlər Azərbaycan muğamlarının inkişafına böyük dəstəkdir. Yalnız bir şərtlə. [b]- Hansı şərtlə? [/b] - Hərə öz yerində olmalıydı. Həqiqət yerini tutsaydı, hamı, hətta qonaqlar da razı qalardı. Əslində isə qonaqlar da narazı getdilər. Onu da deyim ki, Güllü də yaxşı oxudu. [b]- "Muğam-star"ın qalibi festivalda yer tuta bilmədi? [/b] - Burada bir sual çıxır. Özbək iştirakçısı "Qarabağ şikəstəsi" oxudu. O, nə bilir "Qarabağ şikəstəsi" nədir? Şikəstə elə-belə yaranmayıb. Dərin, fəlsəfi mahiyyəti, ideyası var. O qız "Qarabağ şikəstəsi"ni şikəst etdi. Bəs, münsiflər neylədi? Ona yer verdi. Nə var, nə var, orada Qarabağ adı var. Sən öz Qarabağının qədrini bilmirsənsə, özbəkdən nə gözləyirsən? Bu, çox təhqiramiz hərəkət idi. Görün, bunlar nə qədər süni, nə qədər yalançı, nə qədər qanmaz hərəkət və seçimlərdir. Çox istərdim ki, münsiflər heyətinə təhqiramiz sözlər ünvanlayım. Əfsuslar olsun ki, yaşım imkan vermir. [b]- İrandan gəlmiş iştirakçı barədə nə deyə bilərsiniz? [/b] - Pis deyildi. Amma "Kor ərəb" vardı, o, birinci yeri tutmalıydı. [b]- Azərbaycan festivala ev sahibliyi edirdi. Əgər ev sahibi haqsızlıq edirsə, o zaman biz başqa ölkələrdə keçirilən festivallarda yer tutmayanda münsiflər heyətinin ardınca niyə dedi-qodu edirik... [/b] - Onu haqsızlıq edənlərdən soruşmaq lazımdır. Belə bir el məsəli var - çörəyi çörəkçiyə vermək lazımdır. Axı, orada bir nəfər də olsun, çörəkçi yox idi. Hərəsinin bir məkandan səsi gəlir. [b]- Amma Arif Babayev deyir ki, muğam etibarlı əllərdədir... [/b] - Bu üç müsabiqədə mən öz oxuyanlarımı seçmişəm. Gələcəkdə onlar gözəl xanəndə olacaqlar. [b]- Kimləri seçmisiniz? [/b] - Babəki, İlkini, Ehtiramı. İlkinin sorağını Opera və Balet Teatrından eşidirəm. Deyilənə görə, artıq Məcnun rolu üzərinə işləyir. Artıq o da "Leyli"nin ardınca düşəcək. Əgər belə olsa, onun xanəndə kimi püxtələşməsi çətinləşəcək. Güllünün, Bəyimxanımın da gələcəyi var. [b]- Deyirlər, muğam festivalının münsiflər heyətindən kənarda qalan Nadir Axundovla artıq barışmısınız. Doğrudurmu? [/b] - Nadirlə adam barışar? Nadir kimdir ki, onunla barışım? Onun necə adam olmasını yaxşı bilirəm. AzTV-nin sədri Alışanovla əlaqə saxladım. Nadir onu aldatmışdı, mənim barəmdə pis fikir yaratmışdı. Xahiş etdim ki, məni dəvət eləsin. Elədi. Danışdıq, gördü ki, mən tamam başqa adamam. Konsertlərimi Alışanov verib, mənim üçün film ekranlaşdırır. Film hayat və yaradıcılığımdan bəhs edir. Ssenarini isə millət vəkili Rəfael Hüseynov yazıb. [b]- Deyilənə görə, Ağdaş rayonunda adınıza musiqi məktəbi açılıb. Bu, həqiqətdir?[/b] - Bəli. Mehriban xanımın göstərişi ilə Ağdaşda böyük, iki mərtəbəli bir musiqi məktəbi tikilib. Hətta Bakıda da belə bir məktəb yoxdur. Yaxın aylarda açılışı olacaq. Açılışda özüm də iştirak edəcəm. Məktəblə mütəmadi əlaqə yaradacam. Dərslərin necə getməsi ilə maraqlanacam. Allah rəhmət eləsin babalarımıza, şöhrətim milli musiqimizin şöhrətidir. Mən dünyanın hansı səhnəsində çalmışamsa, elə bilmişəm Azərbaycandayam. Amma təəssüf ki, adım bəziləri yanaşı çəkilir. Lakin mən onlardan deyiləm. Sənədlər var, onlar mən öləndən sonra ortaya çıxacaq. Yerlibazlıqla məşğul olan adamlar isə həmin sənədlərin üzə çıxmasını istəmir. Onların arasında ağlasığmaz dərəcədə dəhşətli adamlar da var. [left][b]Bahar RÜSTƏMLİ [/b][/left]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA