Mübariz Əhmədoğlu: "ABŞ Cənubi Qafqazda Rusiyanı cəzalandırmaq niyyətindən əl çəkməyib"

img

02-04-2009 [03:50]


[b]Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) mart ayında beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin ümumi yekunlarına dair hesabatını açıqlayıb. [/b]Hesabatı təqdim edən SİTM sədri Mübariz Əhmədoğlu bildirib ki, ABŞ-Rusiya münasibətləri ötən ay da dünyanın diqqət mərkəzində olub: "ABŞ-ın yeni administrasiyası təkcə Gürcüstan dövlətçiliyinə deyil, şəxsən prezident Saakaşviliyə dəstək verməyə başladı. ABŞ bəyan etdi ki, MDB məkanında Rusiyanın xüsusi təsir zonalarını qəbul etməyəcəkdir. Əksər Qərb ekspertləri Qırğızıstanın ABŞ-ı "Manas" aviabazasından çıxarmasını Rusiyanın rəsmi Vaşinqtona mesajı kimi qiymətləndirdilər. Hələ ki, ABŞ-la Rusiya arasında iki məsələdə müsbət dinamika var. Bu, daha çox RƏMS və Strateji Hücum Silahlarının məhdudlaşdırılması ilə bağlı gedən müzakirələrə aiddir. İkinci istiqamət isə İranla bağlıdır. İranın Əfqanıstan məsələsində ABŞ-a yaxınlaşması, son 30 ildə ilk dəfə olaraq bu ölkənin diplomatlarının NATO rəsmilərilə görüşməsi Rusiyanı ehtiyatlı olmağa vadar edir". M.Əhmədoğlu deyib ki, dünya maliyyə böhranının dərinləşməsi Mərkəzi Asiya regionunun problemlərini daha da qabardıb. Onun sözlərinə görə, böhran nəticəsində bu regionda toqquşmalar baş verə bilər: "Regionda enerji, su problemləri həll edilməyib. Əvvəlcədən mövcud olan fundamental problemlərin fonunda bu iki məqam ciddi fəsadlar yarada bilər. Vəziyyətin gərginləşməsinin səbəblərindən biri də odur ki, regionda marağı olan iri dövlətlər maraqlarını sabitliyə deyil, qarşıdurmaya kökləyiblər. Narahatlıq doğuran başqa bir məqam isə odur ki, Mərkəzi Asiyada neqativ problemlər baş qaldırsa, region dövlətləri bunun qarşısını ala bilməyəcəklər". SİTM sədri mətbuat konfransında mart ayında Cənubi Qafqazda baş verən hadisələri də təhlil edib. Bildirib ki, Ermənistan Rusiyadan uzaqlaşmaq siyasətini davam etdirir: "Zaman keçdikcə, Qərbdə Ermənistanı Rusiyadan ayıracaqlarına daha çox inanmağa başlayırlar. ABŞ-ın yeni prezidentinin Mixail Saakaşvilinin siyasətinə münasibətinin dəyişməməsi, başqa sözlə, onu əvvəlki administrasiya dövründə olduğu kimi müdafiə etməsi göstərir ki, ABŞ Qafqazda Rusiyanı cəzalandırmaq niyyətindən əl çəkməyib. ABŞ Abxaziya və Osetiyanın əvəzində Rusiyadan Ermənistanı qoparmaq siyasətini davam etdirir". Politoloq Azərbaycandan danışarkən deyib ki, ötən ay ölkəmizdə baş verən ən mühüm hadisə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsi olub. Onun sözlərinə görə, referendum Azərbaycanın gələcək inkişaf perspektivləri üçün əsaslı zəmin yaradır: "Qloballaşma dövründə baş verən dəyişikliklərin müsbət tərəfindən yararlanmaq, mənfi cəhətlərindən qorunmaq üçün yeni imkanlar yaranıb. Avropa və digər beynəlxalq ictimaiyyətin referendumdan əvvəl və referendum dövründə tutduğu mövqeyi Azərbaycanda baş verən dəyişikliklərə müsbət prizmadan yanaşma kimi dəyərləndirmək mümkündür". Sonda M.Əhmədoğlu Gürcüstanda cərəyan edən hadisələrə də toxunub. SİTM sədri bildirib ki, son vaxtlar qonşu ölkədə siyasi fəallıq xeyli artıb: "Beynəlxalq təşkilatlar müxalifətə 9 aprel mitinqinin dinc şəraitdə keçirilməsi üçün hakimiyyətlə, daha dəqiqi desək, daxili işlər naziri V.Merabişvili ilə dialoq təklif etdilər. Amma müxalifət Merabişvilini "bütün pisliklərin səbəbkarı" saydığı üçün dialoq təklifindən imtina etdi. Prezident Mixail Saakaşvili də müxalifəti dialoqa çağırdı. Ancaq Gürcüstan müxalifəti bu təklifi də qəbul etmədi. Bu isə qonşu ölkədə iqtidar-müxalifət münasibətlərindəki gərginliyin yüksələn xətt üzrə artacağını söyləməyə sas verir".

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA