19-03-2009 [05:34]
Müxalif partiyaları birləşdirən ?Qarabağ və Respublika Uğrunda Hərəkat? və ?Respublikaçılar? təşviqat qrupları bu gün mətbuat konfransı keçirərək 18 mart referendumunun nəticələrinə qiymət veriblər. Mətbuat konfransında Müsavat, Xalq Cəbhəsi, Demokrat, Liberal, Ümid, Vətəndaş və İnkişaf partiyalarının liderləri mövqelərini açıqlayıblar. Onlar 18 mart referendumunun kütləvi saxtakarlıqla müşayiət olunduğunu vurğulayıblar.
Liberal Partiyasının qurucusu Lalə Şövkət referendumun əsas mahiyyətini təşkil edən müddəanı - prezidentin məhdudiyyətsiz seçilməsinə yönələn dəyişikliyi feodal təfəkkürünün məhsulu saydığını deyib: ?Xalq bunu düzgün dəyərləndirdi və referenduma getmədi. Bizim ilkin dəyərləndirməmizə görə, ümumxalq səsverməsinə seçicilərin 14-15 faizi qatılıb. Bu o deməkdir ki, Azərbaycan xalqının yalnız 14-15 faizi kral istəyir və kölə kimi yaşamağa razıdır. Qalan 85 isə faiz bu iqtidara və monarxiyaya ?yox? deyir?.
Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli referendumun elan olunan gündən qanunsuzluq şəraitində keçirildiyini, pozuntuların səsvermə günü də davam etdiyini bildirib: ?Hakimiyyət bu saxtakarlığı özünə rəva görsə də, Azərbaycan xalqı bu saxtakarlıqda iştirak etmək istəmədi və referenduma qatılmadı?. Ə.Kərimli paytaxtda seçicilərin 10-11, bütövlükdə ölkə üzrə 14-15 faizinin referenduma getdiyini vurğulayıb.
Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu çıxışında 18 mart referendumunun ölkədə konsititusion böhran yaratdığını deyib. O, Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının referendumun nəticələrindən Avropa Məhkəməsinə şikayət edəcəyini söyləyib.
Ümid Partiyasının lideri, deputat İqbal Ağazadə isə referendumun Azərbaycanda demokratiya uğrunda mübarizənin sonu olmadığını vurğulayıb: ?1991-ci ilin martında SSRİ-nin saxlanmasına yönəlik referendumda da saxtakarlığın qarşısını almaq mümkün olmamışdı, ancaq qısa müddət sonra SSRİ çökdü. Demokratik qüvvələrin səyi nəticəsində dünənki referendumun da heç bir nəticəsi olmayacaq?.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə referendumda ötən seçkilərdən daha böyük qanunsuzluqlara və saxtakarlıqlara yol verildiyini, daha çox təzyiqlərin müşahidə olunduğunu bildirib.
Müsavat Partiyasının başqanı İsa Qəmbər Azərbaycan xalqının 18 mart referdumunda böyük siyasi mədəniyyət nümayiş etdirdiyini deyib: ?Azərbaycan xalqı ləyaqətli xalq olduğunu sübut etdi, bizim boykot çağırışımızı eşitdi. Seçkiyə gedənlərin sayı biz gözlədiyimizdən də az oldu?.
Müxalif partiyaları birləşdirən ?Qarabağ və Respublika Uğrunda Hərəkat? və ?Respublikaçılar? təşviqat qruplarının vahid qərargahının referendum saxtakarlığına dair minlərlə fakt topladığını vurğulayan Müsavat başqanı hüquqi və siyasi müstəvidə mübarizəni davam etdirəcəklərini bildirib.
Mətbuat konfransında jurnalistlərin konkret faktlarla bağlı suallarına cavab olaraq bülletenlər, protokollar və fotoşəkillər nümayiş etidirilib.
Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı 18 mart referendumuyla bağlı ilkin rəy hazırlayıb. Rəydə ?referendumun cəmiyyətin deyil, hakim zümrənin maraqlarını əks etdirdiyini, avtoritar sistemin möhkəmləndirilməsinə xidmət etdiyini, bir nəfərin qeyri-məhdud müddətdə hakimiyyətdə qalmasına imkan yaratdığını nəzərə alan müxalifət partiyalarının (Demokrat Partiyası, Xalq Cəbhəsi Partiyası, Liberal Partiyası, Müsavat Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Ümid Partiyası) bəzi ictimai təşkilatlarla birgə Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı adlı təşkilat yaradaraq referendumda müzakirəyə çıxarılan bir sıra dəyişikliklərin əleyhinə çıxdığı xatırladılır.
Müxalifətin dəyərləndirməsinə görə, referendum Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrinə, Azərbaycanın beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərə zidd təyin edilib: ?Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının ?Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında? Azərbaycan Respublikasının referendumunun Azərbaycan Respublikası Konstitusiyasının bəzi maddələrinə zidd olaraq təyin edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə və Azərbaycan Milli Məclisinə müraciətləri cavabsız qalıb.
Azərbaycan hakimiyyəti Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə zidd olaraq qanunvericilikdə edilən əsaslı dəyişikliklər barədə Avropa Şurası Venesiya Komissiyasına rəy bildirmək üçün müraciət etməyib.
Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin rəyinə görə, bələdiyyə strukturları üzərində dövlət nəzarətinin tətbiq edilməsi, həmin strukturların parlament qarşısında hesabat verməsi kimi absurd müddəa yerli özünüidarəetmənin demokratik prinsiplərinə uyğun gəlməməklə yanaşı, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə də ziddir.
Avropa Şurası Venesiya Komissiyası referendumda müzakirəyə çıxarılan bir çox müddəaların demokratiyanın inkişafı prinsiplərinə uyğun gəlmədiyini, bir nəfərin iki dəfədən artıq prezident seçilməsinin Avropa praktikasına zidd olduğunu bəyan edib?.
Rəydə bütün seçki komissiyalarının hakimiyyətin nəzarəti altında olduğu vurğulanır: ?Hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri bütün seçki komissiyalarında mütləq əksəriyyət təşkil edib. Mərkəzi Seçki Komissiyası tərəfindən təşviqat qruplarının yaradılması üçün çətin prosedurlar müəyyənləşdirilib, müxalifət tərəfindən elan olunmuş ?Qarabağ və Respublika Uğrunda Hərəkat? və ?Respublikaçılar? təşviqat qruplarının yaradılmasına ciddi maneçiliklər törədilib. Ölkənin bir çox regionlarında bu təşviqat qrupları üçün imza toplayan şəxslər təzyiq və təqiblərə məruz qalıb, müxtəlif müddətlərdə həbs olunublar. Həmin dövrdə iki nəfər haqqında qondarma cinayət işi açılıb, onlar haqqında qeyri-qanuni məhkəmə hökmü çıxarılıb?.
Müxalifətin rəyində ?bərabərhüquqlu təbliğat imkanları prinsipinin kobud şəkildə pozulduğu? da yer alır : ?Bütün seçki kampaniyası dövründə ölkədə fəaliyyət göstərən televiziya kanallarının əksəriyyəti referendumla bağlı hakimiyyətin mövqeyinin təbliği və müxalifətə qarşı təbliağtla məşğul olub. Təşviqat materiallarının geniş yayılmasına maneçilik törədilib. Təşviqat kampaniyası dövründə kütləvi aksiyaların keçirilməsi üçün şərait yaradılmayıb. Bakı şəhərində müxtəlif dövrlərdə və müxtəlif məkanlarda kütləvi aksiyaların keçirilməsi ilə əlaqədar müraciətlərin hamısına qeyri-qanuni olaraq rədd cavabı verilib?.
Rəydə referendum günü qanun pozuntuları və saxtakarlıqların kütləvi xarakter aldığı bildirilir və belə nəticəyə gəlinir ki, 18 mart referendumu azad və ədalətli olmayıb: ?Qarabağ və Respublika Uğrunda Hərəkat? və ?Respublikaçılar? təşviqat qruplarının müşahidəçilərinin və bir çox müstəqil müşahidəçilərin verdiyi məlumatlara əsasən, referendumda seçicilərin yalnız 15 faizdən azı iştirak etdiyindən yetərsay alınmayıb və referendum baş tutmayıb?.