"İndi onsuz da hamı kasıbçılıqla yaşayır da” - Fikrət Qoca

img

13-01-2016 [16:39]


Azərbaycan Yazıçılar Birliyi gənc yazar Ayxan Ayvazın iş axtarışı ilə bağlı sosial şəbəkədəki müraciətinə münasibət bildirib.

Birliyin katibi, Xalq şairi Fikrət Qoca aznews.az-a açıqlamasında bildirib ki, Eyvaz Əlləzoğlu dünyasını dəyişəndən sonra Yazıçılar Birliyi bu ailəyə dəstəyini əsirgəməyib:"Ayxan Ayvaz bizdə işləyir, qonarar alır. Yazılar verir, bizim də mətbuat orqanları onu çap edir. Son nömrəmizdə də onun yazısı çıxıb. İndi onsuz da hamı kasıbçılıqla yaşayır da”.

F.Qoca vurğulayıb ki, A.Ayvaz qarovulçu işləmək istəyirsə, yolu açıdır:"Hər yerdə qarovulçu var, getsin işləsin. Birlikdəki işlər yazı-pozudan ibarətdir. İş yoxdur, neyləyək? Axı bu Yazıçılar Birliyi rezin deyil ki, dartdıqca genişlənsin. Kim bir çağırış edirsə iş verilsin, o, da gəlib otursun”.

Xalq şairi hesab edir ki, kişi ayaq üstə durmağı, müstəqil yaşamağı bacarmalıdır:"Camaat bu saat işçiləri ixtisar edir. Yaşamağı bacarmaq lazımdır. Qız uşağı olsaydı, haqq qazandırardıq. Bu kişidir, gələcəkdə ailəsi, uşaqları olacaq, ona baba deyəcəklər. O, uşaqlar babasının yazısını görəndə nə deyəcəklər? Deyəcəklər ki, babam yaşaya bilməyib hamıdan kömək istəyib? Bu nə deməkdir? Ayxan gərək o vaxtını fikirləşsin”.

Xatırladaq ki, gənc yazar Ayxan Ayvaz ailə vəziyyəti ilə bağlı sosial şəbəkədə müracət edib və yaşayış səviyyəsinin dözülməz olduğunu qeyd edib: "Ofisiant, varlı evlərin qulluqçusu kimi bacımla bir yerdə işləyə bilərik. Evi yığışdıra, hətta sahibin uşaqlarına baxa bilərik. Bundan başqa gecələr qardaşımla yata bilmirik, varlı adamların obyektlərini qoruya bilərik, qarovulçu kimi. Maaş o qədər çox olmasa da olar, sadəcə normal dolanmağımıza çatsın. Acınacaqlı durum bizi buna məcbur edir. Hətta aclıq aksiyasını da düşünmüşük".

Qeyd edək ki, Ayxan Ayvaz 2011-ci ildə dünyasını dəyişmiş yazıçı Eyvaz Əlləzoğlunun oğludur.

Onu da bildirək ki, Ayxan Ayvaz dünənki müraciətindən sonra artıq iş tapıb. O, bir neçə dəqiqə əvvəl sosial şəbəkədə "Kulis.az” saytında fəaliyyətə başladığını qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR