Müğənnilər vergidən danışdılar: “Camaat necə ödəyirsə, biz də ödəməliyik”

img

16-12-2015 [15:55]


Son günlər müğənnilərin vergi ödəyib-ödəməməsi məsələsi gündəmdədir. Vergilər Nazirliyi vergidən yayınma hallarının qarşısını almaq üçün toya gedən müğənniləri ciddi nəzarətə götürüb.

Ötən gün vergilər nazirinin I müavini Natiq Əmirov mətbuata açıqlamasında bildirib ki, şou-biznes nümayəndələrinin gəlir vergisi ödəməməsi halı uzun müddət davam etməyəcək və onlar tezliklə vergiyə cəlb olunacaqlar.

Musavat.com saytı mövzu ilə bağlı müğənnilərlə əlaqə saxlayıb.  Xalq artisti Gülyanaq Məmmədova bildirib ki, toylara maddi çətinliyi olduğu üçün gedir:


"Hər bir Azərbaycan vətəndaşı qanunla vergi ödəməlidir. Bu təbiidir. Mən dövlət müəssisələrində çalışıram. Dövlət teatrının solisti, dövlət universitetinin müəllimi kimi mənim maaşımdan qanunu olaraq vergi tutulur. Buraya xalq artisti adını da əlavə etsək, maaşlarım  birlikdə  ayda 600 manat etmir. Mən toya getmək istəmirəm, amma gedirəm, bunu da danmıram. Toyda səsim korlanır, hər toya da gedə bilmirəm. Ehtiyaca görə toya gedirəm. Müğənni olaraq 600 manat maaşla necə dolanım? Mənim  makyajım, saç düzümüm, libasım var, hər gün  60 manat  makyajıma və saçıma verirəm, çəkilişlərə gedirəm. Bütün dövlət və bayram tədbirlərində iştirak edirik,  bir manat da təmənna güdmürük, səhnəni sevirik. Vergilər Nazirliyinə böyük hörmətim var. Mənə də müraciət olunub, onlara da  demişəm ki, toy müğənnisi deyiləm, ehtiyacım olduğu üçün gedirəm. Sözümü səhv başa düşməsinlər”.


Əməkdar artist Cavan Zeynallı bildirib ki, artıq təqaüdə çıxıb: "Mən təqaüdə çıxmışam, vergi məsələsindən xəbərim yoxdur, müğənnilərə nə deyildiyini bilmirəm. Cavan müğənnilərlə görüşmürəm, ona görə də məlumatım yoxdur. İndi böhrandır, lakin bəzi müğənnilər elə qiymət deyirlər ki, baxıb dəhşətə gəlirsən. Onlar dəlidirlər ki, 2000-3000 manatdan danışırlar? Mən qalmaqala girmək istəmirəm. Zəmanə elədir ki, bir sözünə 10 cavab verirlər, biabırçılıq olur. Zəmanə çox pisdir. Mən təmizürəkli adamam, mənim sənətdə öz  yolum var.  Mən neçə ilin sənətkarıyam, vergi ilə bağlı cavanlara nə deyim?”


Müğənni Xatirə İslam müğənnilərin vergiyə cəlb olunmasını düzgün addım kimi qiymətləndirib: "Dövlətimiz nə qanun qoyursa, onunla getməliyik. Vəssalam. Vergilər Nazirliyi ilə heç bir problemim yoxdur. İllərdir ki, vergi ödəyirəm. Dövlətə vergi ödəmək borcumuzdur. Camaat necə ödəyirsə, biz də ödəməliyik”.

Bəzi sənət adamları  isə məsələyə sosial şəbəkədə münasibət bildiriblər. Onlar "Vergidən yayınıb, xalqın cibinə girən müğənnilər” ittihamlarına cavab veriblər.


Müğənni Kərim Abbasov qeyd edib ki, 8 ildir vergi ödəyicisidir: "Vallah, ayıbdır. Bəzi jurnalistlər "Vergi ödəməyib, xalqın cibinə girən müğənnilər”  başlıqlı yazılar yazırlar. 8 ildir ki, vergi ödəyirəm. Azərbaycan Respublikasının  qanunu hər kəs üçün qanundur.  Halal pulumu qazanıram. Heç kimin cibinə girmirəm. Mənimlə bərabər 9 nəfər ailəsinə ruzi aparır, hər ailədə 4-5 nəfər var. Qurban olduğum Allah 2 dənə saç telindən nazik olan səslə necə ailəyə ruzi verir. Bizi ittiham edən jurnalistlərin qələmləri itidirsə, özlərinə güvənirlərsə,  hansısa dövlət məmurunun adını yazsın, qeyd etsin ki, xalqın cibinə girir və oğurluq edir”. 


Müğənni Elçin Cəfərov isə jurnalistlərə müraciət edib:

"Bu günlərdə "şou-biznes nümayəndələrinin vergi məsələsi" mövzusu gündəmə gəlib.
Mən öz adımdan bildirirəm ki, vergi ödəmək nəinki müğənnilərin, hər bir şəxsin üzərinə düşəcək məsuliyyətdir və Azərbaycan qanunlarına riayət etmək bizim borcumuzdur. Jurnalist dostlarımızdan xahişim bundan ibarətdir ki, bu cür başlıqlar və müğənniləri düşürəcək səviyyədə yazılar yazmayın! Axı biz düşmən ölkənin yox, Azərbaycanın sənətçiləriyik”.


Aparıcı-aktyor Sərxan Kərəmoğlu isə bildirib ki, Vergilər Nazirliyi doğru addım atıb:
"Vergilərə görə heç kim şəkil paylaşmır. Toya 12, 14, 16 minə gedən şou nümayəndəsi bacı-qardaşlar hardadırlar, niyə paylaşım etmirlər? Vergilər Nazirliyini qınayanlar heç də qınamasın. Çünki müəyyən imkanlı təbəqənin güdazına gedib müğənnilərə külli miqdarda pul verən ailə başçısı o pulları verərkən nə qədər heyfsiləndiyini heç bilirsiniz? Xalqın cibinə girib və əvəzində toyları yola verənlərin "risovkalı” şəkillərini görmürəm”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?