Müğənnilərdən Vergilər Nazirliyinə - Cavab

img

03-11-2015 [15:39]


Bizim ölkədə sənət adamlarının, müğənnilərin toylara olduqca baha qiymətə getmələri, bunun əvəzində isə heç bir vergi ödəməmələri ilə bağlı mətbuatda dəfələrlə müzakirə açılıb. Azərbaycanda toy qiymətləri 15-20 min manata çatan, az qala da ayın bütün günlərini "zanit” olan sənətçilərin nəyə görə vergi ödəmədiyi, niyə restoranlarda, şadlıq evlərində kassa aparatının qoyulmadığı (təkcə musiqçilərlə bağlı yox, həm də açılan süfrələr, sifarişlərlə bağlı) uzun illərdi müzakirə olunur. Əgər tutaq ki, Röya, Abbas Bağırov, Rəqsanə İsmayılova, Nadir Qafarzadə, Günay İbrahimli, Ramal və digər toya 10 mindən aşağı getməyən müğənnilər indiyə kimi vergiyə cəlb olunmayıbsa, qazandıqlarından bir qəpik belə dövlət büdcəsinə keçirməyiblərsə, bu bir tərəfdən cəmiyyətdəki vergi mədəniyyətsizliyi ilə bağlıdır. Digər tərəfdən isə indiyədək vəziyyətin yaxşı olduğu dövrlərdə, belə demək mümkünsə bu sahə yada düşməyib.

İndi isə vəziyyət xalqın dili ilə desək "rusca”dır. Ona görə də, bu dəfə mövzunu media yox, dövlət gündəmə gətirməli olub. Görünən odur ki, neftin qiymətinin kəskin düşməsi Azərbaycanda bu sahədə şərtləri kəskin dəyişəcək. Ortada beynəlxalq təcrübə də var. Dünyanın bir çox ölkələrində sənət adamlarının ödədikləri verginin məbləği dövlət büdcəsinin əhəmiyyətli hissəsini təşkil edir. Bizdə isə qeyd etdiyimz kimi hələlik müğənnilərin toylardan yığdığı "şabaşa” 300-500 minlik maşınlarda fotosessiyalar etdiyini görməkdəyik…

Dünən xəbər vermişdik ki, sənət adamlarının vergidən yayınma hallarına son qoymaq məqsədi ilə Vergilər Nazirliyi şou-biznes nümayəndələri ilə bağlı vergi yoxlamalarına başlayacaq. Nazirlikdən "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilmişdi ki, şou-biznes nümayəndələrinin toylarda və digər tədbirlərdə hansı qiymətə çıxış etmək müqabilində aldıqları və KİV-lərdə açıq şəkildə bəyan edilən qonorarların məbləği ilə həmin şəxslər tərəfindən təqdim olunmuş vergi bəyannamələrinin göstəriciləri arasında ciddi uyğunsuzluqlar aşkar olunub:

"Hazırda şou-biznes və musiqi fəaliyyəti ilə məşğul olan, əyləncə obyektlərində fərdi qaydada çıxış edən sənət adamlarının vergi öhdəliklərinə vaxtında və tam həcmdə əməl etmələrinə nəzarətin gücləndirilməsi məqsədilə həmin şəxslərin kütləvi informasiya vasitələrində açıqlanan gəlirləri və dövlət büdcəsinə ödədikləri vergilərin məbləğləri araşdırılır.

Vergilər Nazirliyi bir daha şou-biznes nümayəndələrini dövlət büdcəsinə vergiləri tam həcmdə və vaxtında ödəməyə dəvət edir və bildirir ki, həmin şəxslər cari ilin sonuna qədər öz vergi öhdəliklərini tam həcmdə yerinə yetirməyəcəkləri təqdirdə, onların hər biri barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcək və nəticələri ictimaiyyətə açıqlanacaq”.

Məsələ ilə bağlı "Qafqazinfo” şou-biznes nümayəndələri arasında sorğu keçirib. Onlara "Nə qədər vergi ödəyirsiniz? və "Nazirliyin bu addımını necə qiymətləndirirsiniz?” sualları ilə müraciət edib.

Xalq artistiSəməd Səmədov: "Uzun illər vergi ödəyicisi olmuşam. İndi təqaüdə çıxmışam, həyat yoldaşımla Fatmayidə bağ evində yaşayırıq. Tez-tez rayonlara gedib, qohumlara baş çəkirik. Arada şəhərə övladımızı, nəvəmizi görmək üçün gəlirik. İşləmədiyim üçün hazırda vergi ödəmirəm. Vaxtında vergimi ödəmişəm, indi də yaxşı təqaüd alıram. Hər bir vətəndaşın vergi ödəmək borcudur”.

Xalq artistiFaiq Ağayev: "Vergini vaxtında ödəyirəm. Bununla bağlı Vergilər Nazirliyi ilə aramda problem yaşanmır. Hər bir vergi ödəyicisi hansı sahədə olursa olsun, qanunun tələb etdiyi vergini ödəməlidir. Bu danılmazdır. İstər biznes, istər neft, istərsə də, incəsənət sahəsində olan hər bir vətəndaş vergi ödəməlidir. VÖEN-im var, hər rüb vergimi ödəyirəm. Qazancım stabil olmadığı üçün konkret məğləğ deyə bilmirəm. Rüb Orucluk, Məhərrəmlik aylarına təsadüf edirsə, daha az məbləğ ödəyirəm”.

Xalq artistiMənsum İbrahimov: "Nazirliyin bu addımını yüksək qiymətləndirirəm. Bu ölkənin vətəndaşıyıq, vergi ödəməliyik. Çalışdığım müəssisədə maaşıma uyğun vergi tutulur. Mən toylara getmirəm. Toya gedib, pul qazanan adam yüksək məbləğdə vergi ödəməlidir”.

Biznes-lediRuhi Əliyeva: "Vergilər sayəsində dövlətin büdcəsi formalaşır. Vergi ödəmək hər bir vətəndaşımızın borcudur. Bizdə belə bir qayda tətbiq olunsa, bu qanuna tabe olmalıyıq. Hansı sahədə olursan ol, vergini ödəməlisən. Mən biznes işlərimlə bağlı vaxtında ödəməli olduğum məbləği ödəyirəm. Vergilər Nazirliyinin bu addımını alqışlayıram. İnsanlarımızı isə vergi borcunu vaxtında ödəməyə çağırıram. Azərbaycanda heç bir müğənni qazandığının doğru dürüst şəkildə hesabatını təqdim etməyəcək. Bunu dövlət qurumları inzibati yollarla həll etməlidirlər. Nəzarət həyata keçirilməli, konsertlər, restoranlar, şadlıq evləri nəzarətə götürülməli, müğənnilərə maarifləndirici bukletlər hazırlanaraq paylanmalıdır. Bu sahədə görüləcək işlər çoxdur”.

Əməkdar artistƏdalət Şükürov:"İlin 6 ayını toya gedirik. Qalan ayları isə o pullarla dolanırıq. 8 ildir ki, bizneslə məşğul olmuram.. Əvvəllər turizm şirkətim vardı. Onu da bağladım. Firmam yoxdur, özfəaliyyətlə məşğulam və 13 ildir vaxtında vergimi ödəyirəm” .

Əməkdar artistAbbas Bağırov: "Miqdar deyə bilmərəm, 2003-cü ildən vergi ödəyirəm. Adlar açıqlansın, narahat deyiləm, həmişə vergi ödəmişəm. Nazirliyin bu qərarı haqda heç nə deyə bilmərəm. Necə məsləhətdirsə, elə olsun”.

MüğənniRöya Ayxanın prodüseri Kənan Bayramov:

"Şou-biznes deyəndə orda adama sırf müğənni kimi baxmırlar, biznes fəaliyyəti olan insan kimi baxırlar. Röya orda fiziki şəxs kimi və ya şirkət işçisi kimi qeydiyyatda ola bilər. Vətəndaşın fəaliyyət növü gəlir gətirirsə, vergi ödəməlidir. Bizdə heç bir problem yoxdur. Məktubumuz da var ki, vergiləri ödəmişik, borcumuz da yoxdur.

Vergilər Nazirliyi qanunsuz iş görmür, qazancının müəyyən faizini ödəməyi tələb edir. Artıq pul istəmir, büdcəyə gedən dövlət rüsumunu istəyir. Demir ki, gətir cibimə pul qoy. Qazancına görə aparıb vergini banka ödəyirsən. Hamı rahatdır, hamı da vergi ödəməyə razıdır. Rüşvət istənilsə, o zaman narazı olarıq. 5 manat qazananda bizdən 10 manat istənilmir. 100 manat qazanırıqsa, onun 4 faizini kassaya ödəyirsən. Bizə vergiyə görə zəng də olunmayıb. Hər şey yolundadır”.

MüğənniNadir Qafarzadəilə də əlaqə saxladıq. Sualımıza köməkçisi Ruslan Əliyev cavab verdi: "Üç aydan bir rüblük var, hər ayın 20-si axırıncı müddətdir. Ayın 20-ə 19 gün qalmış aparıb Nadir bəyin vergisini ödəyirəm. Vaxtında vergi ödəyirik, gedib yoxlaya bilərlər. Ən yaxşı vergi ödəyicilərindən biri Nadir Qafarzadədir. Dövlətin vergisi ödənməlidir. Qazancımız hesabatda nə artıq, nə əskik yazılır. 5 qazananda 5, 3 qazananda 3 ödəyirik. Miqdarı deyə bilmərəm. Əsas odur ki, vaxtında vergini ödəyirik”.

"Bu şəhərdə”nin prodüseriMüşfiq Abbasov: "Ümumiyyətlə, hər bir vicdanlı vətəndaş vergi ödəməlidir. Həmişə qəpiyinə kimi vergi ödəmişik, çekləri də var. Sənət adamları başqa biznes sahəsində çalışan inanlardan fərqli olaraq, satdıqların malın gömrük və çatdırılma pulunu ödəmirlər ki, malın mayası baha-başa gəlsin, buna görə də vergidən yayınsınlar. Bizdə maya yaradıcılıq işidir. Sənət adamlarına vergi ödəmək daha rahatdır. Narazılığımız da yoxdur. Vergimizi vaxtında ödəyirik”.



MüğənniManaf Ağayev: "İşləyən hər bir vətəndaş vergi ödəməlidir. Sənət adamları da vaxtında qazancına uyğun vergisini ödəməlidir. Mən də vergi ödəyicisiyəm. Məhərrəmlik və Orucluq ayında toy olmur vergi ödəmirsən. Vergini də qazancımıza uyğun ödəyirik. 5 toya gedəndə 5 toyun pulunu veririk”.



Xalq artistiİlhamə Quliyeva: "Maaşımı alanda dövlət özü vergini çıxır. Mən toylara getmirəm. Toya gedən vergini ödəsin. Mən dövlət televiziyasının solistiyəm, işçisiyəm. Maaşımı alanda qanunu olaraq vergini çıxırlar” .


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?