Şou-bizneslə bağlı yoxlamalar başladı - Rəsmi

img

02-11-2015 [14:26]


Azərbaycanda Vergilər Nazirliyi şou-biznes nümayəndələri ilə bağlı vergi yoxlamalarına başlayacaq.

Bu barədə Vergilər Nazirliyinin mətbuat xidmətindən sorğuya verilən cavabda bildirilir.

Qeyd edək ki, ayrı-ayrı sənət adamları mediada vaxtaşırı toy qiymətlərini açıqlayırlar. Açıqlanan bu siyahılardan toy şənliklərində çıxışlara görə yüksək qonorar alınır. Amma onların bu qazanclardan dövlətə vergi ödəyib-ödəmədikləri sualı açıq qalıb. Müğənnilər, şou-biznes sahəsində çalışan sənətçilər vergiləri necə ödəyir? Ümumiyyətlə, vergi ödəyirlərmi?

Nazirliyin mətbuat xidmətindən bildirilir ki, şou-biznes və musiqi fəaliyyəti ilə məşğul olan müğənnilər, əyləncə obyektlərində çıxış edən fərdi şəxslərlə bağlı mütəmadi olaraq maarifləndirmə və nəzarət tədbirləri keçirilməsinə, onlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu zümrədən olan vergi ödəyiciləri arasında vergi öhdəliklərinə əməletmə səviyyəsi çox aşağıdır: "Cari ilin ötən 9 ayının nəticələri təhlil olunarkən, kütləvi informasiya vasitələrində tanınmış şou-biznes nümayəndələrinin toylarda və digər tədbirlərdə hansı qiymətə çıxış etmək müqabilində aldıqları və KİV-lərdə açıq şəkildə bəyan edilən qonorarların məbləği ilə həmin şəxslər tərəfindən təqdim olunmuş vergi bəyannamələrin göstəriciləri arasında ciddi uyğunsuzluqlar aşkar olunub.

Hazırda şou-biznes və musiqi fəaliyyəti ilə məşğul olan, əyləncə obyektlərində fərdi qaydada çıxış edən sənət adamlarının vergi öhdəliklərinə vaxtında və tam həcmdə əməl etmələrinə nəzarətin gücləndirilməsi məqsədilə həmin şəxslərin kütləvi informasiya vasitələrində açıqlanan gəlirləri və dövlət büdcəsinə ödədikləri vergilərin məbləğləri araşdırılır.

Vergilər Nazirliyi bir daha şou-biznes nümayəndələrini dövlət büdcəsinə vergiləri tam həcmdə və vaxtında ödəməyə dəvət edir və bildirir ki, həmin şəxslər cari ilin sonuna qədər öz vergi öhdəliklərini tam həcmdə yerinə yetirməyəcəkləri təqdirdə, onların hər biri barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcək və nəticələri ictimaiyyətə açıqlanacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?