Gəncədə xüsusi əməliyyat: 26 dindar saxlanıldı, məscidi mühasirəyə alındı

img

23-10-2015 [16:12]


Bu gün günorta saatlarında Gəncədəki Şah Abbas məscidində dindarların kütləvi saxlanılması ilə müşaiyət olunan əməliyyat keçirilib.


Şəhər sakinlərindən virtualaz.org saytına daxil olan xəbərlərə görə, polis və xüsusi təyinatlılar məscidə basqın edərək cümə namazını qadağan ediblər. Bir qrup dindar saxlanılıb. Onlardan bir neçəsi daha sonra buraxılıb.

Buraxılan dindarların bildirdiyinə görə, onlara deyiblər ki, məsciddə namazı Şeyxülislam Allahşükür Paşazadə qadağan edib.



İslamazeri.az saytı isə yazır ki, bu gün səhər saatlarında Şah Abbas məscidindən İmamzadə İbrahimə qədər əzadarlıq yürüşü keçirmək istəyən gəncəlilərə polis müdaxilə edib. Məscid polis və Daxili Qoşunlar tərəfindən mühasirəyə alınıb, məscidin yanına su şırnaqları gətirilib. Camaat məscidə yaxın buraxılmayıb.

Mənbənin sayta verdiyi xəbərə görə, hazırda məscidlər bağlıdır və Gəncə dindarlarına 2 gün ardıcıl (bu gün və sabah) məscidlərin qapılarının bağlı olacağı bildirilib.



Yürüşün qarşısı alınarkən Gəncə sakinlərinə güc tətbiq edilib, məscidin yanı və ətraf küçələrdə qan izləri hələ də qalmaqdadır. Yürüşün qarşısı alınan zaman 50-yə yaxın dindar həbs olunsa da son məlumatlara görə, bəziləri buraxılıb və hazırda 26 nəfər dindar nəzarət altında saxlanılır. Həbs olunanlar arasında ilahiyyatçı, Kərbəlayi Musa da var.

Məlumatı verən mənbə bildirir ki, saxlanılanlar axşam saatlarına qədər buraxılmasa polis bölməsinə doğru yürüş keçiriləcək.

**** 

Gəncədə dindarların saxlanılmasının səbəbləri məlum olub.

Gəncə şəhər Baş Polis İdarəsindən bildirilib ki, bu gün bir qrup dindar Şah Abbas məscidinin qarşısında icazəsiz yürüş keçirməyə cəhd göstərib. Hadisə yerinə polis qüvvələri cəlb edilib və cəhdin qarşısı alınıb.

Polisdən həmçinin bildirilib ki, hadisə zamanı asayişi pozan bir neçə dindar saxlanılıb.

Hazırda ərazidə polis əməkdaşları asayişin qorunması üçün tədbirləri davam etdirir.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA