"Avropanın sanksiyası Azərbaycanı elə günə salar ki,..." - Açıqlamalar

img

16-09-2015 [10:46]


Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi sərt qətnamə hakimiyyət düşərgəsində heç vaxt olmadığı qədər qəzəb yaradıb. Hakimiyyət təmsilçilərinin açıqlamalarından belə qənaətə gəlmək mümkündür ki, rəsmi Bakı seçkilərə az qaldığı bir zamanda Qərbdən bu qədər sərt mövqenin ortalığa qoyulacağını gözləmirmiş. 

Müxalifət düşərgəsindən "Yeni Müsavat”a verilən açıqlamalardan isə belə məlum oldu ki, müxalifət Qərbin sərt üzünü göstərəcəyini, belə bir qətnamənin qəbul ediləcəyini bilirmiş. 

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bu barədə danışarkən bildirdi ki, prosesin gedişi belə bir durumun yaranacağı haqda əminlik yaradıbmış: "Proseslərin gedişatından baş çıxaran hər kəs bilirdi ki, belə bir reaksiyalar olacaq. Bu barədə dəfələrlə xəbərdarlıqlar da edilirdi. Seçkinin müşahidəsindən imtina edilməsi formasında, Azərbaycana sanksiyalar təkliflərinin verilməsi belə bir sərt qətnamənin ortaya çıxacağının əlamətləri idi. Bu qətnamədəki məsələlər təkcə seçkilərlə bağlı deyil, 1 noyabr seçkilərindən daha kənara çıxır. Bu, Azərbaycanın geosiyasi mövqeyi, beynəlxalq nüfuzu ilə bağlı olan məsələdir. Azərbaycan dövlətinin nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən təcrid edilməsi prosesi nəticə etibarilə bizim ümumi mövcudluğumuz, o cümlədən Qarabağ məsələsinin həlli üçün ciddi fəsadlar yarada bilər”.  

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirdi ki, beynəlxalq birliyin mövqeyinin sərtləşəcəyi gözlənilən idi: "Azərbaycan hakimiyyəti beynəlxalq qurumlar tərəfindən, bütövlükdə beynəlxalq birlik tərəfindən sistemli şəkildə tənqidə məruz qalır. Xüsusilə insan haqlarının pozulması, ölkədə demokratiyanın inkişafı üçün yaradılmış əngəllər, siyasi məhbusların olması daim beynəlxalq təşkilatlar tərəfindən tənqid edilib. Ancaq Avropa İttifaqının budəfəki qətnaməsi təbii ki, daha ciddi bir hadisədir. Avropa İttifaqı çox ciddi siyasi birlikdir. Bu, hər hansı ictimai təşkilat rolunda olan qurumlardan fərqlənən birlikdir. Bu qətnamənin arxasında Avropa dövlətləri dayanır. Məzmununa görə bu qətnamə əvvəllər Azərbaycan hakimiyyətinə qarşı yönəlmiş bu tipli sənədlərdən daha kəskin, daha birmənalıdır. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti yaranmış vəziyyəti çox ciddi müzakirə etməlidir. İrəli sürülən tələblərin yerinə yetirilməsi, ilk növbədə siyasi məhbusların azadlığa buraxılması, ölkədaxili və xarici siyasətin dəyişdirilməsi yolu ilə bu vəziyyətdən qismən də olsa çıxmaq mümkün ola bilər. Çünki Avropa İttifaqı kimi ciddi bir qurumun Azərbaycan hakimiyyətinin apardığı siyasətlə bağlı bu tipli mövqeyi göz ardına alına bilməz. Avropa İttifaqı ilə konfrantasiyanın Azərbaycan hakimiyyəti və eyni zamanda Azərbaycan üçün çox ciddi fəsadları ola bilər”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər də bildirdi ki, Avropa İttifaqından Azərbaycanla bağlı sərt mövqenin ortaya qoyulması gözlənilən idi: "Xatırlayırsınızsa, mən hələ neçə illər öncə demişdim ki, təkcə Azərbaycanın deyil, hər bir avtoritar rejimin Qərblə, demokratik dünya ilə əməkdaşlığının bəlli bir potensialı var. O potensial vaxtı çatanda tükənir. Artıq Azərbaycanın da bu potensialı tükənib. Azərbaycan bu həddi 2009-cu ildə Konstitusiyaya dəyişiklik etməklə keçmişdi. O zamandan qeyd etdiyim potensial tükənmə mərhələsinə daxil olmuşdu. Biz neçə illərdir deyirik ki, Azərbaycan öz Milli təhlükəsizlik konsepsiyasında strateji hədəfinin Avroatlantik məkana inteqrasiya olduğunu bəyan edib, amma bu istiqamətdə ciddi addımlar atmır, ona görə də ciddi problemlərlə qarşılaşacaq. Azərbaycan Avropa İttifaqı ”Şərq tərəfdaşlığı" Proqramına üzv olsa da digər ölkələrdən fərqli olaraq strateji seçim etməmişdi. Azərbaycan bütün "Şərq tərəfdaşlığı” Proqramına üzv olan MDB ölkələri içərisində yeganə ölkədir ki, strateji seçimini etməyib. Ukrayna hadisələrindən sonrakı dövrdə tərəflərdən heç şübhəsiz əvvəlkindən daha yüksək səslə strateji seçim etməsi tələb olunurdu. Azərbaycan da bu səslərə qulaq asmadı, tam tərsinə hərəkət etdi. Belə bir vəziyyət Qərbdən sərt qətnamələrin gələcəyini qaçılmaz edirdi. Qərbdən atılmasına başlanan addımlar ABŞ, Avropa İttifaqının Azərbaycan hakimiyyətinin şıltaqlıqlarından yorulduğunu göstərir və bundan sonra hadisələrin əvvəlki kimi davam etməyəcəyini deməyə əsas verir. Biz qarşıdakı dönəmdə Azərbaycan ətrafında beynəlxalq vəziyyətin daha da mürəkkəbləşəcəyinin şahidi olacağıq".    

Eks-spiker Rəsul Quliyev də bildirib ki, Avropa İttifaqının səbr kasasının daşacağı hələ ötən ildən gözlənilirdi: "Mən keçən ilin axırından bu hökumətin qırmızı xətti keçdiyini, cəzasız qalmayacağını dəfələrlə yazmışam. Heç bir məsələni, problemi dərindən analiz etməyən və ya etməyi bacarmayan hökumətimiz özünün Qərbə göndərdiyi ”mənimlə işiniz olsa Rusiyaya yaxınlaşacağam, Gömrük İttifaqına girəcəyəm" mesajının işləyəcəyinə elə inanmışdı ki, son aylarda ağlasığmaz həm daxili, həm də xarici siyasətdə bəyanatlar verilirdi və bunun axırı olmalı idi. Avropanın sanksiyası Azərbaycanı elə günə salar ki, hökumət üzvlərinin bir çoxu Haaqa tribunalında cavab verməli olar. Hökumət anti-Qərb ritorikasından əl çəkib azad seçkilər keçirməyə cəhd etməlidir, düzdür, belə bir addım da onu təzyiqlərdən xilas edə bilməz, ancaq bir qədər zəiflədər".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA