XİN-də "qiyam": "Dövlətimin qarət olunması ilə barışa bilmirəm..." - Diplomat danışdı

img

09-09-2015 [14:16]


Azərbaycanın Avstraliyadakı səfirliyinin III katibi, bu ölkədən siyasi sığınacaq istəmiş Anar Həsənov ətrafındakı qalmaqal səngimir.

Mia.az xəbər verir ki, virtualaz.org saytı Anar Həsənovun özü ilə danışmaq imkanı əldə edərək baş verənlərə ilkin mənbədən, necə deyərlər, birinci əldən aydınlıq gətirməyə çalışıb.

-Anar müəllim, mətbuat bu günlərdə sizin hərəkətiniz barədə ən müxtəlif versiyalar irəli sürür, ən ağlagəlməz səbəblər göstərilir. Siyasi sığınacaq istəmək qərarınız barədə nə deyə bilərsiniz?

-Günahım yalnız odur ki, Kanberradakı səfirliyimizdə boğaza çıxan korrupsiya faktlarını açmışam və Azərbaycan prezidentinə və ombudsmana ünvanladığım məktublarda bu faktlar barədə məlumat vermişəm. Bu da səfir Rövşən Cəmşidovun, ümumiyyətlə isə Azərbaycan XİN rəhbərliyinin qətiyyən xoşuna gəlmədi.  Onların hamısı mənə hücuma keçdi. XİN səfirlikdə yoxlamalara başlamaq əvəzinə bu ilin iyununda mənim vəzifədən uzaqlaşdırılmağım barədə qərar qəbul etdi. Mahiyyət budur ki, səfir Cəmşidov korrupsiya izlərini silib təmizləmək üçün bütün üsullardan istifadə edərək mənim işdən çıxarılmağıma nail oldu.

-Belə çıxır ki, sizin Avstraliyadan siyasi sığınacaq almaq istəyiniz sırf səfirlikdəki korrupsiyanı üzə çıxarmağınızla bağlıdır, eləmi?

-Əvvəla, mən heç yerdən siyasi sığınacaq istəməmişəm. Bu şayiələri səfirliyin mühasibi Araz Xasıyev yayır. Xasıyev öz cinayətlərini gizlətmək üçün məni bütün ölkəyə satqın və müxalifətçi kimi təqdim edir. Amma sizi əmin edirəm ki, mən həmişə öz prezidentimizin siyasi xəttin dəstəkləmişəm və dəstəkləməkdə də davam edirəm. Yeri gəlmişkən, prezident də həmişə korrupsiyaya qarşı mübarizə aparır. Ona görə də mən diplomatik missiyada baş verən biabırçılıq qarşısında susa bilməzdim.

Siyasi sığınacaq almağa gəlincə isə mən qaçqınam. Öz vətənimi heç vaxt sata bilmərəm.

-Bəs onda Bakıya niyə qayıtmırsınız?

-Sırf adi məişət problemi ucbatından. Bağışlayın, həyat yoldaşım hamilədir. Həkimlər ona təyyarədə uçmağı,- xüsusilə də Kanberradan Bakıya qədər çox böyük məsafəni,- qəti şəkildə qadağan ediblər. Uşağımızı itirmək təhlükəsi varkən mən onu təyyarəyə necə mindirim? Ona görə də indi yalnız yerli QHT-lərin yardımı hesabına yaşayırıq. Mən daha maaş almıram. Avstraliya isə dəhşətli dərəcədə baha ölkədir. Zorla dolanırıq. Uşaq doğulan kimi Bakıya qayıda bilərik.

Bundan əlavə, biz faktiki olaraq pulsuz qalmışıq, dolanmağa imkanımız yoxdur. Üstəlik yerli bankların birinə 7 min dollar kredit borcum var. Mən nə biznesmen, nə də dövlətdən oğurlanan pullar hesabına yaşayan korrupsioner deyiləm ki, normal yaşayım. Siyasi sığınacaq almaq dərdi ola biləcək adamlara gəlincə isə bunlar səfir Cəmşidovla mühasib Xasıyevdir. Onları vətəndə yaxşı qarşılamaya bilərlər.  Belə korrupsionerlər kimə lazımdır?! Onların əməllərindən Kanberrada da xəbərdardırlar.

Mən öz prezidentimizə inanıram. Onun korrupsioner diplomatlara qarşı tədbirlər görəcəyinə şübhə etmirəm.

-Bəs korrupsiya faktlarını niyə məhz indi açmağa qərar verdiniz? Demək istəyirsiniz ki, o faktları əvvəllər görmürdünüz?

-Azərbaycan Xarici İşlər Nazirliyi  doğrudan da ölkənin ən çox korrupsiyalaşmış qurumuna çevrilib. Orada demək olar ki, hamı haqq alır və fırıldaqla məşğuldur. Bəli, susdum, amma elə bir məqam gəldi ki, XİN kimi vacib qurumda dövlət vəsaitinin həyasızcasına oğurlanmasına daha dözə bilmədim. Bu kütləvi və əhatəli korrupsiyada ilk növbədə XİN rəhbərliyi günahkardır.

-Ölkəyə qayıdanda təqib olunacağınızdan ehtiyat etmirsinizmi?

-Əlbəttə, risk edirəm, amma öz prezidentimə də inanıram. Mənə böhtan atırlar. Hətta deyirlər ki, guya mən ölkənin siyasi rəhbərliyini də nədəsə ittiham etmişəm. Halbuki mən dövlət orqanlarındakı korrupsiya faktları barədə ona məlumat verməyə çağırış edən dövlət başçısının ictimaiyyətə bu müraciətinə əsaslanmışam, həmin çağırışdan çıxış edib faktları açıqlamışam. Ona görə də səfir Rövşən Cəmşidovun və səfirliyin mühasibi Araz Xasıyevin iri məbləğdə dövlət vəsaitlərini, büdcə pullarını mənimsəməsindən söz açmışam. Diplomatik xidmət sistemindəki korrupsiyanı ifşa etməyə söz verirəm.

-Dediyiniz kimi, səfir Cəmşidov doğrudanmı siqaret və içki alveri ilə məşğuldur?

-Sözümün üstündə dururam, dediyimdən heç vaxt imtina etmirəm. Qoy Azərbaycanda hamı bilsin ki, ölkəmizi xaricdə, özü də dünyanın ən böyük ölkələrinin birində hansı mənəviyyatsız adamlar təmsil edir. Cəmşidovla Xasıyev öz diplomat statuslarından istifadə edərək qeyri-leqal siqaret və içki alveri ilə məşğul olublar. Bundan əlavə, səfir mühasiblə əlbir olaraq mövcud olmayan katibəyə maaş yazaraq mənimsəyib. Bu "ölü can” ayda nə az, nə çox - düz 2700 dollar maaş yazılaraq mənimsənilib. Avstraliyada siqaret çox bahadır. Məndə olan məlumata görə, bu cütlük onları "qara bazar”da satdırıb.

-XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyir ki, sizi peşəkarlıq səviyyəniz aşağı olduğu, diplomatik xidmətə yararsız olduğunuz üçün işdən çıxarıblar...

-Onlar qoy öz peşəkarlıq səviyyələrinin qayğısına qalsın. Şəxsən mən universiteti fərqlənmə diplomu ilə bitirmişəm. Diplomatik Akademiyanın kurslarını keçmişəm. İngilis dilini yüksək səviyyədə bilirəm, bunu sertifikatla da təsdiq edə bilərəm. İndiyə qədər Azərbaycanın müxtəlif ölkələrindəki diplomatik missiyalarında çalışmışam. Məni indi ona görə bu işə yararsız kimi təqdim edirlər ki, öz cinayətlərini ört-basdır edə bilsinlər.

-Vurulmuş səfir Arif Məmmədov artıq sizi dəstəkləməyə hazır olduğunu bildirib. Bununla bağlı nə deyə bilərsiniz?

-Mən onu ümumiyyətlə tanımıram. Adımın siyasi aspektdə hallandırılmasına da qətiyyətlə etiraz edirəm. Mən diplomatam, siyasətçi yox. Mən sadəcə olaraq kimlərinsə dövlətimi qarət etməsinə daha biganə qala bilmərəm.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA