Rektor-deputatların seçki iddiası - Açıqlamalar

img

08-09-2015 [17:03]


YAP-ın seçki siyahısının açıqlanmaması mətbuatın gündəminin əsas mövzusudur. Hakim partiyanın deputat siyahısının hələ də açıqlanmaması əlavə suallar yaradır. 

Siyahının gecikməsi barədə müxtəlif iddialar və versiyalar var. Bunlardan biri də rektorların parlamentə buraxılıb-buraxılmaması barədə müzakirələrin yekunlaşmamasıdır. İddialara görə, bu çağırışda parlamentə YAP rektorları salmaq istəmir və bu üzdən siyahıdan rektorlar silinir. Bu isə rektorların narazılığına səbəb olub və məsələ mübahisə yaradıb. Deyilənə görə, rektorların parlamentdə yenidən təmsil olunması ətrafındakı müzakirələr YAP-ın siyahısının ləngiməsinə səbəb olub. Yəni YAP-ın maraqla gözlənilən siyahısını gecikdirən, ləngidən faktorlardan birinin məhz rektorlar olduğu deyilir. YAP siyahısından deputat seçilmiş rektorlar məsələ ilə bağlı musavat.com-a bağlı danışıblar.

Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı bildirib ki, bu iddiadan xəbərsizdir: 


Aqiyə Naxçıvanlı

"Amma bununla bağlı neçə ildir söhbət gedir. Yəni hər bir insan bir vəzifə tutmalıdır. Hansı qərar verilmiş olsa, mən o qərarı qəbul edəcəm, heç bir sözüm, iradım yoxdur. Amma həmin iddialardan xəbərim yoxdur. Mən də onun tərəfdarıyam ki, hər bir insan bir vəzifə tutmalıdır. Bir az orada, bir az  burada ola bilməz. Düşünürəm ki, Azərbaycanda yetərincə ağıllı, savadlı, elmli insanlar var ki, o yerləri tutsunlar”. 

"Sizinlə bu mövzuda söhbət olubmu” sualına A.Naxçıvanlı belə cavab verib: "Mənimlə belə söhbət olmayıb, amma olunsa, mən öz seçimimi edəcəm”. 

"Seçim rektorluq olacaq, yoxsa deputatlıq” deyə xanım deputatdan soruşduqda, o, "hələ buna qərar verməmişəm” söyləyib: "Mən hər ikisində məsuliyyətli işləmişəm, məqam çatanda da seçim edəcəm. Digər rektorlar da hansına üstünlük verirsə, öz potensialını üstün görürsə, onu seçməlidir”. 

O, YAP-ın siyahısının gecikməsinə də münasibət bildirib: "Siyahı açıqlanmır. Yəqin vaxtı deyil. Nəyə tələsirlər? Sirr qalmayacaq ki, hazırlanıb açıqlanacaq. Burada da heç bir problem görmürəm”. 

Əhməd VƏLİYEV

Odlar Yurdu Universitetinin rəhbəri Əhməd Vəliyev isə bildirib ki, YAP-ın siyahısının ləngiməsinin səbəbləri ona məlum deyil: "Mən də mətbuatdan izləyirəm. Rektorların deputatlığına gəlincə isə, deyə bilərəm ki, qanun nədirsə, o cür olmalıdır. Qanun imkan verirsə, rektor deputat ola bilər, yoxsa, yox”. 

Deputat xatırlatdıqda ki, qanun yenə də rektorların deputat olmasına imkan verir, o belə dedi: "Mənə hələ seçkiyə gedib-getməməklə bağlı hər hansı təklif olmayıb. Mən rektor deyiləm, idarəetmə şurasının sədriyəm, məndə özəl sektordur. Özəl sektor sərəncamla təyin olunmur. Namizədliyimi də partiya nə qərar versə, o cür edəcəm. Biz partiyanın əsgəriyik”. 

YAP-ın siyahısının nə zaman açıqlanacağına gəlincə, Ə.Vəliyev dedi ki, siyahının sentyabrın 10-da açıqlanacağını eşidib: "Bunu da mətbuatdan eşitmişəm. Siyahının yubanmasının səbəbləri ilə maraqlanmamışam, gözləyirəm. nə məsləhət olsa, onu edəcəm. Mən iki dəfə deputat olmuşam, hər dəfə də YAP-ın siyahısından. Hər dəfə partiya göndərib, bu dəfə də partiyanın qərarına əməl edəcəm”(Musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA