Rasimin buraxdığı səhvdə QHT-lərin də rolu var

img

12-08-2015 [18:03]


Məhəmmədəli QƏRİBLİ

Həmkarımız Rasim Əliyevin ölümü mənə çox pis təsir edib. Bu hadisəni qınamışam və bütün günahkarların layiqli cəza almasını istədiyimi bildirmişəm. 

Eyni zamanda, hesab edirəm ki, bu, adi kriminal hadisədən  daha çox effektə malik olan bir olaydı. Artıq işartılar var. Bəzi beynəlxalq dairələr məsələni tam siyasiləşdirmək istəyir və belə cəhdlər gələcəkdə də olacaq. Bir sözlə, bu qətllə bağlı Azərbaycan dövlətinin üzərinə edilən basqılarda artan dinamika müşahidə ediləcək.

Hadisənin digər və ən vacib yönü isə, Rasimə qarşı edilən həkim səhlənkarlığı ilə bağlıdır. Həmkarımızın səhətinə lazımi və peşəkar həkim müdaxiləsi vaxtında edilsəydi, bu, acı sonluq da olmazdı. Bunlar aydındı…

Ancaq məsələyə bir qədər professional aspektdən yanaşmanın ortaya qoyulmasını istərdim ki, bu vacib və bizi ciddi narahat etməyə başlayan  məqam gələcəkdə təkrar olunmasın. Bunu ilk gündən yazmaq istədim, ancaq cəmiyyətdəki gərgin ab-havanın bir qədər səngiməsini gözlədim. Təəssüf ki, hadisənin bu aspektinə heç kim toxunmaq istəmir.

Bu üzücü hadisə ilə bağlı bir sual yaranır: hadisədə Rasimin təqsiri olubmu?

Mən buna professional jurnalistin buraxmalı olmadığı səhv kontekstindən cavab vermək istərdim. Əvvəlcədən bildirirəm ki, bu səhvin Rasimin nə yazması ilə bağlantısı yoxdur. Çünki tənqidə görə jurnalistlə belə haqq-hesab çürütmürlər. Hətta həmin yazıda təhqir elementləri olubsa belə, onu həll etmək üçün daha sivil yollar mövcuddur. Heç kim Rasimə qarşı edilən cinayətə haqq qazandıra bilməz.

İndisə gəlin görək, jurnalistin başına  bu faciə necə və hansı şəraitdə gəlib? O, yazdığı yazıya görə, əvvəlcə onu təhqir edən, tanımadığı, heç sifətini belə görmədiyi bir şəxslə görüşə çıxıb. Özü də harda? Küçənin ortasında…

ra

Professionallıq nöqteyindən yanaşsaq, bu, böyük yalnışlıqdı. Ciddi jurnalistika ilə məşğul olanlar üçün beynəlxalq qurumların maliyyə dəstəyilə media nümayəndələrinin təhlükəsizliyilnin necə qoruması ilə bağlı çoxsaylı təlimlər keçirilir. Həmin təlimlərə dünyanın ən ciddi və riskli mövzularından yazan, bu sahədə böyük təcrübəsi olan jurnalistlər mühazirə demək üçün dəvət olunur.

Tanınmış serb jurnalisti Stefan Diankovicin ekspertliyilə həyata keçirilən belə tədbirlərdən birində mən də 3 gün iştirak etmişəm. Orda da bizə başa saldılar ki, jurnalistin fəaliyyətilə bağlı kiminləsə naməlum yerdə görüşməsi doğru deyil. Belə görüşlər bir neçə nəfərin iştirakı ilə yalnız redaksiyada baş tutmalıdır. Bəlkə də, bu xatırlama bəziləri üçün adi görünə bilər. Əminəm ki, bu qaydanı bilən və ona əməl edən jurnalistlərimiz də az deyil. Ancaq bilməyənlər üçün belə maarifləndirmənin böyük təsiri olur.

ras

O da bəllidir ki, bizim ölkədə fəaliyyət göstərən QHT-lər mediada layihələrin həyata keçirilməsi adı ilə sanballı məbləğdə qrantlar alırlar. Fəaliyyətlərindən isə görünür ki, gördükləri iş həmin qrantı rahat həzm etməkdən ibarətdir. Bir də təşkilatlarının loqoları fonunda yığdıqları bir sürü adamla şəkil çəkdirib, QHT Şurasına təqdim etməkdən.

Mən, medianın adı ilə qrantları "basıb” yeyən QHT-lərə sual edirəm: niyə bizim təhlükəsizliyimizlə bağlı seminarlar təşkil etmirsiniz? Axı, belə layıhələr üçün sizlərə dövlətin büdcəsindən külli miqdarda pul ayrılır. Bu pullar ayrılmır ki, siz onu həzm edib, sonra dövləti ağır vəziyyətdə qoyasınız!

 Bəli, bəlkə də, mərhum Rasim belə seminarlardan birində iştirak etsəydi, professional jurnalist məsləyinin kiminləsə küçədə görüşməyi qadağan etdiyini qulağında sırğa edərdi və nəticə bu sonluğa yuvarlanmazdı. Bir sözlə, Rasmin buraxdığı kobud səhv onun həyatı bahasına başa gəldisə, bizim adımızla qrant yeyənlərin isə heç tükü də tərpənmədi, onlar öz işlərindədir.

Mən, eyni zamanda, jurnalist həmkarlarıma bu istiqamətdə ciddi araşdırmaların aparılmasını tövsiyə edərdim. Araşdırın, tapın görün, jurnalistlərin təhlükəsizliyilə bağlı hansı QHT-lərə qrant ayrılıb və onlar bu yöndə nə iş görüblər? Araşdırın ki, onların bizim adımızdan pul yemələrinə son qoyaq və Rasim bizim sonuncu itkimiz olsun…


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA