Siyavuş Novruzovdan jurnalistin ölümü ilə bağlı özünəməxsus açıqlama

img

11-08-2015 [14:48]


Avqustun 8-də bir neçə şəxs tərəfindən döyülərək öldürülən jurnalist Rasim Əliyevin vəfatı Azərbaycan cəmiyyətində böyük səs-küyə səbəb oldu.

Sosial şəbəkədə şəxsi fikirlərindən dolayı döyülərək qətlə yetirilən jurnalistin faciəli ölümü ölkə başçısına qədər gedib çatdı. Prezident məsələyə münasibət bildirərək bu hadisənin yolverilməz olduğunu dedi. Üstəlik bu cinayət işinə yaxından nəzarət etdiyini vurğuladı.

Məsələyə münasibət bildirən millət vəkili Siyavuş Novruzov Hafta.az-a açıqlamasında deyib ki, bəzi Qərb dairələri, onlara qulluq edən media jurnalistin dünyasını dəyişməsindən şou düzəldib özlərinin təbliğatını qurmaq istəyirlər:

"Bundan istifadə edib dövlətin imicinə xələl gətirmək istəyənlər var. İstənilən halda, istər jurnalist, istərsə də adi vətəndaş olsun cəmiyyətdə insan varsa problemlər də var. Heç bu jurnalistin ölümü bir yana, biz gündə onlarla hadisənin baş verdiyini mediadan oxuyuruq. Kiminsə başqası ilə sözləri düz gəlmir, dalaşırlar. Qətllər baş verir. Bu sırf peşə fəaliyyəti ilə bağlı ola da, olmaya da bilər. Müxtəlif, başqa – başqa səbəblər də olur. Bunların hamısı istintaq tərəfindən araşdırılmalıdır. İstintaqın araşdırmanı başa çatdırmadan, bu hadisəni törədən şəxslər məsuliyyətə cəlb edilmədən, bu cinayətləri törətdikləri haqqında məlumatları təsdiqləmədən kimlərinsə ortaya düşüb bəyanat verməsi, şou düzəltəsi, həm də bunu öz qarayaxma kampaniyalarına alət etməsi qərəzçilikdən irəli gəlir”.

Siyavuş Novruzov deyir ki, son jurnalist ölümü ilə bağlı, eləcə də ayrı – ayrı cəmiyyət hadisələrindən dolayı Qərb mediası bütün bunlardan istifadə etməyə çalışır:

"Qərb mətbuatının ayrı – ayrı dairələrində Azərbaycanla bağlı qərəzli mövqe var. İstənilən kiçik bir hadisəni şişirdib böyük bir faciə kimi cəmiyyətə təqdim edirlər. Həmin ölkələrin özündə jurnalistlərə kifayət qədər təzyiqlər olub. Dövlət xadimləri də öldürülüb. Elə götürək Ermənistanda prezidentliyə namizədin güllələnməsini. Həmin Qərb mətbuatının biri bu haqda bir kəlmə də olsun yazmadılar. Başqa – başqa ölkələrdə buna onlarla misal gətirmək olar. Bu cür hadisələrin biz çox şahidi olmuşuq. Həmin mətbuat orqanlarının Azərbaycandakı nümayəndəlikləri, eləcə də erməni diasporuna xidmət edən daxildəki siyasi partiyalar, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri vasitəsi ilə antiAzərbaycan mövqeyi sərgiləyirlər”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA