Böyükağa Hacıyevdən carpıcı açıqlamalar - Müsahibə

img

19-01-2015 [17:12]


Məşqçilər Komitəsinin üzvü, təcrübəli mütəxəssis Böyükağa Hacıyevin apasport.az saytına müsahibə verib.


Mia.az həmin müsahibəni təqdim edir:
 
- Məşqçilər Komitəsinin digər üzvləri Antalyada olduqları halda, siz Bakıda qalıb, burdakı komandaların hazırlığını izləyirsiz. AZAL, "Sumqayıt” və "Bakı”nın 3-cü dövrəyə hazırlığını necə qiymətləndirirsiz?

- Onların hazırlıq prosesini diqqətlə izləyirəm. İmkanları olsaydı, bu klublar da xaricdə təlim-məşq toplanışı keçərdilər. Ən pisi odu ki, bu gün klublarımızın maliyyə imkanları arasında fərqlər var. Düzdü, bütün dünyada belədi. Əksər klublar Antalyada olduqları halda, bu 3 klub Bakıdadı. Bəlkə də bunların paytaxda qalmaları daha yaxşıdı. Onsuz da, Azərbaycanda da havalar yaxşı keçir. Yeganə problem sparrinq rəqib tapa bilməməkdi. Bu problemdən də bir-birləri ilə yoxlama oyunları keçirməklə çıxış yolu tapırlar.
 
- Qış fasiləsindən sonra 2 komanda – "Qəbələ” və "Xəzər Lənkəran” çempionatdakı mübarizəyə yeni baş məşqçi ilə davam edəcək. Roman Qriqorçukun gəlişindən sonra "Qəbələ”dən nə gözləyirsiz?

- Qriqorçuku dərindən tanımıram. Bunun üçün zamana ehtiyac var. Bilirəm ki, komandaya biri qapıçı olmaqla, 3 ukraynalı futbolçu gətirib. Kamran Ağayevin getməsi "Qəbələ” üçün itki olar. Kamran kimi qapıçının Azərbaycan futboluna gəlməsi üçün 15-20 il vaxt lazımdı. Bu gün futbolda nə yerlibazlıq, nə də qohumbazlıq dövrüdü. Nə olsun yeni gələn qapıçı ukraynalıdı. Futbolun yazılmamış qanunu var: kim güclüdüsə, o da oynamalıdı. Hər şey Kamranın özündən asılıdı. Əgər o özünü daha yaxşı tərəfdən göstərsə, Qriqorçuk futbolun yazılmamış qanunu ilə getməli olacaq.
 
- "Xəzər Lənkəran”ın yeni baş məşqçisi Elbrus Məmmədov haqda da fikirlərinizi eşitmək istərdik...

- Elbrus bacarıqlı məşqçidi. Üstəlik, azərbaycanlıdı. Elbrusun rəhbərliyi altında "Xəzər Lənkəran”ın əvəzedici komandası lider oldu. Yəqin ki, Məmmədov Topaz Premyer Liqasında da özünü göstərə biləcək.
 
- Keçmiş komandanız "Neftçi” hələlik 3 yerli futbolçu ilə güclənib. Bu, qış fasiləsindən sonra çempionluq mübarizəsini davam etdirmək üçün kifayətdirmi?

- 3 nəfər alıblar da, daha kimi alsınlar? (gülür). Özü də hər üçü yerli futbolçudu və bu, müsbət haldı.
 
- Daha bir sabiq klubunuz "Bakı” isə maddi sıxıntılar çəkir. Sizcə, paytaxt klubunun aqibəti necə olacaq?

- "Bakı”da istək həddindən artıq böyükdü. Əfsuslar olsun ki, komanda maddi cəhətdən problem yaşayır. "Bakı”da fədailər vuruşur. Yəni, futbolu pula görə oynamayanlar qalıb. Onları alqışlamaq lazımdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA