Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla müsahibə:
– Anar müəllim, "Təhminə” öldü?
– Hə, deyirlər, öldü.
– Doğrudan, nə yaxşı cavab oldu: hə, deyirlər, öldü.
– Onu qızım Günel davam elətdirdi sonra. Guya gündəlikləri tapılır, beləcə, davam eləyir. Düzü, tez-tez mənə sual verirlər ki, "Təhminə” niyə ölür? Deyirəm, yaxşı, onda deyin, "Anna Karenina” niyə ölür, "Hamlet” niyə ölür? Axı dünya ədəbiyyatında çox əsərlərdə baş qəhrəmanlar ölürlər.
– Yeri gəlmişkən, qızınız Günel xanımın yaradıcılığına münasibətiniz necədir? Yaza bilir?
– Vallah, mən deyəndə ki, Günel istedadlı yazıçıdır, deyirlər, qohumbazlıq eləyir. Hər halda, məncə, istedadlı yazıçıdır Günel. Düzdü, indi yazmır, amma Turalın da satirik hekayələri mənim üçün çox maraqlıdır. Oxuyub ləzzət alıram. Amma bunu heç yerdə demirəm. Bilirəm, o saat deyəcəklər ki, bayaq dediyim kimi, Anar qohumbazlıq edir.
– Başqa məsələyə keçək. Bax, sizi bu qədər dəyərləndirirlər, bu qədər qiymətləndirirlər, haqqınızda bu qədər yüksək fikirlər deyirlər, tərifləyirlər...
– Və bu qədər söyürlər. (gülür) Bunu niyə demirsən? Azərbaycanda məndən çox tənqid olunan yazıçı var? Tənqid yox, tənqid olsa, bir işdir, başdan-ayağa təhqir, böhtan, yalan. Mənə yaxın adamlar, məni istəyən adamlar deyirlər ki, heç kəsə cavab vermə. Sən ancaq əsərlərinlə cavab ver onlara. Əgər yeni bir əsər yazırsansa, bu, ən yaxşı cavabdır. Amma mən də insanam də. Demirəm ki, mən başdan-ayağa xeyirəm, bunun yəqin, bir şər qüvvəsi də var. Və o şeylər məni hövsələdən çıxardanda görürsən ki, hətta mən o cavabı, yəni yeni yazdığım əsəri çap eləmirəmsə belə, amma yazıramsa, artıq sakitləşirəm. Öz-özümə deyirəm ki, buna cavab verdim. Ürəyimdə qalmadı.
– Anar müəllim, bayaq dediniz 77 yaşım var. Mən həmişə belə yaşlar haqda deyirəm ki, həyatla mübarizədə hesab 7:7-dir. Təbii ki, bu oyun həyatın meydanında gedir. Məsələn, yaşınız 78 olanda siz həyata 7:8 qalib gəlmiş sayılacaqsınız. Oyunun qurtarmasına nə qədər var, Allah bilir. Belə. Mənim üçün maraqlıdır, 77 yaşın darıxmağı necə olur? Və yaxud, heç darıxırsınız? Yoxsa... Ümumiyyətlə, darıxmaq necə olur?
– Darıxmağa macal verirlər ki? (gülür) Macalım olsaydı, darıxardım.
– Kim imkan vermir ki?
– Bütün günü burdayam. Yazıçılar Birliyinə bir maqnitofon qoysan, görərsən ki, insanlar nə təkliflərlə gəlirlər bura. Daha doğrusu, təklif demək olmaz buna, nə xahişlərlə, nə tələblərlə gəlirlər. Biri o biri haqda nə deyir, o biri bunun haqda nə deyir. Biri özünü necə qələmə verir, hərəkət və davranışları necədir. Gülməli məqamlar çoxdur. Məsələn, biri gəlir, başlayır ki, mən sərbəst şeiri çox sevirəm. Bilirəm ki, bunun dalında bir xahiş olacaq (gülür).
– Hə, elədir.
– Deyirəm, sərbəst şeiri qoy bir kənara, sözünü de. Hə, sözüm odur ki, mənim ev şəraitim pisdir. Qəribədir. Dövr dəyişib, amma Sovet psixologiyası insanların şüurunda dəyişməyib. Deyirəm, ay balam, Yazıçılar Birliyi şair və yazıçılara ev verə bilmir, bizim elə imkanımız yoxdur. Bir dəfə imkan düşdü, bir neçə nəfərə ev verdik. Daha mümkün deyil. İnanmırlar. Deyirlər, sən istəsən, eləyərsən.
– Aydındır. Belə yerdə darıxmaq olmaz.
– Hə, yəni onu deyirəm ki, imkan olmur darıxmağa. Yazıçılar Birliyindən axşam evə gedəndə limonu sıxırsan e, bax, o cür oluram, evə o cür gedirəm. O qədər qayğılar, o qədər neqativ şeylər... Elə adamlar olur, içəri girən kimi görürsən ki, aurası qaradı bu adamın, başdan-ayağa qara basıb. Hamısı da narazıdı. Heç bir idarədə belə şərait yoxdu, vallah, inanın mənə. İstəyəndə gəlirlər, istəyəndə gedirlər. İstəyəndə aylarla gəlmirlər, bir də görürsən, redaktorlar gəlirlər ki, bu adam işləmir, gəl bunu işdən çıxardaq.
– Aha...
– Mən də bilirəm işləmir. Amma onu işdən çıxarsam, acından öləcək axı. Mən buna razı ola bilmərəm axı. Ad çəkə bilmirəm, elələri var mənim köhnə dostumdu, əlini ağdan-qaraya vurmur, bu öz yerində. Deyirəm, heç olmasa, nəsə tərcümə elə, əsərlər yaz, çap olun, qonorar al. Heç bir şey eləmir. Özü üçün də heç nə eləmir, Yazıçılar Birliyi üçün də. Bu da yenə yaxşıdı. Burda neçə arvad var, biri o birinin saçın yolur, biri, nə bilim, gəlib ərizə yazır, deyir, onun yerində mən oturmalıyam. Bu adam xəstədi-nədi bilmirəm. Amma işdən çıxardacaqsan, acından öləcək. Siz də gedib yazacaqsınız ki, Anar bu boyda böyük şairi məhv elədi.
– Başa düşürəm, Anar müəllim, gərək dözəsiniz də. Başqa çarə yoxdu.
– Bəs nə!
– Belə məqamda musiqiyə qulaq asmaq çox yaxşı təsir eləyir adama. Heç musiqiyə qulaq asırsınız?
– Hə, qulaq asıram arada.
– Maraqlıdır, 77 yaşın musiqiləri hansılardı? Belə əsəbi vaxtlarınızda hansı musiqilər sakitləşdirir sizi?
– Bilirsən, hər cür musiqini sevirəm. Muğamları da sevirəm, bəstəkarları da sevirəm, Avropa musiqisini də sevirəm. Bəzən caz musiqisinə də qulaq asıram. Mənim çox böyük bir fanatekam var. Düzdü, köhnə kompakt disklərdi. O vaxtlar mən Türkiyədə işləyəndə bütün pulumun yarısını kasetlərə verirdim. Çünki musiqi məni, doğrudan da, sakitləşdirir.
– Yadıma bilirsiniz nə düşdü? Heydər Əliyev haqda siz yazmışdınız ki, o, dünyaya qalib gəldi, qalib yaşadı, qalib də getdi. Təbii ki, siz bunu mərhum prezident haqda yazmısınız. İndi həyatdasınız, bizimlə bir yerdəsiniz, Allah sizə ömür versin. Amma mənim üçün maraqlıdır, heç düşünürsünüzmü ki, nə vaxtsa bu sözü sizə də aid eləyəcəklər?
– Bu sizdən asılıdır. Mən gedəndən sonra siz biləcəksiniz, qalib getdim, yoxsa məğlub getdim.
– Başqa məqam. Bayaq da dediniz ki, yaxınlarım mənə deyir, tənqidlərə cavab vermə filan-bəsməkan. Bax, yaxınların məsləhəti olmadan, bir insan kimi sizin özünüzü daxilən narahat eləyir bu tənqidlər?
– Narahat eləyir deyəndə ki, bilirsən necədi? Mənə bir dənə deyirlər ki, fikir vermə! Axı mən bir dəfə fikir vermədim, beş dəfə fikir vermədim, on dəfə fikir vermədim. O "Azadlıq” qəzetində bir Elnur var, nədən yazır-yazsın mənə mütləq sataşmalıdır. Özü də tutuquşu kimi eyni sözləri deyir – "Xalqsız Xalq yazıçısı”.
Yaxşı, gedək soruşaq xalqdan, görək xalq kimi oxuyur, kimi sevir, kimi tanıyır? Niyə mən xalqsız yazıçı olmalıyam ki? Bir az yekə çıxmasın, bütün ömrüm boyu özümü bu xalqa həsr eləmişəm, özümü bu xalqın mədəniyyətinə, ədəbiyyatına, dilinə həsr eləmişəm, qeyrətini çəkməyə həsr eləmişəm. Yazır ki, Anarın bütün yaradıcılığını Sarokinin bir hekayəsinə dəyişərəm. Bu adama niyə təsir eləməsin? Təbii ki, təsir eləyir. Özü də təkcə məndən yazır. Adlar çəkir. Rəqsanə, kim, kim və Anar. Özü də həmişə "Anar Rzayev” yazır, guya bununla məni sancır. Bu nə səviyyədə yumordu? Bu yumor deyil, terrordu, özü də axmaq terrordu. Bunların heç biri ciddi qəbul olunası şeylər deyil. Elə-belə sataşsınlar, nə bilim, neyləyirlər eləsinlər. Amma təbii ki, yenə deyirəm, bu şeylər adama təsir eləyir.
– Ad çəkmirəm, sadəcə, bu işlərin içində olan gənc kimi bilirəm ki, sizə qarşı olan tənqidlər ən çox nədən ibarətdir. Anar niyə dünya miqyaslı yazıçı deyil? Anar niyə dünyaya çıxa bilmir? Tutalım, Orxan Pamuk Azərbaycana gəlirsə, o, hər hansı bir qonorar hesabına gəlir, bəs bizim niyə elə bir yazıçımız yoxdur ? Məsələn, Anar niyə elə bir yazıçı deyil ki, o, dünyanın başqa ölkələrinə qonorarla dəvət olunsun?
– Bizim burda qonorarımızı heç düz-əməlli vermirlər. (gülür) Bilirsən, mən neçə il təkid elədim ki, latın əlifbasında kitablar çap olunsun, deputat olanda da bunu dəfələrlə demişəm, cənab İlham Əliyev birinci dəfə prezident seçiləndə ziyalılarla görüşü oldu, orda çıxış elədim, dedim, xahiş edirəm ki, siz seçiləndən sonra latın əlifbası ilə kitablar haqqında qərar verəsiniz. O da çıxışında dedi ki, mən bu təklifi qəbul eləyirəm. Əməl elədi də. Seçiləndən sonra yanvarın 11-də bu barədə qərar verdi. Sonra prezident mənə zəng elədi ki, Anar müəllim, qərarı vermişəm, kitabların siyahısını tərtib eləyin, Ramiz Mehdiyev sizə zəng eləyəcək. Dedim, mən çoxdan tərtib eləmişəm. Ramiz Mehdiyev zəng elədi. Göndərdim ona dünya ədəbiyyatından kitabların siyahısını. Amma nəticəsi nə oldu?
– Nə oldu?
– Qəzetlərdə yazdılar ki, Anar bu təklifi ona görə eləyir ki, atasıyla anasının kitablarını çap eləsin. 300 kitabın içində mənim atamla anamın adı varsa, hesab eləyirlər ki, onlara görədir.
– Yəni hesab eləyirlər ki, olmamalıdır.
– Hə. Heç özümün adımı yazmamışdım. Prezident Aparatından saldılar adımı. Sonra yazırlar ki, yox, yəqin, Anar burdan qazanmaq istəyir. Axı nə cür qazana bilərəm? Mənim mətbəəm var, nəşriyyatım var, nəyim var? Nə cür qazana bilərəm, hə? Bir sözlə, məndən siyahını aldılar, bundan sonra heç nəyi məsləhətləşmədilər. Kitablarımızı aldılar, bilmirəm düzdür, yoxsa düz deyil, deyilənə görə, iyirmi beş min tirajla çıxarıblar, bir qəpik qonorar vermədilər bizə. Bir qəpik. Dedim, heç olmasa, bir nüsxə kitabxanamıza göndərin, onu da göndərmədilər.
– Anar müəllim, siz də, yəqin, bu barədə fikirləşmisiniz ki, ölkədə, doğrudan da, kitab bazarı olsa, kitab almaq və kitab satmaq mədəniyyəti formalaşsa, əslində, şair və yazıçıların bir-birlərinə qarşı dava-qırğınları, çəkişmələr aradan qalxar. Heç kəsin sizinlə də işi olmaz. Tutaq ki, bir şairin, bir yazıçının, şübhəsiz ki, oxucu özü seçim eləyəcək və yaxşını alacaq, kitabı satılarsa, bütün problemlər öz-özünə həll olunacaq. Həmin yazar kitabının pulu ilə araq içəcək, bunu məsəlçün deyirəm, lap sərxoş olub küçədə yatacaq, kimin nəyinə lazımdır?! Dünyada belə yazıçılar azmı olub? Yəni Azərbaycanda yazıçı həyat tərzi yaşamaq mümkün deyil. Yazıçı məcbur olub gedib hardasa işləyir və işlədiyi yerin mövqeyindən çıxış eləməsə, vəziyyət necə olacaq, Allah bilir. Beləliklə, istedadlı bir adam öz mahiyyətindən çıxır. Bunun üçün neyləmək lazımdır? Siz Yazıçılar Birliyinin sədrisiniz, yəni Azərbaycan dövləti ilə Azərbaycan yazıçıları arasında mənəvi körpü. Bəs qələm adamları dərdini kimə desinlər, necə eləyək ki, Sovet sistemindəki kimi kütləvi şəkildə kitaba maraq yaransın, kitab oxunsun. Nə eləmək lazımdır?
– Bunun üçün əlbəttə, kitabı təbliğ eləmək lazımdır. Bizdə kitabın təbliğatı yoxdur. O gün mənim kitabımın təqdimatında – düzdü, burda Pərvinin də rolu çox böyük oldu ki, tələbələri gətirdi – gördünmü nə qədər adam gəlmişdi, nə qədər kitab alındı və kitab təbliğ olundu? Ona görə yox ki, bu, dahiyanə kitabdır. Ona görə ki, nəsə bir maraq oyadıb bu kitab. Bəyəm, televiziya kitabı təbliğ eləyir? Yox! Biz çalışdıq ki, Bayatı kitab mağazasında imza günləri keçirək, cavan yazarların kitabları satıldı, 80 kitab aldılar, 100 kitab aldılar. Bunu ardıcıl şəkildə davam etdirmək lazımdır.
– Bayaq dünyaya çıxmaqla bağlı sualıma konkret cavab olmadı, başqa şeydən danışdıq, yadımızdan çıxdı.
– Hə, ora qayıdaq. Dünyaya çıxmaq üçün gərək böyük dillərin birində yazasan. Ya fransız dilində, ya ispan dilində, ya ingilis dilində, təbii ki. Ya da ən azı, rus dilində. Milyard yarım əhalisi olan Çindən cəmi bir yazıçı Nobel mükafatı alıb. Bir milyard əhalisi olan Hindistandan bir dənə Taqor Nobel mükafatı alıb. İndi o şimal xalqların demirəm, onlar özləri ordadılar deyə, mükafatı asanlıqla alırlar. Yəni burda, əsasən, böyük dillərdə yazmaq rol oynayır. Orxan Pamuku da əgər Fransada təbliğ eləməsəydilər... İndi deyirlər, genosidin də təsiri olub, düzdü, bunun da rolu ola bilər bəlkə, amma əsas deyil. Yaşar Kamalın arvadı var, Gilda. Bir də Nazim Hikmətin arvadı Münəvvər, bunlar Orxanı Fransada təbliğ eləməsəydilər... Qallimarda çap olundusa, deməli, dünya şöhrətli yazıçısan. Onlar Qallimarda Orxanın kitabını çap elədilər, yayıldı Avropaya.
– Hər halda, Orxan Pamuk da elə-belə yazıçı deyil ki...
– Söz yox ki, Orxanın özü də istedadlı yazıçıdır, mən heç bir şey demək istəmirəm bu barədə. Yəni bu cür oldu ki, Orxan Nobel mükafatı aldı, vəssalam. 70 milyonluq Türkiyədə cəmi bir nəfər aldı bu mükafatı. İndi yazırlar ki, Azərbaycan yazıçısı haçan Nobel mükafatı alacaq? Deyirəm, Azərbaycanın yığma futbol komandası dünya çempionu olanda, onda Nobeli biz də alacağıq. Deyir, ayağını yorğanına görə uzat. Cəlil Məmmədquluzadə zəif yazıçı deyil ki? Amma dünyada tanınır? Tanınmır. Və yaxud, İsa Hüseynov.
Mənə elə gəlir ki, onun ilk povestləri Çingiz Aytmatovun ilk povestlərindən aşağı deyil. Amma Çingizi bütün dünya tanıdı. İsanı biz tanıda bilmədik. Əslində, tanıda bilmədik də düz deyil. Sadəcə, bəxti gətirmədi. Belə deyə bilərəm. Amma bu o demək deyil ki, İsa Hüseynov kimdənsə aşağı yazıçıdı, yaxud Cəlil Məmmədquluzadə kimdənsə aşağı yazıçıdı.
– Anar müəllim, hər halda, Cəlil Məmmədquluzadənin də dünyaya çıxmaması ilə təsəlli tapmaqdansa, dünyaya çıxmağın yolları haqda düşünmək lazımdır. Elə deyil?
– Dünyaya çıxmaq. Qəribə bir şeydi. Birinin bir yerdə kitabı çıxırsa, deyirlər ki, bu, artıq dünya yazıçısı oldu. O gün "Ovqat” verilişinə çağırmışdı məni Şəfəq xanım. Çox yaxşı da qadındı. Birinci sualında deyir ki, Anar müəllim, sizi dünyanın bütün ölkələrində tanıyırlar. Dedim, Şəfəq xanım, dünyanın 200 ölkəsi var. Onun 10-unda məni tanıyırlarsa, sağ olsunlar. Amma nəyə lazımdı bu söz ki, sizi dünyanın hər yerində tanıyırlar. Şəxsən mənə deyəndə ki, dünya şöhrətli yazıçısan, mən bunun əleyhinə oluram. Mən özümü dünya şöhrətli yazıçı hesab eləmirəm. İndi Türkiyədə və başqa bir neçə ölkədə tanıyırlar, çap olunmuşam deyə, bu o demək deyil ki, mən dünya şöhrətli yazıçıyam.
– Yəni kütləvi olmalıdır? Tutalım, bir əsər öz-özünə, yəni təbii şəkildə ölkədən aşıb-daşıb dünyaya tökülür. Belə?
– Kütləvi olmaqdan başqa, sənin başqa ölkələrdə kitabının çap olunması azdı. Gərək bu kitaba bir reaksiya da ola axı. Sən indi tanışlıq vasitəsi ilə orda çap olunursan, burda çap olunursan, amma bunun bir reaksiyası varmı? Belə bir fakt olub ki, sənin dünyada çıxan kitabın o ölkənin ədəbiyyatı üçün, mədəniyyəti üçün maraqlı olsun?
kult.az