Müsavat rəsmən parçalanma yolunda

img

28-12-2014 [20:45]


Müsavat Partiyasında yenidən ara qarışıb. Partiya Məclisinin son iclası qarşı duran iki tərəfin bir-birinə sərt ittihamları ilə yadda qaldı. Nisbətən səngimiş kimi görünən qarşıdurmanı alovlandıran isə Müsavatın keçmiş başqanı İsa Qəmbərin ad çəkmədən Qubad İbadoğlunu və tərəfdarlarını hakimiyyətə işləməkdə suçlamasıdır.

Əvvəlcə Məclisin gedişi barədə qısa məlumat. Məclisdə təşkilati işlərə baxılıb. Məclisə yeni sədr və üzvlər seçilib. Yeni sədr Nüşabə Sadıqlı seçilib. Partiyanın yeni başqanı Arif Hacılı keçmiş Divan üzvü Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılmasını təklif edib. O, mövqeyini belə əsaslandırıb ki, Vurğun Əyyub Məclisin toplantılarında qəsdən iştirak etmir və bunu gizlətmir: "Bir gün əvvəl də onu Məclisin iclasına dəvət etmişik. Ancaq o, Məclisə gəlməyəcəyini və özünü Məclis üzvü hesab etmədiyini deyib. Hesab edirəm ki, Məclis üzvü olmadığını bəyan etməsini nəzərə alaraq, onun Məclis üzvlüyündən çıxarılması haqqında qərar verməliyik”.
Arif Hacılının bu təklifini Məclis üzvlərindən Razim Əmiraslanlı və Nemət Kərimli dəstəkləyib. Sabir Məmmədli, Ellada Məmmədli, Arifə Hüseynli və başqaları isə təklifə qarşı çıxıblar. Sonda Arif Hacılı təklifini səsverməyə çıxarmayıb. Deyib ki, Vurğun Əyyubun tərəfdarları onun iclaslarda iştirakını təmin etməlidirlər. Məsələni səsə qoysa, Vurğun Əyyubun Məclisdən çıxarılacağını bilir, lakin etirazları nəzərə alaraq hələlik bundan vaz keçir.

İndi isə Məclisdəki başqa məsələləri arxa planda saxlayan qarşıdurmanın yenidən qızışması barədə. Ocağın üstünə benzin tökən İsa Qəmbərin Məclisdə dediyi bu sözlərdir: "Qurultay yenidən keçirilsə, nə baş verəcək? Kimsə hesab edir ki, qurultayı hakimiyyətin köməyi ilə yenidən keçirməyə cəhd etsə, nə isə əldə edəcək? Bunlar xam xəyallardır. Hakimiyyətlə birləşib partiyaya zərbə vuran şəxsləri necə qiymətləndirək? Heç kim düşünməsin ki, çirkin maraqlarını bəzəməklə mahiyyətini gizlədəcək. 3-5 nəfər hakimiyyətin oyununda iştirak edən müsavatçı var və onlar da özlərini ifşa ediblər. Hər kəs özü üçün nəticə çıxarsın...
Biz partiyanı keçmişə yox, gələcəyə yönləndirməliyik. Ola bilər ki, kimsə hakimiyyətin köməyi ilə partiyanı bir neçə ay keçmişə aparmağa cəhd etsin. Ancaq buna nail olmayacaq”.

İsa Qəmbərin daşı Qubad İbadoğlunun bostanına atdığı ortadadır. Elə Qubad İbadoğlu da cavabını çox yubatmayıb. O da ad çəkmədən İsa Qəmbəri sönmüş fişəngə bənzədib.
"Onlar bizim üçün fişəngə bənzəyir, həm özləri və həm də parlaq izləri çoxdan sönüb. Ona görə də harda və nə deməklərinin mənası qalmır. Azərbaycan ictimaiyyəti kimin kim olduğunu, kimin yalan, kimin doğru danışdığını çox yaxşı bilir. Bizim fəaliyyəimiz partiya nizamnaməsi çərçivəsində davam edəcək və həmişəki kimi partiya üzvlərinin iradəsi ilə hədəflərimizə çatacağıq", - deyə o, "moderator.az”a bildirib.

Qubad İbadoğlunun tərəfdarlarından olan İsmayıl Kəsəmənli isə hakimiyyətə işləməkdə ittiham olunmalarını "utanmazalıq” adlandırıb. "15 il canımızı, gəncliyimizi, sağlamlığımızı, ailəmizi, karyeramzı bu yolda qoyduq ki, sonunda bizə sizlər satqınsınız, işəverənsiniz, hakimiyyətə işləyirsiniz deyəsiniz? Utanmadınızmı heç?
Biz satqınıqsa, siz bizdən də çox satqınsınız! Biz işverəniksə, siz bizdən də çox işverənsiniz! Biz hakimiyyətə işləyiriksə, siz bizdən də çox hakimiyyətə işləyənlərsiniz! Heç düşünürsümü bizi nədə ittiham edirsiz”, - deyə o, facebook səhifəsində yazıb.

İsa Qəmbərin ittihamına Məclisdə məsələsi qaldırılan Vurğun Əyyub da münasibət bildirib. O, "moderator.az” bildirib ki, Müsavat rəhbərliyinin nə deyib, hansı qərar çıxarması onu maraqlandırmır. Çünki yeni başqanı da, Məclisi də legitim saymır. "Diqqətli müşahidəçi aydın şəkildə görə bilər ki, üstümüzə gələnlər əməllərinin qeyri-demokratik, mahiyyətlərinin cılızlığını pərdələmək üçün artıq kif iyi verən "hakimiyyətə işləmək" tezisinə əl atırlar.
Azərbaycan siyasətində elə adamlar var ki, enrjilərini konfliktlərdən, intriqalardan alırlar. Öz varlıqlarını yalnız həmin yolla sübut edirlər", - deyə o, qeyd edib.

Bu hadisələrdə kənar müşahidəçilərin diqqətini çəkən İsa Qəmbərin özünün zərbə mövqeyinə çıxmasıdır. İndi qarşı tərəfə ən ağır ittihamları şəxsən İsa Qəmbər səsləndirir. Qarşı tərəf də cəmisi bir neçə həftə əvvəlki davranışından fərqli olaraq, artıq ona hörmət-izzətlə yanaşmır, birbaşa onun xarizmasını ayaqlamaqdan belə çəkinmir.

Çoxlarında sual yaranır ki, İsa Qəmbər dünənə qədər özünün idarəçiliyi altında olan adamlara qarşı niyə belə bir sərt açıqlama ilə çıxış etdi və ən əsası niyə məhz indi etdi. Məsələn, ReAl hərəkatının icra katibi Natiq Cəfərli tamamilə haqlı görünən belə bir məntiqi nəticəyə gəlir ki, İsa Qəmbər 22 il başqan olduğu partiyanın az qala yarısının hakimiyyətə işlədiyini deyirsə, deməli ya partiyaya tam nəzarət edə bilməyib, ya da partiya daxilində hakimiyyətin adamları olduğunu bilib, amma öz məqsədlərinə görə bunu ört-basdır edib (Natiq Cəfərli fiukirlərini facebook səhifəsində paylaşıb).

Nəhayət, İsa Qəmbərlə Qubad İbadoğlunun niyə məhz indi bir-birinə açıq hücum etməsinin səbəbini iki nüansla izah etmək olar. Qubad İbadoğlu məşhur Batumi olayında Azərbaycan hakimiyyətinin açıq müdafiəçisi kimi çıxış edən qardaşı, QHT rəhbəri Vüqar Bayramovun bu hərəkətini pisləməkdən aşkar şəkildə yayındı. Ölkənin prinsipial müxalif mövqedə duran ictimai-siyasi qüvvələri gözlədi ki, Qubad İbadoğlu məhz onun qardaşının başçılıq etdiyi komandanın Batumidə siyasi məhbuslarla bağlı qətnamənin qarşısını almasına, onların müdafiəsi üçün təşkil olunan sərgini dağıtmasına necə qiymət verəcək. Amma heç bir qiymət olmadı. Onun özünü belə bir zəif mövqeyə salmasını saçını siyasi proseslərdə ağartmış İsa Qəmbər şübhəsiz, əldən verməyəcəkdi. Görünür, o, Qubad İbadoğlunun sırf hökumətin yanında olan qardaşının xətri üçün bu mövzuda susmaqla reputasiyasını zədələdiyini və məhz ictimai rəydə iz buraxan bu olaydan sonra ona "hakimiyyətin adamı” ittihamının havada qalmayacağını hesaba alıb.

Qubad İbadoğunu bir müddət əvvələ qədər hədəfdən kənarda qoyduğu İsa Qəmbəri indi hətta izi-tozu da qalmayan sönmüş fişəngə bənzətməyə ürəkləndirən amil isə yalnız Müsavatın uğursuz 14 dekabr mitinqi ola bilər. Hər halda İsa Qəmbərin özü də bu mitinqə ayrıca çağırış etmişdi və bütün partiya çalışmalarından sonra da meydana heç müsavatçıların özlərini belə çıxara bilməmək çoxları üçün ilk növbədə elə keçmiş başqanın lider kimi iflasından xəbər verirdi. Qubad İbadoğlu da İsa Qəmbərin daha hansısa ciddi sosial bazanı təmsil etmədiyini həmin bir neçə yüz nəfərlik mitinqlə yaqinləşdirmiş kimi görünür və ola bilsin, buna görə də onun ittihamına belə sərt üslubda cavab verməyi məqbul sayır.

Beləliklə, Müsavatda tərəflər arasında ittihamlar daha açıq xarakter alıb. Bu da onu göstərir ki, hər iki tərəf münasibətlərin bir daha düzəlməyəcək səviyyədə korlandığının fərqindədir. Zatən tərəflər artıq bunu da etiraf edir. Məsələn, Müsavat başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəyli bəyan edir ki, Qubad İbadoğlu İsa Qəmbəri sönmüş fişəngə bənzətməklə artıq qırmızı xətti keçib. Qubad İbadoğlunun tərəfdarlarından Məhəbbət Muradov isə İsa Qəmbərin onlara yönəlik "3-5 nəfərdirlər” atmacasına faktiki olaraq yaxın vaxtlarda öz təşkilatlarını elan edəcəkləri ilə cavab verib: "Yaxın zamanlarda Isa Qəmbər də görəcək ki, ADR-də olanlar 3-5 nəfər deyil, bu qurum güclü və köklü bir hərakatdır" (Söhbət Qubad İbadoğlu tərəfdarlarının yaratdığı Azərbaycan Demokratiya və Rifah hərəkatından gedir – red.). Yəni proseslər Müsavatın rəsmən iki yerə parçalanmasına doğru gedir və son qurultayın nəticələri də, özünün açıqlamaları da deməyə əsas verir ki, Qubad İbadoğlu mövcud bazanın yarısını özü ilə aparmağa iddialıdır. Qarşı rətəf isə onun bu iddiasını hələ də yersiz sayır və özünü inamlı göstərməyə çalışır. Tərəflərdən hansının imkanı iddiasına uyğundur, bax bunu gəlib çatmasına çox qalmayan əlahəzrət zaman göstərəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA