YAP-dan seçki açıqlaması

img

26-12-2014 [10:24]


Müxalifət 23 dekabr bələdiyyə seçkilərinin saxtalaşdırıldığını elan etdi. Ölkənin tanınmış siyasi qurumlarının hamısı apardıqları müşahidələrə əsaslanaraq bu qənaətə gəldiklərini xüsusi bəyanatlarla ifadə etdilər. Qeyd edək ki, bələdiyyə seçkilərində iştirak edən müxalifət partiyalarının namizədlərinin ümumi sayı 500 nəfər idi. Müxalifət namizədlərinin əksəriyyətinin qeydiyyata alınmamasını da seçki saxtakarlığının tərkib hissəsi kimi dəyərləndirib. 

15035 bələdiyyə üzvü yerinə hakim Yeni Azərbaycan Partiyasının 16760 namizədi olub. Onlardan 13404 nəfərini partiya, 3356 nəfər isə namizədliyini fərdi qaydada irəli sürüb.
Seçkinin qalibi olan hakim Yeni Azərbaycan Partiyası isə seçkilərin saxtalaşdırıldığı barədə müxalifətin iddialarını əsassız sayır. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirdi ki, seçkidə heç bir saxtakarlıq olmayıb: "Müxtəlif partiyalar bəyanat verirlər ki, seçici fəallığı zəifdir, qanun pozuntuları var. 

Əgər seçkidə iştirak etmirsənsə, cəmi 10-15 namizədlə seçkidə iştirak edirsənsə hardan bilirsən, ölkə boyunca seçkilər nə formada keçirilir? Seçkidə iştirak etmirsənsə, partiya kimi mexaniki müşahidə səlahiyyətin də yoxdur. Bütün bunlar, sadəcə, seçki üzərinə kölgə salmaq cəhdləridir. Topa bülletenlərin atılmasına gəlincə, bəzi rayonlarda bülleten çox böyükdür, çünki bülletendə 57-58 namizədin adı var. Seçici səs verəndən sonra gəlib həmin bülleteni qutuya atanda onu bükməyə məcburdur. Qıraqdan baxanda isə bəzilərinə elə gəlir ki, seçici qutuya bir yox, bir neçə bülleten atır. Seçkilərin saxta keçirildiyi iddialarının əsası, sübutu yoxdur”.

YAP-çı deputat Fəttah Heydərov da seçkinin saxtakarlıqla keçirildiyi haqda deyilənlərin doğru olmadığını bildirib. Teleqraf.com-a açıqlamasında F.Heydərov deyib ki, bələdiyyə seçkiləri yüksək demokratik standartlara uyğun, qanunvericiliyin tələblərinə müvafiq şəkildə keçirilib. Onun sözlərinə görə, bunun üçün lazımi şərait yaradılmışdı: "Mən bələdiyyə seçkilərinin gedişini müşahidə etmişəm. Bundan əvvəlki seçkilərdə olduğu kimi, seçicilər məntəqələrə gələrək öz iradələrini azad şəkildə ifadə edib, istədikləri namizədə səs veriblər. Ümid edirəm ki, seçkilərdə qalib gələrək bələdiyyələrə seçilən namizədlər onlara göstərilən etimada layiq olacaqlar”.

MSK sədri Məzahir Pənahov isə bildirib ki, "Seçkiləri baş tutmuş hesab etmək olar. Seçkilərin nəticələrinə xələl gətirə biləcək müraciət daxil olmayıb.

Seçkinin rəsmi yekun nəticələri isə yanvarın 17-dək elan ediləcək. Dünən seçki dairəsində bələdiyyələr üzrə səsvermənin nəticələrinin müəyyən edilməsi, məntəqə seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında dairə seçki komissiyası protokolunun tərtib olunması və protokolun birinci nüsxəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə MSK-ya təqdim olunması üçün ayrılmış müddət başa çatıb.
Seçki Məcəlləsinin 107.1-107.6, 238-ci maddələrinin tələbinə əsasən, bu sənədlər səsvermə günündən ən geci 2 gün keçənədək MSK-ya təqdim olunmalıdır. 

Bələdiyyə seçkiləri ilə əlaqədar bunun üçün dekabrın 26-dək vaxt ayrılıb. Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyalarının protokollarındakı məlumatların kütləvi informasiya vasitələrində rəsmi dərc edilməsi isə dekabrın 28-dən gec olmayaraq həyata keçirilməlidir. MSK 2015-ci il yanvarın 12-dək seçkilərin yekununu yoxlamalı və təsdiq etməlidir. Seçki Məcəlləsinin 108.2 və 239-cu maddələrinə əsasən bu proses səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində başa çatdırılmalıdır. MSK bələdiyyə seçkilərinin yekun rəsmi nəticələrini 2015-ci il yanvarın 17-dək elan edəcək. Seçki Məcəlləsinin 241-ci maddəsinin tələbinə əsasən bu proses seçkilər günündən başlayaraq ən geci yanvarın 17-dək başa çatdırılmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA