Müsavatdan və AMİP-dən AXCP-yə sərt cavab

img

25-12-2014 [10:50]


AXCP sədrinin müavini Fuad Qəhrəmanlı müxalifətin seçki ilində birliyinin yaranmasından və Müsavatla birlikdən danışarkən deyib ki, ölkədə real müxalifət AXCP və Milli Şuradır. Qalan heç bir qüvvə real müxalifət deyil. Kim müxalifətin birliyində olmaq istəyirsə, Milli Şuraya gəlsin, başqa birliyə ehtiyac yoxdur.

AXCP yetkilisinin özlərindən başqa heç kimi müxalifət hesab etməməsinə Müsavat Partiyasından etiraz edilib. Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı bildirdi ki, Fuad Qəhrəmanlının nə deməsindən asılı olmayaraq Müsavat Partiyası hər zaman olduğu kimi, bu gün də həqiqi demokratik qüvvələrin ön sırasındadır. Müsavat Partiyası demokratik prosesin lokomotividir: "Son günlər AXCP yetkililərinin-özü də hər dəfə eyni adamların ”real müxalifət ancaq AXCP-dir" kimi fikirləri tez-tez səsləndirməsi həmin şəxslərin özləri haqqında ciddi şübhələrə yol açır.

Ola bilsin həmin şəxslər kimlərinsə qarşısında öhdəlik götürüblər ki, "Müsavatla birgə mübarizə aparmayacağıq, arxayın olun”. Ola bilsin Müsavata qarşı gözdənsalma kampaniyasının önündə olacaqları barədə öhdəçilik götürüblər. İllərdir hakimiyyət öz maddi və mətbuat resursları ilə Müsavatı gözdən sala bilməyib. İndi müxalif düşərgədə "təmsil” olunan ayrı-ayrı şəxsləri də bu prosesə qoşublar. Müsavat Partiyasına illərdir olan hücumlar demək olar ki, son zamanlar daha da kəskinləşib. AXCP-nin rəhbərliyinə daxil olan bir neçə şəxs artıq xeyli vaxtdır hakimiyyətdən çox Müsavat Partiyasını tənqid etmək, Müsavata müxalifətçilik etməklə məşğuldurlar. Görünən odur ki, hafiz hacıyevlərlə, etibar hüseynovlarla buna nail olmayan hakimiyyət demokratik düşərgədə təmsil olunan uzantılarını bu işə qoşub".


S.Soltanlı qeyd etdi ki, Müsavat Partiyası hakimiyyətin və onun əlaltılarının antitəbliğatından narahat deyil: "Biz o kəslərin bizə qarşı antitəbliğatından narahat olarıq ki, onların cəmiyyətdə reputasiyası müsbət olsun. Müsavat qarşı cəmiyyətdə haqqında müsbət rəy olmayanların antitəbliğatından narahat deyil. Biz illərdir belə əks-təbliğatın qarşısında duruş gətirmişik, çünki doğru yoldayıq. Biz Azərbaycanda demokratik dəyişikliyi səmimi şəkildə istəyənləri, sivil mübarizə aparmaqla demokratik dəyişiklik istəyən hər kəslə, hər bir təşkilatla əməkdaşlığı normal sayırıq, o cümlədən AXCP ilə. Mümkündür ki, kimlərsə hansısa formada buna etiraz etsinlər, buna qarşı olsunlar. Axı mümkün deyil ki, AXCP kimi bir partiyaya hakimiyyət öz adam(lar)ını yerləşdirməsin. Onlar təbii ki, bu prosesə qarşı olacaqlar. Müsavat istənilən halda demokratik mübarizəsini sona qədər davam etdirəcək, qarşıdan gələn ildə də əsas hədəfimiz parlament seçkilərində ən çox yer qazanan partiya olmaqdır. Hökumətin formalaşdırılmasında əsas siyasi təşkilata çevrilməkdir. Biz arzu edirik ki, xeyli sayda saf və səmimi demokratiya uğrunda mübarizə aparan sıravi üzvləri olan AXCP də bu prosesdə yanımızda olsun.

AXCP üzvü olan dostlarımıza və rəhbərlikdə təmsil olunan dostlara səslənirəm, şübhəli açıqlama verən partiyadaşlarına qarşı təzyiqləri artırsınlar. Həmin şəxslər bu şübhəli açıqlamaları ilə yalnız Müsavata deyil, həm də AXCP-yə zərər vururlar, bütövlükdə isə demokratik prosesi gözdən salırlar".


AMİP katibi Elşən Mustafayev də F.Qəhrəmanlının AXCP-dən başqa heç kimi real müxalifət saymaması və birlik əleyhinə açıqlamasına etiraz etdi: "Nə vaxta qədər ki, siyasi birliklərin yaradılmasına cəhdlər öncədən belə şərtlərin qoyulması, digərlərinin aşağılanması ilə qarşılanacaq, o zaman hər hansı ciddi birliyin yaradılmasından söhbət gedə bilməz. Sözsüz ki, yaradılan birliklərdə olacaq partiyaların nüfuzu, cəmiyyətdə ona olan münasibət və ən əsası siyasi proseslərə baxışlarının üst-üstə düşməsi mühüm rol oynayır. Ancaq bu cür məsələlərdə heç kim özünü bu birliyin aparıcısı, əsas söz sahibi kimi göstərməməlidir. 2015-ci il parlament seçkiləri öncəsi dediyim keyfiyyətləri və kriteriyaları özündə birləşdirən siyasi partiyalar güclərini birləşdirməyə daha ciddi mübarizə aparmağa məcburdurlar”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA