Azərbaycanlı tələbələr Londonda! - Tədbir (FOTOLAR)

img

10-12-2014 [11:58]



Böyük Britaniyanın paytaxtı London şəhərindəki «Royal Holloway» Universitetində fəaliyyət göstərən Azərbaycan cəmiyyəti üzvlərinin təşkilatçılığı ilə universitetdə Azərbaycanı tanıtmaq məqsədi ilə «Azərbaycan gecəsi» keçirilib.

Bu barədə Mia.az-a daxil olan məlumata görə, tədbirdə universitetdə təhsil alan Azərbaycanlı tələbələrlə yanaşı, Türkiyə, Rusiya və Qazaxstanlı tələbələr də iştirak ediblər.

Tədbirdə çıxış edən «Royal Holloway» Universitetinin tələbəsi İlkin Əsgərli Azərbaycanın tarixi, qədim və zəngin mədəniyəti barədə geniş məlumat verərək, bu gün Azərbaycanın qazandığı uğurlardan, ölkədə həyata keçirilən yeni layihələr və abadlıq-quruculuq işlərindən danışıb. O, deyib ki, gələn il ilk dəfə olaraq Avropa Oyunlarının məhz ölkəmizin paytaxtı Bakı şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasının əyani sübutudur: "Hazırda bu beynəlxalq idman bayramına hazırlıqla bağlı böyük işlər həyata keçirilir...".

İlkin Əsgərlinin çıxışı zamanı Azərbaycan Respublikası, onunu mədəniyyət abidələri və ölkədə aparılan abadlıq-quruculuq işlərini əks etdirən slaydlar da nümayiş etdirilib.

Universitetin tələbələri Baba Həmidov, Sura Abdullayeva, Elnarə Hacıyeva isə öz çıxışlarında Azərbaycanın tarixi, onun əzəli torpağı Dağlıq Qarabağ əraziləri, mənfur qonşularımız olan Ermənilər tərəfindən 20%-ə yaxın torpaqlarımızın işğal olunması, bu işğal nəticəsində milyondan artıq soydaşımızın qaçqın düşməsi, işğal altında olan torpaqlarda mədəni abidələrin məhv olunması, bu gün ölkə başçısı tərəfindən həmin ərazilərin azad olunması istiqamətində görülən işlərdən danışıblar.

Almaniyadan gəlmiş gənc müəllim Avropadakı Azərbaycan diasporunun fəallarından olan Rza Kərimov, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin III katibi Ayaz Mustafayev görüş iştirakçıları qarşısında çıxış edərək diasporumuzun fəaliyyəti, görülən işlər və gələcək planlar barədə məlumat veriblər.

Tədbir universitetin tələbəsi Anar Ağayevin ifasında Müslüm Maqomayevin «Azərbaycan» mahnısının ifası ilə yekunlaşıb.

Sonda Azərbaycanlı tələbələr öz xarici dostlarını Milli şirniyyat süfrəsinə qonaq ediblər.






Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA