BDU-nun xidmət rəisi jurnalisti vurdu, cəzasız qaldı - Məhkəmə

img

08-12-2014 [14:07]


Yasamal Rayon Məhkəməsi jurnalist Tapdıq Fərhadoğlunun şikayətini təmin etməyib.

"Turan” agentliyinin və "Amerikanın səsi” radiosunun müxbiri Tapdıq Fərhadoğlu bu il fevralın 20-də Bakı Dövlət Universiteti tələbələrinin aksiyasını işıqlandıran zaman xəsarət alıb. Universitetin mühafizə xidməti rəhbərinin hücumuna məruz qalandan bir neçə gün sonra jurnalistin səhhəti pisləşib, aprelin 10-da o, onurğasından əməliyyat olunub. Yasamal Rayon Prokurorluğu Tapdıq Fərhadoğlunun döyülməsi hadisəsi ilə bağlı cinayət işinə başlamadığına görə jurnalist məhkəməyə şikayət edib. Şikayət ərizəsində Tapdıq Fərhadoğlu onun döyülməsi hadisəsi ilə bağlı cinayət işinə başlamaqdan imtina etmiş Yasamal Rayon Prokurorluğunun müstəntiqi Mübariz Əsədovun qərarının qanunsuz sayılmasını istəyib.

Dekabrın 8-də "Media forum” saytına açıqlamasında Tapdıq Fərhadoğlu deyib ki, Yasamal Rayon Məhkəməsinin hakimi Azər Tağıyev şikayəti rədd edib və bunu belə əsaslandırıb ki, şikayətdə hansı şahidlərin dindirilməli olduğu göstərilməyib: "Halbuki hakim Azər Tağıyev məhkəmə iclasında nümayiş etdirilən videoyazılara baxış zamanı mənə qarşı zor tətbiq olunduğunu və Cinayət Məcəlləsinin 163-cü (jurnalistin qanuni fəaliyyətinə mane olma) maddəsində göstərilən zor hərəkətlərinin törədildiyini etiraf etmişdi”.

Tapdıq Fərhadoğlu apellyasiya şikayəti verəcəyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR