Jurnalistlərin İrana səfəri...- Əflatun Amaşov

img

01-12-2014 [19:47]


"Azərbaycan-İran jurnalistləri arasında yaradılacaq dostluq qrupları öz ölkələrində baş verən olayları operativ şəkildə qarşı tərəfə ötürə biləcək. Qrupun yaradılmasından sonra müştərək səfərlərin təşkili də planlaşdırılır”.

Bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O bildirib ki, iki ölkə arasında sıx əlaqələr mövcuddur. Həmin qrupun yaradılması isə bu əlaqələri daha da inkişaf etdirəcək: "Qonşu ölkələrin ayrı-ayrı qurumları arasında müəyyən əlaqələr olur. Azərbaycan və İran arasında da sıx əlaqələr mövcuddur. Hər iki ölkənin jurnalistlərinin dostluq qrupunun yaradılması bu istiqamətdə fayda verəcək. Belə bir təşəbbüs Azərbaycanda baş verən proseslərin, xüsusilə müstəqillik əldə edildikdən sonra qazanılan uğurların düzgün şəkildə İran ictimaiyyətinin diqqətinə çatdırılmasına xidmət edəcək”.

Prosesin təktərəfli olmayıb hər iki ölkə vətəndaşlarının bir-birini daha yaxından tanınmasına xidmət edəcəyini vurğulayan Ə.Amaşov qeyd edib ki, bu vasitə ilə Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın həyat şəraiti ilə tanış olma imkanı yaranacaq: "Eləcə də bu vasitə ilə İranda baş verən hadisələrdən daha operativ şəkildə məlumat almaq mümkün olacaq. Qeyri rəsmi məlumatlara görə, İranda 30 milyon azərbaycanlı yaşayır. Onların həyat tərzi ilə tanışlıq, həmin bölgələrə Azərbaycan jurnalistlərinin səfərlərinin təşkili baxımından kifayət qədər önəm kəsb edə bilər. İnanıram ki bu cür qrupun yaradılması iki ölkə arasındakı əlaqələrin daha da möhkəmlənməsinə vəsilə olacaq”(Simsar.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR