"Ağsaqqal özünü itirmir, tez cibindən iki qoz çıxarıb,..."

img

01-12-2014 [16:32]


Emin Tarverdiyev email: [email protected]

Bir şey qalmır. Cəmi on gün. On gün sonra hər şeyə aydınlıq gələcək. Amma hamımızın istədiyi bir şey var: pley-offa vəsiqəni təmin etmək. "Qarabağ" bunu bacarmalıdı. Ən azı daşıdığı ada, Azərbaycan birincisi olduğuna, Qafqazın "Barselona"sı adlandırıldığına görə.

İtaliya "İnter"i klubların reytinq sıralamasında 23-cü pillədə qərarlaşıbsa, "Qarabağ" 158-ci yerdədi. Fərq çox böyükdü, hə? Nə olsun? Nə olsun ki, Ukrayna "Dnepr"i 60-cı, Fransa "Sent-Etyen"i 114-cü yerin sahibidi? Bunlar hamısı "vozdux"dan başqa bir şey deyil. O reytinq cədvəlinə qalsaydı, "Qarabağ" qrupda indi 4-cü pillədə qərarlaşmalı idi. Amma baxın, onlar harda, biz harda? Burda azarkeş amili, bir nöqtəyə döyəcləyən "Qarabağ", Qurban Qurbanov və "Qarabağ" rəhbərliyinin böyüklüyü danılmazdı.

İndi bütün gözlər "Qarabağ"a dikilib, bütün ümidlər "Qarabağ"a yönəlib. Psixoloji basqı yenə "Qarabağ"ın üstündədi.

Gülüş "C" vitamindi. Ta qədimdən, dərman yaranandan deyiblər bu kəlməni. Ona görə də, bir lətifəylə "Qarabağ" futbolçularından xahiş edəcəm ki, üzərlərində olan psixoloji yükü atsınlar və "İnter"ə kim olduqlarını göstərsinlər.

"Bir qız bir oğlanındı" deyib atalar. Günlərin birində bir oğlan valideynlərini kənddə sevdiyi qızın qapısına elçi göndərir. Valideynlər gedir, söhbət-filan, oğlanın atası mövzuya giriş edəndə qızın atası işarə edir, süfrəyə soğan gətirirlər. Oğlan atası soruşur ki, bəs, bu nədi? Qızın atası cavab verir ki, bu bizdə adətdi, qızı vermək istəməyəndə süfrəyə soğan qoyuruq, yəni ki, razı deyilik. Valideynlər kor-peşman geri qayıdırlar. Bir həftə sonra yenidən bunlar elçi gedir, amma bu dəfə kəndin ağsaqqalını da özləriylə elçiliyə aparırlar. Yenə ordan-burdan söhbət edəndə kəndin ağsaqqalı mövzuya keçid alır. Bu dəm qızın atası işarə edir, yenə də süfrəyə soğan gəlir. Ağsaqqal soruşur ki, bu nədi? 

Qızın atası deyir ki, bizdə adətdi, qızı verməyəndə süfrəyə soğan qoyuruq ki, yəni razı deyilik. Ağsaqqal özünü itirmir, tez cibindən iki dənə qoz çıxarıb qoyur soğanın yanına.

 Qızın atası soruşur ki, bəs bu qoz nədi? Ağsaqqal da qayıdır ki, bu da bizdə adətdi.

Yəqin ki, başa düşdüz. İndi gəlin biz də özümüzü "oğlan evi" kimi aparaq, "sınmayaq". Onlar - "İnter" xal verməyə bilər, amma biz bunu onlardan almağı bacarmalıyıq.

Bacardığını əldə edənədək, "Qarabağ"!

komanda.az

Digər xəbərlər
SON XƏBƏRLƏR