24-11-2014 [20:41]
Azərbaycanın hava sərhədinin təpədən-dırnağadək silahlanmış uçan hərbi obyektlər tərəfindən kobudcasına pozulması müstəqil bir dövlət üçün narahatlığa əsas verən kifayət qədər ciddi faktdır. O üzdən bu faktın təfərrüatları və şərhi istər siyasi, istərsə də ictimai baxımdan peşəkar münasibət tələb edir.
HƏR HALDA: ölkənin silahlı təcavüz nəticəsində xaincəsinə pozulmuş hüdudlarına, hansısa naməlum insan ayağı ilə yenidən müdaxilə olunmayıb; Azərbaycan əsgəri də öz həyət-bacasında oynayan, münaqişənin nə olduğunu bilməyən dinc sakinə - uşağa güllə atmayıb...
Söz təkcə vaxtına çəkmir; sözün həm də yerinə çəkmək məqamı var: yəqin unutmamısınız, söhbət hələ 2011-ci ildə, özü də martın 8-də (!) və Ağdamda (!) erməni snayperi tərəfindən öldürülmüş doqquz yaşlı Fariz Bədəlovdan gedir. Bu qətlin Beynəlxalq Qadınlar Bayramı günündə törədilməsi, tam əminəm, bəşəri anlamda, bir erməni əsgərinin ana-bacısına, qohum-əqrabasına, nəhayət, körpə balalarına və özünə verə biləcəyi ən böyük "hədiyyə", ən yüksək "qiymət"dir...
İndi də həmin koordinatlarda manevr edən yağı, Allah bilir, daha neçə nəfər dinc Azərbaycan sakinini - körpə uşaqları hədəfə almaq niyyətilə "havalanıbmış..."
Hər halda, yurdumuzu yağmalamış düşmən özünü bu görkəmdə, bu imicdə, bu xislətdə bizə təqdim edir.
Düşmən özünü bu görkəmdə, bu imicdə, bu xislətdə bizə tanıtmaqla, həm də mənəviyyatımızı, mənimizdəki insani keyfiyyətləri də bir növ təhdid obyektinə çevirir: doqquz yaşlı günahsız uşağı hədəfə almaqla, tətiyi çəkməklə, eyni zamanda bizim nə vaxtsa ona qarşı bəsləyə biləcəyimiz humanizmi, mərhəmət duyğularını da hədəfə alır, sınağa çəkir; bizim nə vaxtsa ona qarşı bəsləyə biləcəyimiz humanizmi, mərhəmət duyğularını da ən son həddədək məhdudlaşdırır.
Deməli, onun məkrli niyyətinin arxasında yalnız torpaq iddiası dayanmır, həm də biz dayanırıq, həm də bizim yerüstü, yeraltı sərvətlərimiz, həm də bizim maddi-mənəvi dəyərlərimiz dayanır! Azərbaycan dayanır!..
Söhbətin bu qədər ciddi və mürəkkəb məqamında nadanlığı dərmanı olmayan qüsur kimi xarakterizə edən Kantı alqışlayıram və qədim yunanların müdrik bir kəlamını xatırlayıram: ləyaqət hissi Allahın insana verdiyi ən son ali keyfiyyətdir. Bu gün mən o keyfiyyəti günün günorta çağında belə, nə illah eləyirəmsə, erməni əsgərində tapa bilmirəm.
Buna kimsədə şübhə olmasın - fakt daşlaşmış həqiqətdir!
Həqiqət demişkən, hava sərhədimizin düşmən tərəfindən pozulması və bunun kütləvi informasiya vasitələrində əməlli-başlı rezonans doğurması da günümüzün narahatlıq yaradan reallıqlarındandır. Ən azı ona görə ki, bu fakt hərbi sahədə baş verən, yaxud baş verə biləcək hər hansı insidentə istər intellektual, istərsə də yaradıcılıq baxımından yanaşma imkanlarımızı fiksə etdi və bir sıra vacib məqamlara aydınlıq gətirdi.
Kiminsə xətrinə dəymək, ürəyini sındırmaq niyyətindən tamamilə uzaq mövqedə, yəni, həmkarlarımla sadəcə eyni sırada dayanmaq şərtilə, bir səmimi etirafımı da bölüşmək məcburiyyətindəyəm: biz - soyuq müharibənin döyüşçüləri öz cəbhəmizin gözlənilən və gözlənilməz olaylarına hələ də tam hazır deyilik;
ən əsası: biz - soyuq müharibənin əsgərləri öz cəbhəmizin döyüş taktikasını hələ də tam mənimsəməmişik...
Bunun bütün məsuliyyətini informasiya daşıyıcılarının boynuna atmaq, itirilmiş torpaqlara görə hansısa Qarabağ qazisinin yaxasından yapışmaq qədər, bəlkə bir az ondan da çox haqsızlıq olardı. Ancaq soyuq müharibə düşərgəsində külüng vuranlar cəbhədə qazanılacaq qələbənin əsas kontrlarına müəlliflik etmək hüququnu itirmək istəmirlərsə, bəri başdan həvəskar münasibətin qarşısına Böyük Çin Səddi çəkmək zorundadırlar: dördüncü hakimiyyət öz imicini və nüfuzunu yalnız bu yolla - Qarabağ probleminin həllində informasiyanın müəyyənedici əhəmiyyətini bərpa etməklə qoruyub saxlaya bilər.
Bu, soyuq səngərlərdə gecə-gündüz döyüş növbəsində dayanan əsgərin çəkdiyi əziyyətdən də min qat ağır bir işdir, amma və lakin... başqa yolumuz varmı!? Başqa yolumuz yoxdur!
Qələbə yalnız orada - cəbhədə qazanılmır ki!
Qələbə həm də burada - bizim yazı masalarımızın arxasında qazanılır!..
O üzdən kütləvi informasiya vasitələrinin yetkililərini Vətən naminə, Torpaq naminə, Xalq naminə səfərbərliyə çağırıram: lütfən, sıralarınızdakı hər bir kəsə, yalnız öhdəsindən gələ biləcəyi işləri tapşırın və mərhum öndərimizin bu dəyərli nidasını heç vaxt unutmayın: Kim ki, öz biliyindən, bacarığından artıq iddialar edir, o həmişə məğlub olur...
Bu yerdə diqqətinizi maraqlı bir tarixi fraqmentə yönəltmək istəyim də mənə rahatlıq vermir, elə hey özünü gözümə soxur; yəqin ona görə ki, fikrimi bir az da aydın, bir az da sadə dillə çatdırmaq niyyətimdən qaynaqlanır. Beləliklə:
Qədim yunan rəssamı Apulleyin rəsm əsərlərinin sərgisi zamanı bir çəkməçi öz tənqidi fikirlərini müəlliflə bölüşür: Ustad, rəsminizdə çəkmələr düzgün çəkilməyib. İnsafən, Apulley onun iradı ilə sidq-ürəkdən razılaşır. Ancaq bundan daha da ruhlanan çəkməçi özünə sığmır, özündən çıxır və bir az da irəli gedir: dərin "mülahizə"lərilə bu dəfə bütövlükdə rəsmi tənqid atəşinə tutur. Apulley əhvalını pozmur, sakit-sakit köksünü irəli verir, nəhayət, ikicə tutarlı kəlmə ilə onu birdəfəlik susdurur: "Çəkməçi, öz qəlibini tanı!.."
Ancaq o da var ki, indiki məqamda gözləmə mövqeyi tutmaq, bununla da, hər dəfə kim(lər)isə fövqəladə göstərişlər verməyə vadar etmək, təşəbbüsü asta-asta itirmək anlamına gəlir. Hələ bir neçə il bundan öncə Ali Baş Komandanımızın vurğuladığı "biz bütün sahələrdə hücum mövqeyi tutmalıyıq" kimi dəyərli fikri, zənnimcə, imkanlarımızın səfərbərliyi, fəaliyyətimizin daha məhsuldar və daha aktiv fazada təzahürü üçün kifayət qədər tutarlı əsasdır. Qələbə qazanmaq istəyiriksə, yalnız hücum mövqeyinə sahib durmalıyıq, çünki ən etibarlı müdafiə elə hücumdur. Ancaq bu zaman son dərəcə tədbirli və intizamlı olmamız gərəkdi. Axı biz döyüş meydanındayıq. Döyüş meydanında isə, emosiyalara, hisslərə etibar etmək çox təhlükəlidir!
Döyüş meydanında emosiyalara, hisslərə etibar edəndə həlledici amillər öz mahiyyətini və xarakterini itirir, dəyərlər dəyişir: döyüş meydanı heç kimdən icazə-filan istəmədən, özbaşına ŞOU meydanına çevrilir. Əslidə isə: ŞOU meydanında kim(lər)insə iki yüz minlik maşınının, iki milyonluq malikanəsinin... DÖYÜŞ meydanında heç iki quruşluq dəyəri də olmur. İnanın, mən bunun reallıq müstəvisindəki əksilə dəfələrlə üz-üzə gəlmişəm...
O səbəbdən, həyatımızın az qala böyük hissəsini həyasızcasına zəbt etmiş şou ab-havasını heç olmasa Ordu ailəsinə münasibətdə məhdudlaşdırmaq, Ordunu bu təhlükəli virusdan təcrid etmək, zənnimcə, qarşımızda dayanan ən ümdə vəzifədir. Bu işdə uğur qazanmağın yeganə yolu isə, əlbəttə, hər bir kəsin "öz qəlibini tanı"masından keçir. Bu, həm də soyuq ağıla, inamlı mübarizəyə, yağmalanmış TORPAĞIMIZA - sığortalanmış QƏLƏBƏMİZƏ aparan yoldur.
Ancaq ön cəbhədə baş verən son hadisələr və bunun arxa cəbhədəki "gurultu"lu əksi bizi ilk növbədə fərqli bir səhnə ilə üz-üzə qoydu: yersiz, düşünülməmiş təhlükəli məqamlara ip ucu verənlər mənsublarımız tərəfindən təpkisiz qarşılandı. Vəziyyətin əsl mahiyyətini dərk edənlərin öz yaxasını bir kənara çəkməsi isə, meydanın həvəskarlar tərəfindən zəbtilə nəticələndi: emosoyalar, hisslər bu dəfə də ağıla güc gəldi, bu dəfə də ağılı küncə sığışdırdı. Bu dəfə də özümüzü aldatdıq...
Və nəinki Böyük Qələbəyə, heç lokal, ötəri uğurlara belə hazır olmadığımızı nümayiş etdirdik...
Təəssüf...
O ki qaldı hər hansı hərbi informasiyanın mənbəyilə bağlı tənqidi fikirlərimə, onları yalnız müəyyən müddətə (!) təxirə salmaqla, bəlkə, mühafizəkarlığa yol verirəm. Ancaq məni narahat edən bir mühüm məsələnin üstündən sükutla keçmək imkanım, səmimiyyətimə inanın, tamamilə məhduddur.
O üzdən ön xətdə - səngərlərdə mobil rabitə vasitələrilə sözün birbaşa anlamında əsl çəkiliş studiyası qurmuş hərbçilərimizin, xüsusilə, komanda heyətinin yaddaşını, bu təcrübənin acı nəticələrinə eyham vurmaqla yenidən təzələmək məcburiyyətindəyəm.
Düşmənin gözləri onsuz da həmişə iti görür. Qulağınızda tutduğunuz, yaxud, cibinizdə gəzdirdiyiniz o balaca cihaz onun görmə radiusunu o dərəcədə təhlükəli həddədək artırır ki, bu, sizin və sizin tabeliyinizdəkilərin nəinki xidməti karyerası, hətta həyatı bahasına başa gələ bilər.
Mən anlayıram, həyat həmişə ciddidir, ancaq biz həmişə ciddi ola bilmirik. Ancaq tale də həmişə güzəştə getmir, həmişə bağışlamır. Rəhbərliyin bu barədə zaman-zaman verdiyi göstərişləri, tabeliyinizdəkilərin məsuliyyətini və nəhayət, dekarativ döyüş səhnəsində deyil, məhz real cəbhədə, barıt qoxusu verən səngərlərdə, hiyləgər düşmənlə üz-üzə dayandığınızı, lütfən, unutmayın. Özünüzü bir bu qədər ucuz tutmağınızın yeri yoxdu: gələcəyini sizlərdə görən insanların - xalqın etimadı, inamı çox dəyərlidi...
ZƏRURİ SÖZARDI
Yazımı 18-ci əsr fransız filosofu Vovenarqdan bir yarpaq xatirə ilə yekunlaşdırıram və bunun ümumi mübarizədə bizə yardımçı olacağını düşünürəm:
"Mənim cavan bir nökərim vardı. Növbəti səyahətim zamanı köhnə tanışımla nahar etdim. O gedəndən sonra nökərim tanışımın çox ağıllı adam olduğunu bildirdi. Səbəbini soruşdum. Cavabı qısa oldu:
- Ağıllı adam həmişə düz danışır.
- Yəni, başqalarını aldatmır, eləmi?
- Xeyir, cənab, ağıllı adam başqalarını yox, özünü aldatmır..."
Bu zəruri sözardına məkrli və hiyləgər düşmənlə mübarizədə ağılın, soyuqqanlılığın nə qədər böyük yükə sahib olduğunu göstərmək məqsədilə sığındım. YƏNİ: ağılın olmadığı yerdə nadanlığın həmişə meydan suladığını, özünü elm adlandırdığını sadəcə diqqətinizə çatdırmaq istədim. Vəssalam...
İbrahim RÜSTƏMOV,
əməkdar jurnalist, ehtiyatda olan polkovnik-leytenant
musavat.com
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Salyan Aqro Park”ın işçilərinin maaşı niyə ödənilmir? - FOTO
ABŞ və Rusiya savaşacaq? - Medvedev "Rusiya İran və ya İsrail deyil" dedi, Tramp iki dənizaltı nüvə gəmisini yola çıxardı
Türkiyədə təyyarə qəzaya uğrayıb
Baş Şirvan kollektorunda iki nəfər boğulub
Fələstinli fəalı öldürən israilli sərbəst buraxılıb - Cəmi 3 gün ev dustaqlığında olub
İqtisadi Şuranın növbəti iclası keçirilib - Nələr müzakirə olunub?
Putin Lukaşenko ilə görüşdə Zelenskiyə mesaj verdi - Ukrayna lideri isə "Əgər səmimisənsə, hazıram" dedi
AFFA-da mətbuat katibi dəyişikliyi - Mia.az-ın xəbəri təsdiqləndi
ANAMA: iyul ayı ərzində 7 058,9 hektar ərazi minalardan təmizlənib
İYULLA AVQUSTUN “ULDUZ”U BİR ARADA
Qəzzada ölənlərin sayı artıb
"Total” yağ brendinin Azərbaycandakı nümayəndəsi kimi söyüb? - VİDEO
Xaricdə işə düzəltmək adı ilə dələduzluq... - Vəzifəli şəxslərin işi məhkəməyə göndərildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Mərkəzi Bank kartlara məhdudiyət qoyub - İzahat
"Kapital Bank" marketlər üzrə keşbekləri dayandırdı, əvəzində isə... - Rəsmi açıqlama
"Necə olur ki, mən ora gedib heç bir razılaşma əldə edə bilmirəm, amma İsrail..." - Pezeşkianın fərqli siyasətinə söz ardı... (TƏHLİL)
Magistraturaya sənəd qəbulu uzadılıb - Avqustun 4-dək
Emin Əmrullayev Ukraynanın səfiri ilə görüşüb
TƏBİB sədri onlara yeni vəzifələr verdi - SİYAHI
Ceyhun Bayramov İsrailin yeni səfirini qəbul edib: "Azərbaycan sülh prosesinə töhfə verməyə hər zaman hazırdır"
"Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
"Qalatasaray" Osimhen ilə 4 illik müqavilə imzalayıb
DİN-dən əməliyyat: saxlanılanlar var
Fəxrəddin Manafov “Şöhrət” ordeni ilə təltif edillib - Sərəncam
Media reyestri, oxşar adlar... - Prezident qanuna yeni əlavələri təsdiqlədi (Yenilənib)
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident bu qanunlara dəyişiklik etdi + DETALLAR
"Trabzonspor" 3 oyunçu ilə yollarını ayırıb
Çağdaş Atan: "Mükəmmələ yaxın oynadıq"
Ole Qunnar Solskjaer: "İstefa verməyi fikirləşmirəm"
Emerik Obameyanq " Olimpik Marsel" ilə müqavilə imzaladı
Sabah hava necə olacaq? - Proqnoz
Arda Turan: "Beşiktaş"a uğurlar arzulayıram"
Milan Skrinyar: "Burada öz evimdə kimi hiss edirəm"
Nelson Semedo: "Mourinyo ilə çalışmaq üçün səbrsizlənirəm"
"Fənərbağça" Nelson Semedonu transfer etdiyini açıqlayıb
Milan Skrinyar "Fənərbağça" ilə müqavilə imzaladı
ŞIXILINSKİ SƏFİRLİYƏ SIĞINIB - Ailəsiylə birlikdə (MÜRACİƏT)
Şəkidə 860 hektar biçilmiş taxıl və örüş-otlaq sahəsini yandıran şəxslər saxlanıldı
İran istiqamətindən sərhədimizi pozmağa cəhd edən Əfqanıstan vətəndaşları saxlanılıblar
KKKTC liderindən İsrailin adanın işğal planına qarşı açıq mesaj: "Arxamızda Türkiyə var, hər şeyi..."
Deputatın "tender şirkəti"nin sənədi itib, yoxsa...
“Azərbaycan Dəmir Yolları"nın 750 milyon dollar borcu var
Prezident İlham Əliyev Karin Keller-Sutter məktub göndərdi - MƏTN