Fağır kişi və əxlaqsız arvad

img

21-11-2014 [23:43]


Emin Tarverdiyev

"Həngamə Premyer Liqası"nda belə şeylər daim gözləniləndi, amma bu qədər da yox də... Dörd oyun baş tutub, hərəsində bir hoqqa. Daha doğrusu, bir hoqqa yox, min hoqqa. Amma ən böyük "çanaq" AZAL-ın başında partladılıb. Görün nə gündəyik, İlahi! AZAL-ın göz görə-görə 3 xalını əlindən alırlar, "Bakı" - "Qarabağ" oyununda hakim başını qaşıyırmış kimi görüntü yaradaraq, azarkeşlərə, gürcü Kaxaber isə cənubluların məşqçilər korpusuna "orta barmaq" göstərir, Zaqatalada hakimbaşına hücum çəkilir.

Görəsən, Xaqani Məmmədov bir dəfə ayıq başla oturub bunlar haqqında fikirləşirmi? Niyə söyüş sahibi olduğunun fərqindədimi? Bu rəzalətlə hara qədər gedəcəklərini düşünürmü? Ola bilər e, tapşırıq almısan, ta bu qədər ...liklə o tapşırığı yerinə yetirməyə ehtiyac yoxdu axı. Belə də, tapşırıq aldığına inanmıram. Çünki PFL prezidenti Ramin Musayev dəfələrlə deyib ki, hakimə hansısa komandanın udması barədə tapşırıq verən "oğraş"dı. Bu sözü deyən adam sənə nə isə tapşırıq verirmi, hakimbaşı? Ciddi soruşuram, verirmi?

"Qəbələ"ni həmişə centlmen klub kimi tanımışam. Amma deyəsən, "Araz Naxçıvan"ın çempionatdan çəkilməsiylə 6 xalını itirən "Qəbələ"nin başbilənləri Dorinel Muntyanunu komandanın başında saxlamaq üçün "axırıncı yol"a əl atırlar. Vallah, "axırıncı yol"dan başqa heç bir sözü yazmağa əlim gəlmədi. Qınayıram, həm də şiddətlə. Yaraşdırmadım. Sizə lazımdımı belə çirkin hərəkətlər? O klubda işləyən dostlar, inanıram ki, rəhbərliyə başa salacaqsız ki, biz kişi kimi udmadıq, cılız hərəkətlə AZAL-ı üç xalından məhrum etdik.

Amma və lakin... Bu çirkinliyin, "qəhrəmanlığ"ın başında duran yeganə və tək insan var ki, yenə də Xaqanidi. Xaqani və onun "drujina"sı "dobro" verməsəydi, "Qəbələ" üç xalı meydanda döyüşməklə qazanardı, daha bir xalı sığortalamaq üçün cılız oyunlara əl atmazdı.

Günlərin birində sahibi - əri başqa vilayətə alver üçün gedən bir evin qapısı gecə vaxtı döyülür. Evin xanımı qapını açır ki, yaraşıqlı bir oğlandı, soruşur ki, nə lazımdı? Oğlan deyir ki, bəs "qonağam, qaranlıq olduğu üçün yoluma davam edə bilmədim, ona görə də yaxınlıqda olan ev kimi sizin qapını döydüm". Qadın cavab verir ki, "ərim evdə yoxdu, amma qapımızı döymüsən, keç evə". Gecə yatanda qadın gətirib iki döşəyi yan-yana salır, yatırlar. Gecə özünü "dürtür" oğlanın yanına. Nəfs pis şeydi, oğlan da eləmir tənbəllik, səhərə qədər kef çəkir bu xanımla. Səhər açılır, oğlan gedir. Bu haqq-hesabdan iki ay sonra qadının əri qayıdır. Qadın tez ərinə deyir ki, bəs evə qonaq gəlmişdi, ta gec idi, yer saldım yatdı, səhər də durub dua edə-edə getdi. Qadının da əri çox saf, abırlı, əxlaqlı adam olduğundan, deyir ki, hə, lap yaxşı, düz eləmisən. Dörd ay sonra kişi görür ki, qadının qarnı artıq burnuna dəyir. Soruşur neçə aylıqdı? Qadın da deyir ki, 6 ay. Kişi barmağını dişləyir, amma əxlaqı imkan vermir ki, qadına desin ki, mən o müddətdə evdə olmamışam, nə qələt etmisənsə qonaqla etmisən. Kişinin dillənmədiyini görən arvad başlayır ki, gəl, ad seçək. Kişi deyir qoy uşaq olsun, ad qoyarıq. Arvad iki ayağını geyinir bir başmağa ki, yox ee, ad seçməliyik bu gün, vəssəlam. Əri bezir, deyir sən nə ad fikirləşirsən? Qadın deyir: "Bildi, bilmədi". Bunu eşidəndə kişi "dozalanır", arvadın bütün nəslini yığır gözünün qabağına, deyir "ay "oğraş"ın qızı, "bildi, bilmədi" yox eee, "bildi, dinmədi".

Halına acıdığım AZAL-dı. İndi "təyyarəçilər" o fağır, əxlaqlı kişi obrazını yaradır - "bildi, dinmədi". Bəs sizin özünüzə nə gəlib? Adamda ən azı vicdan deyilən bir şey var. Amma Ömər Paşayevdə bunu görmədim. Lap tapşırıq almısan, bu qədər də ...liyə getmək olmaz axı. Çulunu sudan çıxarmaqdan ötrü deyə bilərsən ki, görməmişəm. Görməyəcəkdinsə də hakimlikdə nə..

Ən düzünü "Araz Naxçıvan" etdi. Dedi "çəkilirəm" və getdi. Belə yerdə oynamaqdansa, oynamamaq yaxşıdı.

komanda.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA